Britaniyalı deputatlar ölkənin Avropa Birliyindən (AB) çıxmasına, Breksit prosesinə nəzarəti ələ almağa səs veriblər. Yəni, deputatlar Breksitdə yaranmış çıxılmaz durumda bir neçə səsvermə keçirmək üçün özlərinə səlahiyyət veriblər.
Məsələ martın 26-da 329-302 səs fərqiylə qəbul olunub. Beləliklə də deputatlar Breksitə nəzarəti hökumətdən alıblar.
Növbəti addım kimi Baş nazir Theresa May-in Breksit sazişinə alternativ tapılması üçün martın 27-də bir neçə səsvermə keçiriləcək. Bu sazişi deputatlar iki dəfə rədd ediblər.
Alternativlərə sazişsiz Breksit, daha yumşaq Breksit, Brekstin ləğvi, yaxud ikinci referendum daxildir.
May hökuməti proseslə “konstruktiv məşğul olmaq” vədi versə də, deputatların qərarlarını qüvvəyə mindirməyə boyun olmayıb.
May daha öncə demişdi ki, Breksit sazişinə dair üçüncü səsvermə keçirməkdən ötrü yetərli dəstəyi yoxdur.
AB May-in Brüssellə əldə etdiyi razılaşmaya deputatların dəstəyini qazanması üçün aprelin 12-dək vaxt qoyub. Baş nazir ya da işlək alternativ tapmalıdır, buraya Britaniyanın AB-dən çıxmasının uzadılması da daxildir.
Britaniyanın AB-dən mayın 22-də çıxacağı gözlənir.
***
Britaniyada Breksitin və May-in taleyi həll olunur
Bu gün – martın 25-də Britaniyanın Baş naziri Theresa May hökumətin mühüm iclasını keçirəcək. Bu iclasda ölkənin Avropa Birliyindən ayrılmasının – Breksitin, həmçinin onun özünün baş nazir kimi taleyinin həll olunacağı gözlənir.
May aparıcı nazirlərlə görüşməlidir. Onlardan bəzilərinin May-i baş nazirlikdə uzaqlaşdırmağa çalışdığı bildirilir. İclasda “göstərici səsvermələr”lə bağlı qərar veriləcəyi gözlənir. Məqsəd Breksitdə yaranmış çıxılmaz durumdan çıxış yolu tapmaqdır.
Səsvermələri bu günün sonuna yaxın deputat İcmalar Palatasına təqdim etməlidirlər, onlar Breksitlə bağlı müxtəlif seçimlərə dəstəyi müəyyənləşdirmək istəyirlər.
Britaniya mediasının yazmasına görə, səsvermələr bu məsələlər üzrə keçirilə bilər: May-in AB ilə əldə etdiyi razılaşma, sazişsiz Breksit, Breksitin baş verməməsi, yaxud ikinci referendum.
AB May-ə aprelin 12-dək vaxt verib ki, Brüssellə əldə etdiyi razılaşmaya deputatların dəstəyini qazansın, yaxud işlək alternativ tapsın. Alternativə Breksitin uzunmüddətli ertələnməsi də daxil ola bilər.
May iki dəfə rədd olunmuş planına parlamentin dəstəyini əldə edə bilsə, Britaniya blokdan mayın 22-də çıxacaq.
Britaniya 2016-cı il referendumunda AB-dən çıxmağa səs verib, amma Brüssellə parlamentdəki partiyaların hamısı üçün qəbuledilən razılaşma əldə etmək mümkün olmayıb.
***
“Frans Pres” agentliyi yazır ki, May məhz onu vəzifədən uzaqlaşdırmaq niyyətində olan nazirlərlə görüşəcək. Toplantı GMT ilə səhər 10-a planlaşdırılır.
“Sunday Times” qəzeti yazıb ki, 11 aparıcı nazirlə danışıb və onlar “baş nazirin başqa birinə yol açmasını istədiklərini təsdiqləyiblər”. Nazirlərin bugünkü toplantıda baş nazirə qarşı çıxacaqları gözlənir.
“Gəminin kapitanını dəyişməyin vaxtı deyil”, – bunu ətraf mühit naziri, aparıcı Breksit tərəfdarı Michael Gove deyib.
Breksiti dəstəkləyən tabloyd “The Sun” isə bazar ertəsi May-i çağırıb ki, razılaşması təsdiqlənincə və Britaniya AB-dən çıxınca istefaya gedəcəyini elə bu gün elan etsin.
“Vaxt çatıb, Theresa” yazan qəzetin mövqeyincə, bu, baş nazirin AB ilə əldə etdiyi razılaşmanın parlamentdə dəstək qazanması üçün “yeganə, zəif şansdır”.
Şənbə günü bir milyonadək Avropa tərəfdarı Londonun mərkəzində yürüş edib, blokdan çıxmaqla bağlı daha bir səsvermə keçirilməsini tələb edib.
Breksitin dayandırılmasını tələb edən onlayn petisiya bazar günü beş milyon imza toplamışdı.