Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Ukrayna seçkisində Rusiya amili – Qərb mediası


Prezident və prezidentliyə namizəd Petro Poroshenko-nun seçki plakatı
Prezident və prezidentliyə namizəd Petro Poroshenko-nun seçki plakatı

Bu həftəsonu – martın 31-də Ukraynada prezident seçkisi keçiriləcək. Gallup sorğu mərkəzi prezidentliyə namizədlərin çoxunun sərgilədiyi anti-Rusiya ritorikasının on il öncə ağlagəlməz olduğunu yazır. O zaman ukraynalılar Kremli daha çox dəstəkləyirdilər. Rusiya beş ildir Krımı ilhaq edib, Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında savaş bitmək bilmir. Ötən il ukraynalıların cəmi 7 faizi Rusiya rəhbərliyini dəstəklədiyini bildirmişdi.

Avropaya daha sıx əlaqələri olan ərazilərdə Rusiyaya qarşı əhval da yüksəkdir. Şimal və Mərkəzi ərazilərdə (Kiyev daxil olmaqla) yaşayanların cəmi 3 faizi Rusiya rəhbərliyini dəstəkləyir. Rusdilli Şərq və Cənub (buraya Krım və separatçıların nəzarətində olan regionlar daxil deyil) regionlarda isə Rusiyanın reytinqi 12 faizdir, hər 10 nəfərdən yeddisi (69%) Rusiyanın liderliyini dəstəkləmir.

Prezidentliyə namizəd Yulia Tymoshenko-nun seçki kampaniyası
Prezidentliyə namizəd Yulia Tymoshenko-nun seçki kampaniyası

Rusiyayla münasibətlər namizədlərin çoxunun diqqətindədir, onlar Rusiyaya qarşı çıxdıqlarını seçki kampaniyalarının hədəfinə çeviriblər, Qərblə daha isti münasibətləri təbliğ edirlər, Avropa Birliyi və NATO-ya üzvlükdən danışırlar.

Gallup bildirir ki, hazırda Ukraynada yetkin yaşlıların təxminən yarısı (47%) Almaniyanın rəhbərliyini, 28 faizi isə ABŞ rəhbərliyini dəstəkləyir.

Elə namizədlər də əhalinin bu damarını “tutaraq” Rusiyaya qarşı ritorikanı gücləndirirlər. “Əgər namizədlər çoxlarının hazırkı hökumətlə assosiasiya etdiyi korrupsiya və səmərəsizliyə üstün gələcəklərinə seçiciləri inandırmaq istəyirlərsə, bu ritorikanı əməli təkliflərə çevirməlidirlər”, – Gallup bildirir.

İİKK-nı dəstəkləyən şəbəkə sanksiyalar altında

Birləşmiş Ştatlar martın 26-da İran, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində şirkətlər və fərdlərin daxil olduğu şəbəkəyə yeni sanksiyalar tətbiq edib. Bu şəbəkənin İranın elit İnqilab Keşikçiləri Korpusuna milyardlarla dollar transfer etdiyi bildirilir.

Arxiv fotosu
Arxiv fotosu

ABŞ Xəzinədarlığı 25 adam və şirkəti qara siyahıya salıb. Siyahıda banklar və digər maliyyə qurumları, Ansar Bank, Atlas Exchange, Iranian Atlas Company var.

Maliyyə naziri Steven Mnuchin bəyanatında deyib ki, İİKK və Müdafiə Nazirliyi və Silahlı Qüvvələr Logistikası sanksiyalardan yayınaraq İran hökumətinin Yaxın Şərqdə terrorçuluğu maliyyələşdirməsinə və sabitsizlik yaratmasına kömək edib.

Prezident Donald Trump ötən il İranla 2015-ci il nüvə sazişindən çıxandan sonra Vaşinqton Tehrana sanksiyaları bərpa edib. İİKK-nın xarici qanadı olan Qüds qüvvələrinə də yeni sanksiyalar tətbiq olunub.

İİKK İranın ən güclü təhlükəsizlik qurumudur, ölkə iqtisadiyyatında böyük paya, siyasi sistemdə böyük nüfuza malikdir.

ABŞ qüvvələri Əfqanıstandan çıxarsa...

ABŞ Prezidenti Donald Trump Əfqanıstandakı hərbçiləri çıxarmazdan öncə əsgərlərin oraya 18 il öncə niyə göndərildiyini, bundan öncə iki prezident dönəmindən keçdiyini yada salmalıdır. “The National Interest” portalında Ahmed Charai 2001-ci ilin 11 sentyabr terrorunun məhz Qəndəharda kərpic evdə Khalid Sheikh Mohammed və Osama bin Laden tərəfindən planlaşdırıldığını xatırladır.

Qəndəhar yaxınlığında ABŞ əsgərləri
Qəndəhar yaxınlığında ABŞ əsgərləri

Prezident Trump deyib ki, ABŞ-ın hərbçilərinin ölkədən çıxarılması Əfqanıstan hökumətinə təhlükəsizlik təminatıyla şərtləndiriləcək. Bu lazımdır, amma yetərli deyil.

ABŞ siyasətçiləri SSRİ-nin 1988-89-cu illərdə Əfqanıstandan və Amerikanın özünün 1973-cü ildə Vyetnamdan çıxmasını öyrənməlidirlər. Bu tarixi hadisələrin bir neçə dərsi var: ölkədən çıxarılma yalnız zorakılığı artırır, müxtəlif fraksiyalar hakimiyyət uğrunda mübarizəyə başlayır. Birləşmiş Ştatlar belə bir cədvəl qoymamalıdır, qüvvələrin çıxarılmasını qarşı tərəfin spesifik, dönməz hərəkətləri ilə əlaqələndirməlidir.

Bundan başqa, Birləşmiş Ştatlar bütün tərəflərin danışıqlarda iştirakını təmin etməlidir, Əfqanıstanla həmsərhəd Pakistan, Çin, Rusiya və İran da buraya daxil olmalıdır. Çinlə Rusiya Əfqanıstanın radikal islamçılar üçün təhlükəsiz sığınacağa çevrilməsinin əngəllənməsiylə bağlı Amerikanın marağını paylaşır; axı, onların hər ikisi radikalların terror hücumlarından əziyyət çəkib”, – müəllif yazır və İranla Pakistana gəlincə, məsələnin qəlizləşdiyini vurğulayır. Belə ki, bu iki ölkənin ikisi də Amerikanın Əfqanıstandan çıxdığını alqışlasa da, heç biri bu ölkənin müstəqilliyinə sadiq deyil. Hər iki ölkə on illər boyunca Əfqanıstan daxilindəki qüvvələri maliyyələşdirib. “Əslində, Pakistan Əfqanıstanın terrorçulara dözümlü yanaşmasına tərəfdardır, çünki bu halda özünün maliyyələşdirdiyi anti-Hindistan terrorçulara təhlükəsiz bazalar təmin etmiş olar”, – məqalədə deyilir.

XS
SM
MD
LG