Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Serbiya və Kosovo NATO-nun hava zərbələrinə fərqli yanaşırlar


Belqradda NATO zərbələrinin ildönümü tədbiri
Belqradda NATO zərbələrinin ildönümü tədbiri

Serbiya Prezidenti Aleksandar Vucic NATO-nun 1999-cu ildə ölkəsini bombalamasını pisləyib, bunun “cinayət” olduğunu deyib. Həmin zərbələrdə 2 min 500 dinc sakin həlak olub, milyardlarda dollar ziyan dəyib.

Kosovo isə martın 24-də bildirib ki, regionda qan axıdılmasını kəsdiyinə görə Qərb alyansı və Birləşmiş Ştatlara “həmişəlik minnətdar” olacaq.

Dünən Serbiya və Kosovo NATO-nun 78 günlük hava zərbələri kampaniyasının 20-ci ildönümünü qeyd edib. Yuqoslaviya Federal Respublikasına hücum 1999-cu il martın 24-də başlanıb, bundan sonra Belqradın o vaxtı vilayəti Kosovoda etnik albanların təqibini dayandırıb.

Aleksandar Vucic
Aleksandar Vucic

Belqrad Qərb alyansının hərbi təyyarələrinin əsas hədəfi olub. O zaman Serbiya liderləri Qərbin tələblərinə əməl edərək Kosovodan çıxıb.

“BİZİM ÜÇÜN CİNAYƏT OLARAQ QALACAQ”

Kosovo 2008-ci ilin fevralında Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. 110-dan çox ölkə Kosovonu tanıyıb, Belqrad isə bundan imtina edib.

“79 uşaq daxil olmaqla 2 min 500 nəfərin ölümü, ölkənin dağılması, on milyardlarla dollarlıq ziyan həmişə bizim üçün cinayət olaraq qalacaq”, – Vucic Belqraddan 250 kilometr cənubda yerləşən Nis şəhərində çıxışında deyib.

İnsan haqları qrupları isə daha az ölü sayı göstərirlər, bombalama zamanı yüzlərlə adamın həlak olduğunu deyirlər.

Hashim Thaci
Hashim Thaci

Kosovoda isə Prezident Hashim Thaci 20 il öncə baş verənləri “böyük və şərəfli gün” adlandırıb. O zaman o, etnik alban üsyançıların siyasi lideri idi.

Keçmiş üsyançı komandiri, hazırkı baş nazir Ramush Haradinaj həmin günün dəyişiklik yaratdığını deyib. “Biz daima NATO və Birləşmiş Ştatlara minnətdar olacağıq”, – Haradinaj sözlərinə əlavə edib.

Belqradda səkkiz ölkənin səfirləri qurbanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Bu arada Vucic ölkəsində siyasi təzyiqlə üzləşməkdədir. Martın 23-də minlərlə serb Belqrad küçələrinə çıxaraq Vucic-in “avtoritar idarəçiliyi”nə etiraz ediblər. Artıq 16-cı həftədir ölkədə antihökumət etirazları davam edir. Etirazçıların çoxu Vucic-in istefasını, mətbuat azadlığı, ədalətli seçki tələb edirlər.

XS
SM
MD
LG