Rusiya və Türkiyə hakimiyyəti vizasız rejimi – iki ölkə vətəndaşlarının qarşılıqlı olaraq daxili pasportları ilə bir-birinin ərazisinə səyahət etmək imkanını müzakirə edirlər. Bu haqda jurnalistlərə Türkiyənin Xarici işlər naziri Mevlut Chavushoglu danışıb.
Nazirin deməsinə görə, bu məsələ Rusiya xarici işlər naziri Sergei Lavrovla martın 28-də Antalyada müzakirə olunacaq.
“Danışıqlar nəticəsində Rusiya xüsusi pasport sahibləri, sahibkarlar və Türkiyədən yük maşınları sürücüləri üçün vizaları ləğv etdi. Məqsəd bütün kateqoriyadan olan vətəndaşlar üçün vizasız rejim tətbiq etməkdir. Biz artıq iki ölkə vətəndaşlarının daxili pasportlarla qarşılıqlı səfərləri üzrə danışıqlara keçmişik. Bu məsələni detallı müzakirə edirik”, – “Anadolu” agentliyi nazirə istinadla yazır.
ERDOGAN DA MOSKVAYA GEDƏCƏK
O, aprelin 8-nə Türkiyə nümayəndə heyətinin Moskvada danışıqlar aparacağını da qeyd edib. Prezident Recep Tayyip Erdoganın rəhbərlik edəcəyi nümayəndə heyətini Vladimir Putin qəbul edəcək.
Rusiya və Türkiyə 2019-cu ili çarpaz mədəniyyət və turizm ili elan edib.
Mövcud qanunvericiliyə görə, Rusiya vətəndaşları öz xarici pasportları ilə Türkiyə ərazisində 60 günədək vizasız qala bilərlər. Türkiyə mədəniyyət və turizm nazirliyinin məlumatına görə, ötən il ölkəyə 5 milyon 964 min rusiyalı səfər edib.
2015-ci ildə Türkiyə Rusiyanın Su-24 təyyarəsini vurandan sonra Rusiya öz vətəndaşlarının bu ölkəyə səfərini qadağan edib. Rusiya həmçinin Türkiyəyə çarter reyslərini, turizm agentliklərinin göndəriş satmasını yasaqlamış, vizasız rejim müvəqqəti dayandırılmışdı. Rusiya Türkiyədən bir sıra məhsulların idxalına da qadağa qoymuş, bunu Türkiyənin parazitlərə yoluxmuş meyvə-tərəvəz satmasıyla izah etmişdi.
Amma 2016-cı ilin iyununda – Türkiyədə dövlət çevrilişinə cəhddən dərhal sonra Rusiyanın Baş naziri Dmitry Medvedev sərəncam imzalayaraq Türkiyəyə çarter reyslərinə qadağanı qaldırdı. Daha sonra ərzaq məhsullarına embarqo ləğv olundu.