Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

'Diqlas' necə yandı? Şahid və sahibkarlar danışır - [Video]


Yanğın
Yanğın

«Yanğın barədə məlumat səhər saat 08:12 dəqiqədə daxil olub. Yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən çox yanğınsöndürən avtomobil cəlb olunub».

«Report»un məlumatına görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov deyib. Onun sözlərinə görə, ərazidə avtomobillərin çoxluğu və tıxac yanğınsöndürənlərin fəaliyyətinə, texnikanın hadisə yerinə çatmasına maneələr yaradıb.

Qərargah rəisi bildirib ki, yanğın təxminən 2 hektara yaxın ərazini əhatə edib, hadisə nəticəsində dördmərtəbəli «Diqlas» Ticarət Mərkəzi ilə yanaşı, ətrafda olan bir neçə obyektlər də yanıb: «Ticarət mərkəzində heç bir nizamlı iş olmayıb. Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Ona görə də yanğın geniş yayılıb».

Ə.Novruzov deyib ki, hazırda yanğının səbəbləri araşdırılır və bu barədə məlumat veriləcək.

Hələlik, bu açıqlamaya «Diqlas» Ticarət Mərkəzinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma indi bəzi ekspertlər də belə bir sual verirlər: Bəs rəsmi qurumlar belə binanın istismarına necə icazə veriblər?

Yanğın söndürülüb

«Diqlas» Ticarət Mərkəzində baş verən yanğının saat 14:20 radələrində söndürüldüyü bildirilir. Bu barədə AzadlıqRadiosuna hadisə yerində olan şəxslər məlumat veriblər.

Xanım sahibkar 80 min manatlıq malının yandığını söyləyir

Sahibkarlardan Tünzalə Dünyamaliyeva AzadlıqRadiosuna deyib ki, onun mağazasında qadın paltarları satılıb: «Mağazamda 80 min manatlıq mal var idi. Böyük mağaza idi. Hamısı yandı, heç nə çıxara bilmədim...».

Mərkəz sahibi yanğının dönərxanadan başladığını deyir

«Diqlas» Ticarət Mərkəzinin sahibi martın 26-da rəhbərlik etdiyi mərkəzdə yanğının baş vermə səbəbindən danışıb.

«Report» agentliyinin xəbərinə görə, o iddia edib ki, yanğın yaxınlıqdakı dönərxanadan başlayıb.

«Dönərxanada partlayışdan sonra başlayan yanğın əvvəlcə ticarət mərkəzindəki paltar mağazalarına keçib, sonra isə alov binanı bürüyüb», - mərkəzin sahibi bildirib.

Ancaq, hələlik, bu açıqlamaya dönərxanada işləyən şəxslərin və rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb.

Sahibkar: '50 min manat ziyana düşmüşəm'

«Diqlas» Ticarət Mərkəzində gəlinlik paltarlar satan bir mağazanın sahibi Günel Abbasova AzadlıqRadiosuna deyib ki, təqribən 50 min manat ziyana düşüb. «Mərkəzdə ən balaca mağaza mənə məxsusdur. Mən aşağısı 50 min manat ziyana düşmüşəm. Tək mənin yox, burada çoxunun sığortası yoxdur. Kredit götürmüşük. Amma vergini, sosialı ödəmişik. Xahiş edirəm bizə kömək etsinlər...», - deyə o qeyd edib.

Yanğın
Yanğın

Sahibkarlar mallarını çıxarır

Hadisə yerində olan şahidlərinin bildirməsinə görə, «Diqlas» Ticarət Mərkəzində yanğın yenidən güclənib. Hazırda sahibkarlar gərginlik içində Mərkəzdəki obyektlərindəki mallarını çıxarmaqdadırlar...

Yanğın yenidən güclənib

Bakının Nizami rayonu, Qara Qarayev prospektində «Diqlas» Ticarət Mərkəzində baş verən yanğının yenidən şiddətləndiyi bildirilir.

Bu barədə məlumatı «Report» agentliyi yayıb.

Xəbərə görə, ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları soyutma işləri aparan zaman partlayış baş verib və yanğın yenidən şiddətlənib.

Məlumatda vurğulanır ki, yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.

Sahibkarlar kompensasiya istəyir

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) martın 26-sı saat 11:30-da məlumat yayıb. Məlumata görə, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. FHN bildirir ki, Aviasiya dəstəsinin 3 helikopteri də yanğının söndürülməsində iştirak edir.

Hadisə yerində olan şahidlərin sözlərinə görə, bina hələ də tüstülənməkdədir.

«Ticarət mərkəzinin çöl hissəsi alkoponla üzlənib, bunlar yanan maddələrdir». Modern.az saytı bildirir ki, bunu isə jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K.Heydərov qeyd edib ki, bu, ciddi yanğındır: «İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Yanğın artıq lokallaşdırılır, açıq alov məhdudlaşdırılır».

Nazir sahibkarlara kompensasiya verilib-verilməyəcəyi ilə bağlı sualları da cavablandırıb: «Bura özəl müəssisədir. Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürmək və imkan daxilində insanların yanmamış mallarını oradan çıxartmaqdır. Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır».

Nazir hüquq-mühafizə orqanlarının da hadisə ilə bağlı müvafiq addımlar atacağını qeyd edib.

Mərkəzdə fəaliyyət göstərən sahibkarlar isə onlara ciddi ziyan dəydiyini bildirirlər. Onlar bu səbəbdən hökumətdən kompensasiya gözlədiklərini bildirirlər.

Bir nəfər xəstəxanaya yerləşdirilib

Bakının Nizami rayonu, Qara Qarayev prospektində baş verən yanğın zamanı bir nəfər əlinin kəsilməsi ilə bağlı xəstəxanaya yerləşdirilib. Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, həmin şəxs 3 saylı Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib.

«Şəxsiyyəti hələ dəqiqləşdirilməyib, amma Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğu məlumdur», - Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, hadisə yerində nazirliyin 6 briqadası fəaliyyət göstərir.

Yerli sakinlərin bildirməsinə görə, yanğınsöndürənlər səhər saatlarında müəyyən tədbirlər gördükdən sonra yanğının tam söndüyünü güman ediblər. Bir sakinin deməsinə görə, yanğın yenidən şiddətlənib və hadisə yerinə yeni yanğınsöndürən maşınlar cəlb edilib.​

Amma, hələlik, bu deyilənlərə Fövqəladə Hallar Nazirliyindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Yanğın
Yanğın

10 nəfərin tüstüdən zəhərləndiyi deyilir

Bakının Nizami rayonu, «8-ci kilometr» adlanan ərazisindəki «Diqlas» Ticarət Mərkəzində baş verən yanğında 10 nəfər tüstüdən zəhərlənib.

«Report»un məlumatına görə, bu barədə 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi məlumat verilib.

Verilən məlumata görə, həmin şəxslər müayinə olunduqdan sonra buraxılıb.

Yanğının baş verdiyi Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılıb. Bu barədə isə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Hazırda həmin istiqamətdə hərəkət edən marşrut avtobuslarının Bəkir Çobanzadə və Məhsəti Gəncəvi küçələrindən keçməklə fəaliyyətlərini davam etdirdikləri bildirilir. Verilən məlumata görə, bu dəyişiklik müvəqqəti xarakter daşıyır.

Yanğın
Yanğın

+++

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir. Belə tədbirlər həm havadan və həm də qurudan görülür. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da hadisə yerinə gəldiyi bildirilir.

Yanğının söndürülməsinə 2 helikopter cəlb olunub

Bakının «8-ci kilometr» adlanan ərazisində davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.

Alovun gücləndiyi və başqa obyektlərə keçdiyi bildirilir. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam edir.

+++

Bu gün, martın 26-da səhər saatlarında Bakının Nizami rayonu ərazisində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı məlumat yayıb.

«Report» agentliyi isə xəbər verir ki, yanğın paytaxtın «8-ci kilometr» adlanan ərazisindəki «Diqlas» ticarət mərkəzində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikası cəlb olunub. Binada olanların təxliyə edildiyi bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG