Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:24

Saxa-Yakutiyada miqrantlara hücum edənlər saxlanıb


Yakutskda qanunsuz immiqrasiyaya qarşı etiraz aksiyası, 18 mart, 2019-cu il
Yakutskda qanunsuz immiqrasiyaya qarşı etiraz aksiyası, 18 mart, 2019-cu il

Rusiyanın Uzaq Şərqdəki Saxa-Yakutiya regionunda polis Orta Asiyadan miqrantlara hücumda şübhəli bilinən bir qrup yerli sakini saxlayıb.

Region paytaxtı Yakutskun polisi AzadlıqRadiosu-na şübhəlilərin dəqiq sayını açıqlamayıb.

Polis şəhər sakinlərini “etnik nifrəti qızışdırmamağa” çağırıb.

Yakutskun meri Sardana Avksentyeva martın 19-da deyib ki, miqrant işçiləri olan bütün şirkətlərdə mümkün qanunsuz mühacirlərlə əlaqədar təftiş aparılacaq.

***

Yakutskda zorlama hadisəsi etirazlara səbəb olub

Rusiyanın Yakutsk şəhərində bir qadının zorlanmasında polis qırğızıstanlının şübhəli bilindiyini bildirib. Bundan sonra regionda iki gün nümayişlər keçirilib. Hazırda orta asiyalılara məxsus şirkətlər bağlanıb, avtobus xidmətlərinin işi pozulub, Saxa-Yakutiyadakı qırğız miqrantlara xəbərdarlıq olunub ki, evdən çıxmasınlar.

Yakutskun meri Sardana Avksentyeva 18 mart yürüşündə
Yakutskun meri Sardana Avksentyeva 18 mart yürüşündə

Moskvadan 4 min 900 kim şərqdə yerləşən şəhərdə martın 19-da da gərginlik qalmaqdadır. Bir gün öncə 5 minədək adam stadionda yürüş keçirib, iddia olunan zorlamanın qurbanına “ədalət” tələb edib, Orta Asiyadan miqrasiyaya qadağaları sərtləşdirməyə çağırıb.

Jyldyz adlı bir qırğız qadın AzadlıqRadiosuna danışıb ki, o və Orta Asiyadan həmkarları Stolichny bazarına işə getməmək qərarına gəliblər, çünki zorakılıqdan çəkinirlər.

“Bazarda çalışanların səksən faizi qırğızlardır. Bazarda Qırğızıstan adlı kafe də var. Dükanlarımızı bağlamışıq, çünki sosial şəbəkələrdə şayiələr gəzir ki, Yakutskda orta asiyalılara məxsus şirkətlərdə reydlər başlanıb. Evdən çıxmağa qorxuruq”, – o telefonla müsahibəsində deyib.

DURUM “HƏQİQƏTƏN ÇOX PİSDİR”

Yerli medianın məlumatına görə, martın 19-da Yakutskda azı 80 şəhər avtobusu işləməyib. Çünki Orta Asiyadan olan bir avtobus sürücüsünün naməlum şəxslər tərəfindən bərk döyülməsi barədə xəbərlər yayılıb.

Jazbek Bekboliev
Jazbek Bekboliev

​Yakutsdakı qırğız diasporunun lideri Jazbek Bekboliev telefonla AzadlıqRadiosuna deyib ki, durum “həqiqətən çox pisdir”. O, beş qırğızın naməlum şəxslər tərəfindən döyülməsi barədə şayiələr, yaxud xəbər yayıldığını deyib. “Həmvətənlərimizi evdən çıxmamağa çağırmışıq”, – o əlavə edib.

Saxa-Yakutiya hökuməti vebsaytında Qırğızıstan rəsmilərinin region lideri Aisen Nikolayevin idarə rəisi Fyodor Borisov-la Qırğızıstandan qanunsuz miqrantların məsələsini müzakirə etdiyini bildirir.

Martın 17-də 200-dək etirazçı Yakutskun mərkəzinə çıxaraq Orta Asiyadan əmək miqrantlarının hamısının deportasiyasını tələb edib. Bundan öncə isə yerli media polisə istinadla yazıb ki, martın 16-da 36 yaşlı qadının oğurlanaraq zorlanmasında 23 yaşlı qırğızıstanlı şübhəli bilinərək saxlanıb. Polis daha iki qırğızıstanlının əsas şübhəliyə qadını oğurlamağa kömək etdiyini, amma onların həbs olunmadığını söyləyib.

Bekboliev Saxa-Yakutiyada 10 minədək qırğız işçi miqrantın olduğunu deyir.

Türkdilli qruplar olan yakutlar isə regionun 1 milyonluq əhalisinin təxminən yarısını təşkil edir.

Zaman-zaman Rusiyanın bir sıra şəhərlərində Orta Asiyadan işçi miqrantlarla digər sakinlər, eləcə də etnik ruslar arasında gərginlik yaşanır.

XS
SM
MD
LG