Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:54

'İslahatlar məmur-oliqarx sahibkarlığından başlanmalıdır'-Media icmalı


İ.Əliyev
İ.Əliyev

İslahatlar mövzusu ölkədəki əksər media orqanlarının başlıca mövzularındandır....

Rəsmi AZƏRTAC saytında «Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub» sərlövhəli yazı dərc edilib.

Yazıda prezidentin Novruz bayramı münasibətilə xalqa müraciətində islahatlarla bağlı dilə gətirdiyi fikirlərin bir hissəsi yer alıb. «Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıbdır. Bu, bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək», - deyə dövlət başçısı çıxışında vurğulayıb.

Ciddi islahatlar üzərində işlərin keçən il prezident seçkisindən sonra başlandığını vurğulayan dövlət başçısı sonra da əlavə edib: «...Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz artmışdır. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artmışdır. Köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb».

Prezident daha sonra imzaladığı bir sıra sosial sənədlərdən bəhs edib: «Problemli kreditlərin həlli ilə bağlı çox ciddi Fərman imzalanıb. Onu deyə bilərəm ki, bu Fərmanın dünyada bənzəri yoxdur və bu Fərman 800 min insanı əhatə edir. Yəni, Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır».

A.Mehtiyev
A.Mehtiyev

İqtisadçı: «Azad rəqabət mühiti yaradılmalıdır»

«Yeni Müsavat» qəzetində «İqtisadçı-alim: Hər sahədə azad rəqabət mühiti yaradılmalıdır» sərlövhəli yazı oxumaq olar.

Bu yazıda da prezident İ.Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətinin üzərində dayanılır. Dövlət başçısı orada deyib ki, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. Dövlət başçısı habelə vurğulayıb ki, islahatlara alternativ yoxdur, islahatlar siyasi, iqtisadi, sosial, məhkəmə-hüquq, təhsil, səhiyyə sahələrini əhatə edəcək.

İqtisadçı Azər Mehtiyev isə hesab edir ki, Azərbaycanda iqtisadiyyatın başlıca problemlərinin əsasında iqtisadi siyasətin dövlətdən asılılığı dayanır: «İqtisadiyyatda proseslərin gedişi böyük mənada iqtisadi idarəetmədən asılıdır. Böyük neft gəlirləri dövründə Azərbaycan iqtisadiyyatında dövlətin rolu son dərəcə artdı… İqtisadiyyat nəinki neft gəlirlərindən, həm də dövlət qərarlarından, məmur oliqarxiyasının davranışlarından asılı vəziyyətə düşdü».

Ekspert deyib ki, iqtisadiyyatın müxtəlif sahələrində inkişafa nail olunmasından ötrü ancaq 2015-ci ildən sonra bir sıra qərarlar qəbul olunub. Amma onun fikrincə, investisiyaların, ixracın təşviqi, istehsalın stimullaşdırılması və sair istiqamətlərdə atılan addımlar real effekt vermir.

A.Mehtiyevə görə, güzəştlərdən əsasən oliqarx sahibkarlar və onlara yaxın dairələr bəhrələnir.

İqtisadçının fikrincə, islahatlar ilk növbədə məmur-oliqarx sahibkarlığının aradan qaldırılmasından başlanmalıdır: «Bu, faktiki olaraq iqtisadiyyatın siyasi hakimiyyətdən ayrılması deməkdir. Bizim kimi sərvətlər ölkəsi olan Qazaxıstanda bu proses bir neçə il əvvəldən başladıldı və nəticədə ölkə iqtisadiyyatında böyük irəliləyişlərə nail olundu…».

Monopoliya
Monopoliya

«İslahat konfeti»

Azadliq.info saytında isə «İslahat konfetinə aldanmaq…» sərlövhəli yazı oxumaq olar.

«Doğurdanmı islahatlara start verilib? Biz nəyə şükür etməliyik? Ümumiyyətlə, hər hansı islahat ömürlük hakimiyyətə haqq qazandırırmı?», - deyə müəllif yazının girişindəcə bu kimi suallarla oxuculara üz tutur.

Amma müəllifdə ölkədə islahatların reallıqda aparıldığına şübhə var: «Hələ də günahsız insanlar zindanda, hələ də korrupsioner məmurlar iş başında, hələ də monopoliya hakimdir, hələ də korrupsiya at oynadır, hələ də xalqın seçmək hüququ yoxdur, hələ də yaltaqlıq mükafatlandırılır, hələ də 50 faizlik artımdan sonra Ermənistan bizi əməkhaqqı məbləğində üstələyir, hələ də oğurlanmış milyardlar geri qaytarılmayıb və s. Sadəcə olaraq, oğurlanan məbləğdən 5-3 manat üstümüzə atıblar ki, aldanaq və susaq. Yəni, islahatın dirisi yoxdur, meyitini bizə göstəriblər».

Müəllif oxuculara üz tutaraq yazıb ki, gəlin elə təsəvvür edək , həqiqətən də islahatlara start verilib: «Buna görə ömürlük hakimiyyət həvəsinə düşənlərə yaşıl işıq yandırmalıyıq? Buna görə özümüzü borclu hiss etməliyik? Belə çıxır ki, Avropa ölkələrinin vətəndaşları hökumətin ayağına döşənməlidir. Çünki yüksək əməkhaqqı, keyfiyyətli təhsil və səhiyyə, hər şeydən üstün olan qanunlar, təhlükəsiz qida, istirahət, sosial müdafiə, təminatlı həyat və s. var».

Yazıda vurğulandığına görə, ən böyük səhv o zaman doğulur ki, xalq hakimiyyətdən razı qalır və ona baş əyir.

XS
SM
MD
LG