Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Deputatlara evə tək getməmək tövsiyə olunur – Qərb mediası


Theresa May (ön cərgədə, ortada) İcmalar Palatasında, 14 mart, 2019-cu il
Theresa May (ön cərgədə, ortada) İcmalar Palatasında, 14 mart, 2019-cu il

Britaniya parlamentinin üzvlərinə tövsiyə olunub ki, evə taksiylə, yaxud qrup halında getsinlər, çünki Breksit məsələsinə görə pis rəftarla üzləşmək riskləri var. Bu haqda “Politico” dərgisi xəbər verir.

İcmalar Palatasının spiker müavini Lindsay Hoyle deputatların hamısına yazıb ki, London polisinin “parlament üzvlərinin qorxusuz səs verməsini” təmin etməli olduqlarını şübhəsi yoxdur.

2010-cu ildən bəri Leyboristləri parlamentdə təmsil edən Hoyle yazıb:

Şəxsən mən palatada olduğum müddətdə bu səviyyədə gərginlik hiss etməmişəm və digər həmkarların da bunu hiss etdiyini bilirəm”.

“Artıq bir çox həmkarlar ictimai şəkildə təhqir və qorxutmaya məruz qalıb”, – o yazıb.

Parlament qarşısında Breksitə etiraz aksiyası
Parlament qarşısında Breksitə etiraz aksiyası

Leyboristlərdən deputat Lloyd Russell-Moyle martın 21-də deyib ki, bir nəfər ona hücum etməyə çalışıb, deputatları “satqınlar” adlandırıb.

Müdafiə naziri, mühafizəkarlardan parlament üzvü Tobias Ellwood aldığı təhqiramiz məktubu tvitində yerləşdirib.

İcmalar Palatasının spikeri John Bercow isə deputatların “satqın” olmadığını, hər birinin “düzgün saydığını etdiyini” deyib.

Bundan bir gün öncə Baş nazir Theresa May Breksitin yubanmasında parlamenti günahlandırıb.

Artıq Avropa Birliyi Britaniyanın birlikdən çıxması üçün qoyulan vaxtı uzadıb.

Nüvə uçurumuna qayıdış

Uzun illər nüvə arsenalının azaldılması, nüvə silahlarının yayılmasının məhdudlaşdırılması üzrə qlobal lider olan Birləşmiş Ştatlar indi yeni nüvə silahı yarışına yol açır. “Project-syndicate” portalında NATO-nun keçmiş baş katibi Javier Solana 10 il öncəni yada alır. O zaman Avropaya ilk səfərini edən ABŞ prezidenti Barack Obama Praqada tarixi çıxış edib. İzləyicilərin heyrətinə rəğmən Obama dünyanı nüvə silahı olmadan təsvir edib.

Rusiyanın qanadlı raketləri
Rusiyanın qanadlı raketləri

“Belə bir açıqlama Amerika prezidenti üçün görünməmişdi və həmin ilin sonunda o, Nobel Sülh Mükafatını aldı. Obama həm də çexləri, ümumilikdə avropalıları inandırdı ki, Birləşmiş Ştatlar heç vaxt nüvə silahlarına qayıtmayacaq… Bu sözlər indi köhnə eranın qalığına bənzəyir”, – müəllif yazır.

Solana diqqəti Obamanın xələfi Donald Trump-ın davranışına çəkir. O, Rusiyayla Ortamənzilli Raket Qüvvələri (INF) sazişindən çıxdığını elan edib. Bu sənəd 1987-ci ildən bəri Avropada təhlükəsizliyin qarantı idi. Obama administrasiyası dönəmində bir müddət nüvə tərksilahı prioritet siyahısından uzaqlaşdı, amma indi görünür, Trump bunun əksini – nüvə silahlanmasını hədəfləyir, müəllif yazır.

INF kimi ikitərəfli sazişlər əslində Soyuq Müharibə dövrünün eksponatıdır, bugünkü çoxqütblü dünya üçün daha yetərli deyil. Bu saziş ABŞ və Rusiyanın 500-5 min 500 kilometri vura bilən raket hazırlamasını qadağan edir. Amma Çinin raket arsenalının 95%-i məhz bu cür silahlardan ibarətdir”, – məqalədə deyilir.

Ukraynalıların yalnız 9 faizi hökumətə inanır

Martın 31-də Ukraynada prezident seçkisi keçiriləcək. Bu ərəfədə “Gallup” sorğu mərkəzi ukraynalıların yalnız 9 faizinin hökumətə inandığını üzə çıxarıb. Artıq ikinci ildir bu, dünyada ən aşağı inam göstəricisi sayılır.

Petro Poroshenko-nun seçki posteri
Petro Poroshenko-nun seçki posteri

Ötən il keçmiş sovet respublikalarında hökumətə ortalama inam 48%, dünyada isə 56% olub.

Sorğu mərkəzi yazır ki, son on ildə ukraynalılar inanmağa çox şey tapmayıblar. İndiki Prezident Petro Poroshenko-nun sələfi Viktor Yanukovych-in adı bir sıra qalmaqallarda çəkilirdi və 2014-cü ilin Maydan inqilabı nəticəsində devrildi. O, Rusiyaya qaçdı və Ukrayna məhkəməsi onu vətənə xəyanət ittihamıyla mühakimə edib. Yanukovych-in prezidentliyi dövründə hökumətə inam 24%-dən yuxarı deyildi.

Poroshenko-nun prezidentliyinin ilk dövründə onun ukraynalıların inamını bərpa edəcəyinin əlamətləri görünürdü. O zaman 24% hökumətə inanırdı, 48% isə Poroshenko-nun işini alqışlayırdı. Amma hökumət Maydan etirazlarının tələblərini yerinə yetirə bilmədikcə bu ümid sönməyə başladı.

2015-ci ildən Ukrayna hökumətinə inam 14%-dən yuxarı olmayıb.

XS
SM
MD
LG