Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:34

'Biznes siyasətdən və idarəçilikdən ayrılmalı'-Media icmalı


Alatava
Alatava

Bu ilin fevralında ölkənin Şirvan bölgəsində baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlər, II Alatavada sakinlərin problemləri, ictimai-siyasi vəziyyətə dair müzakirələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Nə məktəb, nə xəstəxana, nə də uşaq bağçası var...»

«Yeni Müsavat» qəzetində ««Dağlı məhəlləsi»nin dağılan yolları və öz puluna asfalt döşəyən sakinlərin dərdi…» sərlövhəli yazı oxumaq olar.

Müəllif Bakının şimal girişində, «Şamaxinka» kimi tanınan ərazidə yerləşən və «II Alatava» adlanan yaşayış massivinin vəziyyətindən bəhs edir. «Alatava darısqal, keçilməz yolları olan, metronun «20 Yanvar» stansiyasından 2-3 kilometr aralıda yerləşən ərazidir. Burada iki maşın yan-yana keçə bilmir, mütləq biri, o birinə yol verməlidir. Üstəlik, Alatava dik və təpə massivdir... Qarlı günlərdə maşın sürmək mümkün olmur».

Yazıda Alatava sakinlərinə istinadən vurğulanır ki, burada yolların bir hissəsi əhalinin xərci hesabına asfaltlanıb. Müəllifin qeyd etməsinə görə, qəsəbənin qalan yolları bərbad vəziyyətdədir: «Adı «gecəqondular məhəlləsi» kimi çıxan və söküləcək yaşayış əraziləri siyahısında olan qəsəbədə nə məktəb, nə xəstəxana, nə də uşaq bağçası var...».

Yazıda sakinlərə istinadən bildirildiyinə görə, 2013-cü ildə bu qəsəbənin sökülməsi gündəmə gələn zaman Yasamal Rayon İcra Hakimiyyəti əhaliyə evlərin hər kvadratmetrinə görə 700-800 manat kompensasiya təklif edib: «Lakin əhali veriləcək kompensasiyanı narazılıqla qarşılamış və mənzillərinin hər kvadratmetri üçün azı 1000 manat ödənilməsini tələb etmişdi. O gündən Alatavada söküntü məsələsi qeyri-müəyyən müddətə dondurulub».

İ.İsmayılov
İ.İsmayılov

«Hakimiyyət demokratik seçki ənənəsinin əsasını qoymalıdır»

AzPolitika.info saytında «Xalqın adından gizli sövdələşmələrə getmək fəlakət olar –İlyas İsmayılovdan hakimiyyətə xəbərdarlıq» sərlövhəli yazı yer alır.

Müəllif ölkədəki ictimai-siyasi durumla bağlı ölkənin keçmiş baş prokuroru, Ədalət Partiyasının sədri İlyas İsmayılovla söhbət edib.

İ.İsmayılov hesab edir ki, bu günlər siyasi məhbus kimi tanınan şəxslərin bəzilərinin azad olunması cəmiyyətdə ədalətin bərpası, siyasi dialoq mühitinin formalaşması və barışın yaranmasından ötrü çox yaxşı bir təməl, bünövrə ola bilər.

Partiya sədrinə görə, hakimiyyət islahat aparmaq istəyində səmimi olduğunu göstərməkdən ötrü korrupsiyaya ilə ciddi mübarizəyə başlamalı, məmurların gəlirləri və xərcləri barədə deklarasiya vermələri təmin olunmalıdır. Habelə, o hesab edir ki, biznes siyasətdən və idarəçilikdən ayrılmalı, inhisarçılığa son qoyulmalı, məhkəmələrin həqiqi müstəqilliyi təmin edilməlidir.

İ.İsmayilovun fikrincə, nəhayət, hakimiyyət ölkədə demokratik seçki keçirmək ənənəsinin əsasını qoymalıdır. «Axı seçkilər təkcə hakimiyyətin dinc ötürülməsi mexanizmi deyil, həm də xalqın hakimiyyətin təşkilində iştirakı deməkdir və bu özünütəşkillə xalqı yetişdirən, formalaşdıran bir vasitədir. Biz haçanacan xalqı bu imkandan məhrum edəcəyik?», - partiya sədri sual edir.

Ağsuda zəlzələ
Ağsuda zəlzələ

Zəlzələnin fəsadları ardan qaldırılır

Rəsmi AZƏRTAC saytında «Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, Ağsu rayonunda fevralın 5-də və 6-da baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Rayon Fövqəladə Hallar Komissiyasından sayta məlumat verilib ki, zəlzələnin törətdiyi dağıntıların miqyasının dəqiqləşdirilməsi, habelə dəyən zərərin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir: «Hazırda rayonda 7-si şəhərdə, 4-ü kəndlərdə olmaqla 11 ev yenidən tikilir, 24 evdə isə söküntü işləri aparılır. Ümumiyyətlə, rayonda 200 ev qəzalı vəziyyətdədir. Bununla yanaşı, vətəndaşların müraciətləri əsasında komissiyanın evlərə baxışı davam edir».

Müəllif hesab edir ki, zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaqdan ötrü prezident İlham Əliyevin martın 6-da Ağsuya səfəri və səfər zamanı verdiyi tapşırıqlar görülən işlərə güclü təkan verib.

Sakinlərdən biri Şagül Abbasova sayta bunları deyib: «Mən Ağsu şəhəri, Vidadi küçəsi 15 nömrəli evin sakiniyəm. Zəlzələ bizim evimizə də ciddi zərər vurmuşdu. Hazırda ailəmiz üçün yeni ev tikilir. Prezidentimizə çox-çox minnətdarıq. Çətin günlərimizdə rayonumuza gəldi. Sakinlərlə görüşdü... Əminik ki, çox keçmədən ailəmiz təzə mənzilə köçəcək».

2019-cu il fevralın 5-də və 6-da Şamaxı, Ağsu, İsmayıllı rayonlarında (Şirvan bölgəsi) 5-6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində hər üç rayonda bir çox evlərə, təsərrüfatlara ciddi ziyan dəydiyi bildirilir.

XS
SM
MD
LG