Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

'Sahibkarlar yazıq, miskin gündədir'-deputat (Media icmalı)


Yanğından zərərçəkənlər etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:06:27 0:00

Yanğından zərərçəkənlər etiraz edirlər

Prezidentin islahatlarla bağlı açıqlaması, «Diqlas» Ticarət Mərkəzində yanğından doğan müzakirələr, Qobustan rayonunda yeni doğulan heyvanlar arasında ölüm hallarının artması və başqa məsələlər medianın mövzularındandır...

Dövlət ziyanı ödəsinmi, ödəməsinmi?

Modern.az saytında «Deputatlardan «Diqlas olayı» haqda sərt çıxış: Məsuliyyət obyekti icarəyə verənlərin üzərindədir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, martın 26-da Bakı şəhəri, Qara Qarayev prospektində yerləşən «Diqlas» Ticarət Mərkəzində baş vermiş yanğın bir sıra problemləri üzə çıxarıb.

Müəllifin bildirməsinə görə, məlum olub ki, obyektdə yanğından mühafizə olunmaqdan ötrü yetərli ehtiyat tədbirləri görülməyib, icarədarların bəziləri ilə müqavilə imzalanmayıb və mağaza sahiblərinin çoxunun sığortası yoxdur.

Deputat Rasim Musabəyov bildirib ki, indiki halda dövlətin «Diqlas» Ticarət Mərkəzində yerləşən mağazaların sahibləri qarşısında heç bir öhdəliyi yoxdur: «Camaat bir çox hallarda ucuzluğa qaçır. Əsas icarə haqqı az olsun, sığorta da, yanğından mühafizə də lazım deyil. Sonradan bir xəta baş verəndə hamı deyir ki, dövlət kompensasiya versin. Hansısa formada sahibkarlara kömək mütləq olacaq. Amma sahibkarlar belə durumlardan sonra nəhayət, nəticə çıxarmalıdırlar».

Mərkəzdə təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlı deyilənlərə gəldikdə isə, deputat hesab edir ki, bu məsələdə «Diqlas» rəhbərliyinin də məsuliyyəti var.

Deputat Fazil Mustafanın sözlərinə görə isə, sahibkarların zaman-zaman bu cür problemlərlə qarşılaşmasını əngəlləməkdən ötrü mülkiyyətə münasibətin sabit olduğu ölkə qurulmalıdır: «Sahibkarlar hamısı yazıq, miskin gündədir. Sığorta olunmayıb, müəyyən yerləri «talkuçka» adlanan ərazilərdə icarəyə götürürlər. Onlara deyilir ki, sənə mülkiyyət kağızı veriləcək, bir neçə il sonra. Halbuki, həmin yer artıq onundur, mülkiyyət kağızını vermək lazımdır ki, sığorta kağızını ala bilsin».

Mal-qara
Mal-qara

Yeni doğulan heyvanlar kütləvi şəkildə ölür

Oxu.az saytında «Qobustanda heyvanlar kütləvi şəkildə ölür» sərlövhəli yazı yer alır.

Yazıda vurğulanır ki, Qobustan rayonunun Poladlı kəndində son bir həftədə 10-dan çox yeni doğulmuş quzu və buzov tələf olub.

Sayta daxil olan məlumata görə, xəstəliyin ötən ilin dekabr ayından müşahidə olunduğu bildirilir: «Kənd sakini Araz Rüstəmovun təsərrüfatında baş verən ölüm halları artıb. Rayon Baytarlıq İdarəsinin həkimləri tərəfindən heyvanlara baxış keçirilib. Xəstə heyvanlardan götürülən nümunələr Dövlət Baytarlıq Xidmətinin Şamaxı şəhərində yerləşən laboratoriyasına göndərilib».

Yazıda qeyd edildiyinə görə, məlum olub ki, heyvanların kütləvi ölümünə səbəb paratif xəstəliyidir: «Bu zaman heyvanlarda qızdırma, titrəmə, ishal kimi hallar müşahidə olunur. Xəstəlik qısa zamanda ölümlə nəticələnir».

A.Rüstəmov deyib ki, baytarın məsləhəti ilə alınan dərman heyvanların xəstəliyinə çarə olmayıb.

«Hazırda heyvanların kütləvi ölümü davam edir. Son 3 ayda 65-dən çox yeni doğulmuş iri- və xırdabuynuzlu heyvan ölüb. Heyvan sahibi isə yoluxucu xəstəliyin bütün kəndə yayılmasından narahatdır. Xəstəliyin qarşısının alması üçün sahibkar aidiyyəti qurumlardan kömək gözləyir», - yazıda qeyd olunur.

İ.Əliyev
İ.Əliyev

«İslahatlar...»

«Azərbaycan» qəzetində «İslahatlara alternativ yoxdur» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, xalq bu il də Novruz bayramını xoş ovqatla keçirdi. Yazıda vurğulanmasına görə, builki Novruza ayrıca xoş ovqat qatan başqa səbəblər də olub. Müəllif qeyd edib ki, hələ fevral ayında minimum əməkhaqqının, əmək pensiyalarının minimum məbləğinin, sosial müavinətlərin, tələbə, magistr və doktorantlara verilən təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması bütün ictimaiyyətdə razılıqla qarşılanıb: «Mart ayından isə əməkhaqqı, pensiya və sosial müavinətlər artımla verildi».

Müəllifə görə, artıq 2018-ci ilin ikinci yarısından başlayaraq ölkədə islahatların dəqiqləşdirilməsi və ardıcıllığı haqqında geniş işlər aparılıb: «Bu ilin fevral ayında isə İlham Əliyev təxminən 3 milyon vətəndaşı əhatə edən bir sosial paketi elan etdi...».

Yazıda qeyd edilir ki, həmin paketdə yalnız minimum əməkhaqqının, əmək pensiyalarının minimum məbləğinin, müavinət və təqaüdlərin artırılması yer almayıb: «Həmçinin məcburi köçkünlərə verilən müavinətlərin artırılması, problemli kreditlərə son qoyulması, yeni inşa olunmuş binalardakı mənzillərin sənədləşdirilməsi kimi vətəndaş məmnunluğuna yol açan məsələlər daxildir».

Müəllif yazıb ki, prezident İlham Əliyev Novruz bayramı münasibətilə təbrikində növbəti islahatların da anonsunu verib.

Yazının sonunda isə oxuyuruq: «Dövlət başçısının elan etdiyi yeni islahatların isə təhsil və səhiyyədə dəyişikliklərə yol açacağı şübhəsizdir. Bütün bunlar sözügedən sahələrdə inkişafa və vətəndaş məmnunluğuna yol açmaqla yanaşı, ölkəmizi dünyaya fərqli şəkildə təqdim etməyə imkan verəcək».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG