Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:13

Putin Nazarbaev yoluyla gedə bilərmi –Qərb mediası


Vladimir Putin (solda) və Nursultan Nazarbaev
Vladimir Putin (solda) və Nursultan Nazarbaev

Qazaxıstan Prezidenti Nursultan Nazarbaev ötən həftə istefa verdi, amma təhlükəsizlik şurasına sədrlikdə qalmaqla əslində, hakimiyyəti əlində saxladı. “Bloomberg” yazır ki, Kreml Qazaxıstanda baş verənləri Rusiya Prezidenti Vladimir Putin üçün model hesab edir.

Ancaq qazaxıstanlı həmkarından fərqli olaraq Putinin hakimiyyətin transferini Kremldəki rəqib düşərgələr arasında çəkişməyə səbəb olmadan gerçəkləşdirə biləcəyindən heç kəs əmin deyil. Agentlik Putin üçün siyasi və şəxsi risklərin böyük olduğunu qeyd edir.

Qazaxıstandakı keçid modeli Moskvada fəal müzakirə olunub, prezident administrasiyasının keçmiş rəsmisi, hazırda Kreml üçün siyasi konsultant kimi çalışan Andrei Kolyadin deyib. “Nazarbaev ssenarisi siyasi elitaya sərf edə bilər, bu elita varis hakimiyyətə gələndən sonra belə prosesə nüfuz edə biləcək artbitr arzusundadır”, – o deyib.

Qazaxıstan paytaxtının Nur-Sultan adlandırılmasına etirazlar
Qazaxıstan paytaxtının Nur-Sultan adlandırılmasına etirazlar

66 yaşlı Putin ötən ilin martında seçkidə səslərin 77 faizini yığaraq dördüncü və yəqin ki sonuncu müddətə prezident postuna seçilib. O, 2000-ci ildən bəri siyasi müxalifəti əzib, hakimiyyəti əlində mərkəzləşdirib. Hətta elə bir dominant mövqeyə yiyələnib ki, rusiyalıların çoxu onun populyarlığı azalanda belə potensial varisin adını çəkməyə çətinlik çəkiblər.

Hakim elitada bəziləri Rusiya liderinə təzyiq göstərirlər ki, mümkün qədər uzun müddətə prezident vəzifəsində qalsın. Bunu Kremlə yaxın üç nəfər agentliyə deyib. Götür-qoy edilən variantlar içində qonşu Belarusu Rusiyaya birləşdirərək yeni dövlət yaratmaq da var, bu halda Putin konstitusiyanın qoyduğu müddət məhdudiyyətindən yan keçə bilər. Amma razılaşdırılmış keçid ssenarisi yoxdur.

Hətta bu halda belə “Putin vəzifədə əbədi qala bilməz, o, ölümsüz deyil”, – Rusiyanın hakim elitasını araşdıran sosioloq Olga Kryshtanovskaya deyib. “Varislik üçün əsas hazırlamasa, bu, pis qurtaracaq. Hamı bir-birinin boğazına çökəcək”, – o, sözlərinə əlavə edib.

Putin bir dəfə hakimiyyəti Dmitry Medvedev-ə ötürərək özü baş nazir olub, sonra yenidən prezidentliyə qayıdıb. Bu dəfə isə o, prezident səlahiyyətini təhlükəsizlik şurasına, yaxud Dövlət Şurası adlanan məşvərət qurumuna ötürə bilər – hər ikisinə özü rəhbərlik edir – və prezidentlikdən gedəndən sonra onlar vasitəsilə təzyiq göstərə bilər, Moskvadakı siyasi təhlilçilər deyirlər.

Facebook-da milyonlarla parolu işçilər oxuya bilirmiş

İllər boyu Facebook sosial şəbəkəsində yüzmilyonlarla parolu öz əməkdaşları oxuya bilirmiş. Şirkət bunu ötən həftə etiraf edib. Bunu isə bir təhlükəsizlik araşdırmaçısı üzə çıxarıb.

Arxiv fotosu
Arxiv fotosu

Facebook parolları oxunan adi mətn formasında saxlamaqla fundamental kompüter təhlükəsizliyi qaydalarını pozub. Qaydaya görə, təşkilatlar və vebsaytlar parolları kodlaşdırılmış şəkildə saxlamalıdır və bu halda orijinal mətni üzə çıxarmaq mümkünsüzdür.

“Facebook boyda təşkilatda kimsənin istifadəçilərin parollarına adi mətn kimi çıxışı olmasının izahı yoxdur”, – kibertəhlükəsizlik eksperti Andrei Barysevich deyib.

Facebook isə bildirib ki, işçilərinin bu datadan sui-istifadə etməsinə dəlil yoxdur. Di gəl, minlərlə işçi onları axtarıb tapa bilərdi. Şirkətin məlumatına görə, parollar daxili serverlərdə saxlanıb, kənardan onlara çıxış olmayıb. Bu halda belə, gizlilik üzrə bəzi ekspertlər istifadəçiləri Facebook parollarını dəyişməyə çağırıblar.

Bu, dünyada 2,3 milyard istifadəçisi olan Facebook-un üzləşdiyi daha bir qalmaqaldır. Ötən il milyonlarla istifadəçinin şəxsi məlumatlarının onların icazə olmadan ələ keçirildiyi üzə çıxmışdı.

KrebsOnSecurity təhlükəsizlik bloqunun bildirməsinə görə, 600 milyon Facebook istifadəçinin parolu açıq qalıb. Şirkətsə bloq postuna bildirib ki, Facebook Lite-nin “yüz milyonlarla”, Facebook-un milyonlarla, Instagram xidmətinin onminlərlə istifadəçisinə onların parollarının sadə mətn şəklində saxlandığını bildirəcək.

XS
SM
MD
LG