Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:01

Belarus da internetə nəzarət etmək istəyir


İllüstrativ foto
İllüstrativ foto

Belarus da Rusiya kimi internet mediasına ictimai nəzarət sistemi yaratmalı, qadağan olunmuş informasiya yerləşdirən saytları və nəşrləri üzə çıxarmağa könüllülər cəlb etməlidir. Bunu martın 25-də Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas deyib.

“Rusiyanın təcrübəsinə müraciət etmək olar. Onlarda ictimai birlik var. Dövlət tərəfindən himayə olunur və dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq edərək qadağan olunmuş informasiyanı aşkarlayır. Məsələn, zorakılığın təbliği, pornoqrafiya, narkotiklərlə bağlı informasiyanı. Onlar bütün bunları aşkarlayaraq uyğun orqanlara yönəldir”, – Zas tut.by portalına müsahibəsində deyib.

“MƏGƏR BU DONOSDUR?”

“Məgər bizdə informasiya məkanının təhlükəsizliyində maraqlı olanlar azdır? Övladlarımızı, ictimaiyyətimizi oradakı neqativdən qorumalıyıq”, – Zas deyib. Donos dalğasından qorxmurlarmı sualını o, belə cavablandırıb: “Məgər bu donosdur?”

Belarusun Xarici işlər naziri Uladzimer Makey (solda) və Təhlükəsizlik Şurasının katibi Stanislav Zas
Belarusun Xarici işlər naziri Uladzimer Makey (solda) və Təhlükəsizlik Şurasının katibi Stanislav Zas

“Adamlar fərqlidir, bu aydındır. Amma mənə elə gəlir ki, bu sxemin faydası mümkün neqativdən daha ağır gələr. Bunun perspektivini görürəm. Burada dövlətlə ictimaiyyətin maraqları üst-üstə düşür”, – o söyləyib.

Rusiyada son illər qəbul olunan qanunlar internetə “ekstremist” kontent yerləşdirilməsi üçün cinayət cəzası nəzərdə tutur. “Ekstremist” kontentə isə 2-ci Dünya müharibəsinə aid tarixi fotolardan tutmuş feminizmin müzakirəsinədək müxtəlif məsələlər salına bilər. Bu yaxınlarda cəza nisbətən yüngülləşdirilib, internetdə “ekstremist” kontentin ilk dəfə yerləşdirilməsinə görə cinayət təqibi deyil, yalnız cərimə nəzərdə tutulub. Amma yenə də rusiyalı bloqqerlər və incəsənət xadimləri Rusiyanın normalarını çox qəddar sayırlar.

Bundan başqa, Rusiyada güc strukturlarına istifadəçilərin məlumatlarına geniş çıxış verilib, eləcə də Roskomnadzor, yaxud FSB-nin sorğusu əsasında saytların bağlanması sadələşdirilib. Hakimiyyət “suveren runet” haqda qanun layihəsini artıq ilk oxunuşda qəbul edib. Bu qanun fövqəladə durumlarda Rusiyanın dünya internetindən “ayrılmasına” icazə verir.

Martın 10-da Rusiyada azad internet uğrunda kütləvi mitinqlər keçirilib, yalnız Moskvada etirazlara 15 mindən çox adam çıxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG