Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

'Soyğunçu faiz dərəcələri ilə işləyən bank sistemindən…'-deputat (Media icmalı)


Ə.Məsimli
Ə.Məsimli

Ölkədə su ehtiyatları, kredit faizləri, mövcud sosial-iqtisadi siyasətə baxış və başqa məsələlər medianın aparıcı mövzularındandır.

Deputat: «İmitasiyalara yer olmasa...»

Modern.az saytında «Deputat: Oliqarxların mövqeyinin zəiflədilməsi işi davam edəcək» sərlövhəli yazı oxumaq olar.

Sayt deputat Əli Məsimli ilə ölkədəki mövcud sosial-iqtisadi vəziyyətə dair söhbət təqdim edib.

Ə.Məsimli deyib ki, Azərbaycan öz inkişafının yeni mərhələsinə - post-neft dövrünə daxil olub. Onun fikrincə, islahatlar istiqamətində atılan addımlar ölkə iqtisadiyyatını əsaslı surətdə modernləşdirməyə və neft gəlirlərinin dominant rol oynadığı iqtisadiyyatdan insan amilinin prioritet təşkil etdiyi innovasiyalı inkişafa keçidə xidmət etməlidir: «Başlanan islahatlara davamlı xarakter verilsə, imitasiyalara yer olmasa,... qanundan yuxarıda duranların bu islahatlardan sui-istifadə etmək səylərinin qarşısı alınsa, iqtisadiyyatın davamlı inkişafinı, rəqabətqabiliyyətliliyini və əhalinin rifahının artırılmasını təmin edə bilərik».

Deputat görə, ölkədə problemli kreditlər məsələsini etibarlı şəkildə həll etməkdən ötrü əsaslı islahatlara gedərək bank faizləri endirilməlidir: «...26-28 faizlik soyğunçu faiz dərəcələri ilə işləyən bank sistemindən birrəqəmli faiz dərəcələri ilə fəaliyyət göstərən sivil bank sisteminə keçid sürətləndirilməlidir».

Ə.Məsimlinin fikrincə, vətəndaşlar öz konkret problemləri ilə bağlı ümid yeri kimi prezidentə müraciət edib, ondan kömək istəyirlərsə, bu artıq o deməkdir ki, ümumiyyətlə, mövcud idarəçilik sistemi «Asan Xidmət»dən kənar məsələlərdə vətəndaşların problemlərinin rahat həllinə imkan vermir: «Zəif işləyən dövlət institutları ucbatından yığılıb qalan, həll olunmamış sosial problemlər... əhalinin narazılığına səbəb olur və vətəndaş ümid yerini yalnız prezidentə bağlayır».

R.Ağayev
R.Ağayev

Bank qanunvericiliyinə dəyişiklik

Yenisabah.az saytında «Azərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaq» sərlövhəli yazı diqqət cəlb edir.

Yazıda bildirilir ki, banklar haqqında qanunvericiliyə yeni dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasına kreditlər üzrə faiz dərəcələrinin, komisyon haqlarının və bank xidmətlərindən ötrü ödənişlərin yuxarı həddinin müəyyənləşdirilməsi səlahiyyəti veriləcək. Bu barədə sayta məlumat verən iqtisadçı Rövşən Ağayev bildirib ki, Azərbaycanda kreditlər çox bahadır. Onun fikrincə, bunun əsas səbəblərindən biri də bankların özlərinin cəlb etdiyi resursların bahalığıdır: «Hazırda bank sektoru üzrə resursların 65 faizi depozitlərdən formalaşır. Depozitlərin, xüsusilə milli valyutada depozitlərin faizlərinin xeyli yüksək olduğu hər kəsə məlumdur».

İqtisadçının fikrincə, bir qayda olaraq, bazar qanunlarının effektiv çalışdığı, bank sektorunda rəqabət mühitinin yüksək səviyyədə təmin edildiyi şəraitdə açıq bazar əməliyyatları, kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi kimi alətlər iqtisadiyyatda ucuz resursların yaranmasına imkan verir.

R.Ağayev hesab edir ki, indi Maliyyə Bazarlarına Nəzarət Palatasına kredit faizlərindən ötrü maksimum tavanın müəyyən olunması səlahiyyəti verilməsi gözləntisi Mərkəzi Bankın əlində olan rıçaqların işləmədiyinin etirafıdır.

Rəsmi inflyasiyanın cəmi 2 faiz olduğuna diqqət çəkən iqtisadçı vurğulayıb ki, banklar ucuz kredit verməkdənsə, öz resurslarını qiymətli kağızlar bazarına, depozit hərraclarına yönəldər: «Yəni bu tip amillər düyün nöqtələridir - bu düyünlər necə çözüləcək? Kredit faizlərinə yuxarı tavan müəyyən etməklə bərabər, qanunvericiliyə bankların resurslara ədalətli çıxışı üçün də mexanizmlər gətirilməldir».

O deyib ki, pensiyaların, büdcə maaşlarının və subsidiyaların paylanılması, dövlət təşkilatlarının qarşılıqlı maliyyə əməliyyatlarının aparılması yalnız kiçik bir qrup bankın imtiyazı, təminatlı gəlir mənbəyi olaraq qalmamalı, bütün bank sistemini əhatə etməlidir.

Araz çayının yeni qolu
Araz çayının yeni qolu

«Su bərəkətdir»

«Azərbaycan» qəzetində «Su həm də bərəkətdir» sərlövhəli yazı dərc edilib.

Yazıda ölkənin su ehtiyatları və ondan istifadə dəyərləndirilir.

Müəllif vurğulayır ki, məhsuldarlığın artmasına səbəb olan əsas amillərdən biri su təminatıdır, amma Azərbaycanda su ehtiyatları məhduddur.

Yazıda qeyd edilir ki, bu vəziyyətə baxmayaraq, ərzaq təhlükəsizliyinin təmin olunması və ixracda aqrar məhsulların çəkisinin artırılmasından ötrü yeni əkin sahələri dövriyyəyə daxil edilməli, onların su təminatını yaratmaqdan ötrü meliorativ tədbirlər görülməlidir.

«Ölkəmizin su təhlükəsizliyinin təminatında mühüm rol oynayan Taxtakörpü və Şəmkirçay kimi iri su anbarlarının tikilməsi məhz bu zərurətdən irəli gəlmişdir. Həmin anbarlarda toplanan su müxtəlif məqsədlər üçün istifadəçilərin ixtiyarına verilmişdir», - müəllif bu iki su bazasının əhəmiyyətini vurğulayır.

Yazıda görülən işlərdən bəhs edilərək bildirilir ki, cəbhəyanı ərazilərin də su ilə təminatı dövlətin diqqət mərkəzindədir.

Yazının sonunda da oxuyuruq: «Cari ildə isə Ağdam rayonunun 20 yaşayış məntəqəsində 35 subartezian quyusunun qazılmasına başlanılıb. Bu, əhalisi 26.2 min nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatını yaxşılaşdıracaq».

XS
SM
MD
LG