Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:02

Rusiya neft təchizatını azaltmağı dayandıra bilər – Qərb mediası


Rusiyada neft platforması
Rusiyada neft platforması

Səudiyyə Ərəbistanı Rusiyanı inandırmağa çalışır ki, neft təchizatını məhdudlaşdırmaqla bağlı razılaşmadan çıxmasın. Amma Moskva bu razılaşmanın yalnız üç aylıq uzadılmasına qol qoya bilər. Bunu “Reuters” agentliyi məsələdən xəbərdar üç mənbəyə istinadla bildirir.

Rusiyanın Enerji naziri Alexander Novak ayın əvvəlində Bakıda görüş zamanı səudiyyəli həmkarı Khalid al-Falih-ə deyib ki, təchizatın bu ilin sonunadək azaldılmasına təminat verə bilməz. “Novak Falihə deyib ki, iyunda razılaşmaya qoşula bilər, amma bunu yalnız sentyabrın sonunadək edə bilər, məhdudiyyəti dayandırmaqdan ötrü ona daxildən böyük təzyiq var”, – Rusiyanın neft siyasətinə bələd mənbə deyib.

OPEC, Rusiya və OPEC-ə üzv olmayan neft hasilatçıları (OPEC+ alyansı) dekabrda belə bir razılığa gəliblər ki, yanvarın 1-dən altı ay müddətinə gündəlik hasilatı 1,2 milyon barrel azaltsınlar. “İyunda görüşərək daha üç aylığa uzada bilərik və sonra yenidən uzatmağa ehtiyac olub-olmadığına baxacağıq”, – OPEC-dəki mənbə söyləyib.

Aleksandr Novak (solda) və Khalid al-Falih Rusiyada, arxiv fotosu
Aleksandr Novak (solda) və Khalid al-Falih Rusiyada, arxiv fotosu

OPEC+ alyansı 2017-ci ildə yaradılıb. Üzv ölkələr hasilatı ciddi şəkildə azaltmağa başlayınca neftin barrelinin qiyməti 60 dolları keçib. Amma Rusiya sözügedən razılaşmadan çıxarsa, neftin qiyməti düşə bilər. Rusiya çıxarsa, Səudiyyə Ərəbistanı və OPEC-in digər üzvləri hasilatın azaldılmasını davam etdirməyi nəzərdən keçirməli olacaqlar, OPEC-dəki mənbə deyib.

Amma mənbələr onu da əlavə edirlər ki, Rusiyanın sərt mövqeyinin danışıq taktikası, yoxsa razılaşmadan çıxmaq üçün real təhdid olub-olmadığı bilinmir. Çünki Novak getdikcə Rusiya neft şirkətlərinin artan təzyiqilə üzləşir, onlar daha hasilatı məhdudlaşdırmaq istəmirlər.

Luvr piramidasının 30 illiyidir

Vaxtilə arxitektur “ədəbsizlik” adlanırdı, amma bu gün – martın 29-da 30 yaşı tamam olan Luvrun şüşə piramidası Fransa paytaxtının əziz-xələf ikonasına çevrilib, “Frans Pres” agentliyi yazır.

Luvr muzeyi
Luvr muzeyi

Fransa Prezidenti Francois Mitterrand-ın mədəniyyət naziri Jack Lang ilk dəfə piramidayla bağlı planları açıqlayanda tanınmış bir yazar küçələrdə üsyana çağırmışdı. İndi isə bu abidə çinli-amerikalı memar I. M. Pei-nin şah əsəri sayılır.

Bir satirik jurnal isə piramidanı məqbərəyə bənzətmiş, xərçəngdən əziyyət çəkən Mitterrand-ın “tariximizin ilk fironu olmaq istədiyini” yazmışdı.

Gələn il Pei-nin 102 yaşı tamam olacaq. O, “küçələrdə qəzəbli baxışlarla rastlaşdığını” yada salır, deyir ki, o vaxt parislilərin 90 faizi layihəyə qarşı çıxırdı.

Bir neçə gün ərzində dünyanın ən məşhur küçə rəssamlarından olan JR 30 illik yubileyi qeyd etmək üçün 400 könüllünün iştirakıyla nəhəng kollaj yaradacaq, agentlik yazır.

2021-ci ildən plastik qablar yasaqlanır

Avropa Parlamenti 2021-ci ildən birdəfəlik plastik qabların, nazik plastik paketlərin, pambıqlı çubuqların istifadəsinə qadağa qoyub. Martın 27-də keçirilmiş səsvermədə qərarın lehinə 560, əleyhinə 35 deputat səs verib. İndi bu qanunları Avropa Birliyinin bütün üzvləri təsdiqləməlidir.

Plastik qablar
Plastik qablar

Artıq belə bir qadağa Kaliforniyada mövcuddur, restoranlarda plastik çöplərlə içki verilmir.

Qanunu irəli sürənlər bunu AB ərazisində dəniz sularının çirklənməsilə izah edirlər. Avrokomissiyanın məlumatına görə, Avropa çimərliklərindən yığılan zibilin yarısını birdəfəlik məhsullar təşkil edir. Dünya okeanındakı zibilin 70 faizi isə plastik məhsulların payına düşür.

Digər ölkələrə baxanda, AB-də plastik tullantı emalı texnologiyası hazırlanıb. Amma yenə də üzv ölkələrdə plastik tullantıların yalnız dörddə biri emal olunur. Qəbul olunmuş qanun sayəsində AB 2029-cu ilədək daha çox plastik emal etmək öhdəliyi götürəcək.

Qanunun ayrıca bir bəndi siqaret kötüklərinə aiddir: tütün şirkətləri onların yığışdırılıb yandırılması öhdəliyi götürür. Qanun müəlliflərinə görə, siqaret kötükləri plastikdən sonra ikinci ən çox yayılan zibil növüdür, onlarla bağlı da tədbir görülməlidir.

XS
SM
MD
LG