Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Krım ilhaqdan 5 il sonra – Qərb mediası


Vladimir Putin Simferopolda
Vladimir Putin Simferopolda

Martın 18-də Rusiya Ukraynanın Krım yarımadasının ilhaqının 5 ilini qeyd etdi. Rusiya Prezidenti Vladimir Putin bu münasibətlə Simferopolda mərasimə qatıldı.

“Politico” dərgisində Marc Bennetts yerli sakinlərdən bəzilərinin Rusiyanın tərkib hissəsi olmaqdan məmnunluq duyduqlarını yazır.

“İşlər yaxşılaşır, Krım sürətlə inkişaf edir”, – elektrik Oleg Babanin deyib.

“Yaşayış standartları ciddi dəyişməsə belə, Rusiyaya qoşulmağımıza peşman deyilik”, – evdar qadın Tatiana Bodrova söyləyib.

Onların hər ikisi 2014-cü ildə keçirilmiş mübahisəli referendumda səs verdiyini deyib. Məhz həmin referendumdan sonra Krım Rusiyaya ilhaq olunub.

Vladimir Putin (sağda) Simferopolda ictimaiyyət nümayəndələri ilə görüşür
Vladimir Putin (sağda) Simferopolda ictimaiyyət nümayəndələri ilə görüşür

Kreml ilhaqdan bəri Krıma azı 13,5 milyard dollar yatırtdığını bildirir, bu, digər regionlara qoyulandan çoxdur. Təhlilçilərin fikrincə, sərmayənin məqsədi krımlıların Rusiyanın idarəçiliyindən məmnunluğunu təmin etməkdir. Kreml Krımı Rusiyaya birləşdirən 19 kilometrlik körpü və 250 kilometrlik magistral yol çəkib. Bütün bunların 6 milyard dollara başa gəldiyi bildirilir.

Bazar ertəsi Putin Krımda iki elektrik stansiyasını da açıb, biri Simferopolda, digəri Sevastopolda. Putin bunları Krımın enerji təhlüksizliyinin təminatında vacib addım adlandırıb, deyib ki, elektrik stansiyaları yarımadanın elektrikə tələbatının 90 faizini ödəyəcək.

Amma müəllif Krımda heç də hamının xoşbəxt olmadığını yazır. Tənqidçilər Kremli burada narazıları susdurmaqdan ötrü böyük sayda təhlükəsizlik xidməti agentləri yerləşdirdyini deyir. Rusiya idarəçiliyinə qarşı çıxan etnik ukraynalılar, Krım tatarları, Kiyevə sadiq etnik ruslar yarımadada qorxu mühitinin yarandığını qeyd edirlər.

Kraystçörç ağdərili irqçilərə qucaq açıbmış

“The Associated Press” agentliyi yazır ki, on illər boyunca Yeni Zelandiyanın Kraystçörç şəhəri ölkənin kiçik, amma qətiyyətli ağdərili irqçi hərəkatının mərkəzi olub. Ötən cümə günü bu şəhərdə iki məscidə hücum zamanı 50 nəfər öldürülüb. Saxlanan şübhəlinin ağdərili irqçi olduğu bildirilir.

Hadisə qurbanlarını anırlar
Hadisə qurbanlarını anırlar

Bir ekspert 28 yaşlı avstraliyalı Brenton Tarrantın məhz bu regiona yerləşməsini təsadüfi saymır, axı, ölkənin şimalına baxanda, demoqrafik baxımdan bu regionda daha çox ağdərili yaşayır.

Yeni Zelandiyadakı irqçi qrupları araşdıran akademik Paul Spoonley deyib ki, 2011-ci ildən bəri onlar Kraystçörçdə nisbətən sakit yaşayıblar. Həmin ildə baş vermiş zəlzələ nəticəsində bütöv məhəllələr köçürülüb, yenidənqurmaya gələnə miqrant fəhlələr şəhərin demoqrafiyasını dəyişib.

“Onlar daha sakit görünsələr də, çıxıb getməyiblər. Onlar hələ də burdadırlar”, – deyən akademik 2016-cı ildə baş vermiş insidenti yada salır. O zaman Al Noor məscidinə donuz başları atılmışdı. Cümə günü bu məsciddə 42 nəfər qətlə yetirilib.

Faciədən sonra Kraystçörçdə bir şirkət sahibi də diqqət çəkib. Belə ki, bu şirkətin maşınlarının üzərində olan neo-nasist simvolları Tarrantın silahlarının üzərində də vardı. Şirkət brendində bu təsvirlərdən istifadə edir, onun vebsaytında da əks olunublar.

AP həmin şirkətin ünvanına baş çəkib, amma həyətdə saxlanmış furqonların üzərindən “qara günəş” təsvirinin götürüldüyünü görüb, şirkətin veb ünvanı isə maşınların üstündə olub.

İranda etirazlar, arxiv fotosu
İranda etirazlar, arxiv fotosu

İran fəhlələrin liderlərini “buraxsın”

Belə bir çağırışla “Human Rights Watch” insan haqları təşkilatı çıxış edib.

2017-ci ilin dekabrından 2018-ci ilin yanvarınadək İranda iqtisadi çətinliklərə etiraz aksiyaları keçirilib. İranın təhlükəsizlik agentlikləri isə etirazçılara ənənəvi avtoritar taktikayla cavab verib, tanınmış əmək hüquqları fəallarını həbs edib, qurum bildirir. Ismail Bakhshi və Sepideh Gholian həmin fəallardan yalnız ikisidir. Onlar saxlanma zamanı işgəncəyə məruz qaldıqlarını iddia edəndən sonra, yanvarın 20-də yenidən saxlanıblar.

“Bakhshi və Gholian iki aydır saxlanıb. Onların ailələrinə durumları, ittihamlar barədə heç bir informasiya verilmir”, – qurum bildirir və İran hakimiyyətini fəalları azadlığa buraxmağa çağırır.

“İran vətəndaşların sərbəst toplaşma azadlığını tapdalayır, ancaq əmək etirazları nadir hadisə sayılmır. Bəzi tədqiqatlara görə, ölkəboyunca əmək etirazları artmaqdadır, ABŞ sanksiyaları milyonlara iranlı üçün iqtisadi durumu daha da çətinləşdirdikcə, etirazların davam edəcəyi görünür”, – qurumun İran üzrə tədqiqatçısı Tara Sepehri Far yazır.

XS
SM
MD
LG