Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Karadzic-in şikayəti rədd olunub


Radovan Karadzic məhkəmədə, 2016-cı il
Radovan Karadzic məhkəmədə, 2016-cı il

Haaqadakı beynəlxalq apelyasiya məhkəməsi Radovan Karadzic-in şikayətini rədd edib.

***

Bu gün – martın 20-də BMT məhkəməsi bosniyalı serb hərbi cinayətkar Radovan Karadzic-in apellyasiya şikayəti üzrə qərar verməlidir. Bu qərarı 1995-ci ildə qətlə yetirilmiş 8 min müsəlman kişi və oğlanın yaxınları gözləyir.

Karadzic 2016-cı ildə soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlərdə təqsirli bilinib. Haaqadakı hakimlər isə bu qərarı qüvvədə saxlayıb-saxlamamaq məsələsinə baxacaqlar.

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Karadzic-ə 40 illik həbs cəzası kəsmişdi. Bu tribunal 2017-ci ilin sonunda bağlandı.

Karadzic-in təqsirli bilindiyi 1995-ci il qırğını isə 2-ci Dünya müharibəsindən bəri Avropada ən qəddar cinayət sayılır.

73 yaşlı Karadzic həm də Bosniyanın paytaxtı Sarayevonu dörd ilə yaxın mühasirədə saxlamaqda təqsirli bilinib. Həmin mühasirədə bombalamadan və snayper atəşindən 10 minədək adam həlak olub.

Serebrenitsa qurbanlarının cəsədləri aşkarlanır, 1996-cı il
Serebrenitsa qurbanlarının cəsədləri aşkarlanır, 1996-cı il

“Onun layiq olduğu cəzanı alacağını gözləyirik”, – Serebrenitsa qırğınında 30 qohumunu itirmiş Sehida Abdurahmanovic deyib.

ƏLEYHDARLARI VƏ TƏRƏFDARLARI

Serebrenitsa memorialının kuratoru olan 36 yaşlı Azir Osmanovic isə qırğın vaxtı uşaq olub, özü salamat qalsa da, böyük qardaşının cəsədi tapılmayıb. O, Karadzic-in cəzasının azaldıla biləcəyindən qorxduğunu deyib.

“İnanırıq ki, Bosniya-Herseqovinada təşkil etdiyi cinayətlərə görə ona 40 deyil, 400 il həbs cəzası kəsilməliydi”, – o deyib.

Amma Karadzic-in də tərəfdarları var.

“İnanıram ki, apellyasiya hökmü ilkin instansiyanın qərarından daha yaxşı olacaq. Bəxtimiz gətirsə, o, azad olunacaq”, – müharibə vaxtı Karadzic-in siyasi müşaviri olmuş Momcilo Krajisnik deyib. O, da münaqişədən dolayı uzunmüddətli həbsə məhkum edilib.

Krajisnik bəşəriyyətə qarşı cinayətlər, qeyri-serblərin təqibi və qovulmasına görə 20 il həbs cəzasına məhkum edilib, cəzasının üçdə ikisini çəkəndən sonra 2014-cü ildə azadlığa çıxıb.

Bosniya-Herseqovina müharibəsində 100 min nəfər həlak olub, milyonlarla adam evsiz qalıb.

Serb hərbi komandiri Ratko Mladic də apellyasiya şikayəti verib. O, soyqırımı və hərbi cinayətlərdə təqsirli bilinərək ömürlük həbsə məhkum edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG