Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:28

Evləri köçürmək, yoxsa elektrik,.. xətlərini dəyişmək?-Media icmalı


Biləcəridə sənədsiz evlərin söküntüsü.
Biləcəridə sənədsiz evlərin söküntüsü.

Formula-1 yarışlarına hazırlıq, sənədsiz evlərin sənədləşdirilməsi ətrafında müzakirələr və bölgələrdə şikayətlər medianın aparıcı mövzularındandır...

Fərdi evlərin sənədləşdirilməsi...

«Yeni Müsavat» qəzetində «Fərdi evlərin sənədləşdirilməsinə başlanacaq» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazıb ki, çoxmərtəbəli binaların istismara qəbulu prosesi asanlaşdırıldıqdan sonra növbə fərdi evlərə də çatır. Artıq prezident İlham Əliyev həyət evlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında müvafiq qurumlara tapşırıq verib: «Bu barədə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev məlumat verib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə müvafiq işlər görülür və nəticəsi barədə ətraflı məlumat veriləcək».

Yazıda habelə bildirilir ki, yaxın günlərdə bununla bağlı işçi qrupu yaradılacaq. «Mühafizə zonasına düşən, dövlət şirkətinə məxsus torpaq sahəsində tikilmiş, təyinat üzrə olmayan, yəni kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrində tikilən həyət evləri var. Ona görə də bütün bunlarla bağlı araşdırma aparılacaq», - F.Mustafayev vurğulayıb.

Yazıda iddia edildiyinə görə, Bakı ətrafında sənədsiz 700 mindən yuxarı belə ev tikilib. Üstəlik, Bakı kəndlərində sovet dövründə tikilmiş evlərin çoxunun da çıxarışı yoxdur: «Açıqlanan rəsmi məlumatlara görə, qaz, işıq, su və dəmiryol xətlərinin mühafizə zolaqlarında 400 mindən yuxarı fərdi ev, obyekt tikilib. Bundan əlavə, xeyli sayda evlər SOCAR-a məxsus torpaqlarda yerləşir. Bu ev və obyektlərin sənədləşməsi üçün ən yüksək səviyyədə tədbirlərin həyata keçirilməsi zəruridir».

«MBA Ltd.» konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, fərdi evlərin sənədləşdirilməsi istiqamətində işlər ilk olaraq torpaqdan başlanmalıdır: «O tikililərin qanunsuz olmasının əsas səbəbi yerləşdikləri torpaqlarla bağlıdır».

N.İbrahimov bu evlərin kənd təsərrüfatına yararlı torpaqlarda, elektrik, qaz, su, dəmiryol xətlərinin mühafizə zolaqlarında tikilməsini əsas problem hesab edir: «İlk növbədə araşdırma apararaq müəyyənləşdirilməlidir ki, bu evlərin köçürülməsi iqtisadi baxımdan daha səmərəlidir, yoxsa o torpaqlardan kənd təsərrüfatı baxımından istifadə etmək? Yaxud evləri köçürmək daha ucuz başa gələcək, yoxsa qaz, elektrik, su, dəmiryol xəttinin yerini dəyişmək?...».

Satıcıların şikayəti

«Yeni Sabah» saytında «Goranboyda icra başçısına etiraz etdilər» sərlövhəli yazı yer alır.

Yazıda bildirildiyinə görə, Goranboy rayonunun köhnə bazarında işləyən satıcılar rayon icra hakimiyyətinə qarşı aksiya keçiriblər.

Müəllifin qeyd etməsinə görə, köhnə bazarda satıcılıq edənlər «Yeni Sabah»a bildiriblər ki, icra başçısının tapşırığı ilə polis əməkdaşları onların bazarda məhsul satmasına imkan vermir.

Satıcılara istinadən yazıda qeyd edilir ki, rayon rəhbərliyi Heydər Əliyev prospektində yerləşən həmin bazarı bağlatdırmaq istəyir.

İddialara görə, rayon rəhbərliyi köhnə bazardakı satıcıları yeni avtovağzalın yanında tikilən yeni bazara köçürmək istəyir.

«Orada isə qiymətlər həddindən artıq bahadır. Buna görə də biz həmin bazara getməkdən imtina edirik»,- satıcılar vurğulayıblar.

Amma bütün bu narazılıqlara Goranboy Rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının münasibətini almaq mümkün olmayıb.

Bakıda Formula-1
Bakıda Formula-1

Formula-1-ə görə bəzi yollar bağlanacaq

Rəsmi AZƏRTAC saytında «Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir» sərlövhəli məlumat dərc edilib.

Sayt bildirir ki, bu il aprelin 26-28-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar yarışın təşkilatçısı «Bakı Şəhər Halqası» Əməliyyat Şirkəti (BŞH) trekin üzərinə düşən mərkəzi küçələrdə təmir-tikinti işlərini davam etdirir.

BŞH-dən sayta deyiblər ki, Puşkin küçəsinin Üzeyir Hacibəyli və Xaqani küçəsinin kəsişmələri arasında olan yol martın 22-dən 26-dək asfalt örtüyünün təmirinə bağlanacaq. Habelə, həmin küçənin Üzeyir Hacibəyli və Neftçilər küçəsinin kəsişmələri arasındakı yol hissəsinin də martın 27-dən aprelin 8-dək bağlanacağı gözlənir. «Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Lakin Hökumət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq», - məlumatda qeyd edilir.

BŞH-dən bildirildiyinə görə, bəzi ərazilərdə yolların bağlanması aprelin 8-nə qədər davam edəcək. Qeyd edilənlərdən əlavə, şəhərin daha bir neçə ərazilərində də yolların bağlanması gözlənir.

Sayt bildirir ki, göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.

Azərbaycan Formula-1 yarışlarını 2016-cı ildən təşkil edir. Sonuncu dəfə ötən il aprelin 27-dən 29-na kimi Bakıda Formula-1 yarışları keçirilib. Formula-1 yarışı daha 3 il, yəni 2023-cü ilədək Azərbaycanda keçiriləcək.

XS
SM
MD
LG