Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Bayram bazarlığında: 'Qiymətlər ötən ilə nisbətən yüksəkdir' [Media icmalı]


A.Mirzəzadə
A.Mirzəzadə

Prezidentin imzaladığı əfv sərəncamı, Novruz bayramı öncəsi satış nöqtələrində qiymətlər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Vətəndaşın probleminin həlli ölkə rəhbərliyinin diqqətindədir»

Rəsmi AZƏRTAC saytında «Aydın Mirzəzadə: Əfv sərəncamı göstərir ki, hər bir vətəndaşın probleminin həlli ölkə rəhbərliyinin diqqətindədir» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, prezident İlham Əliyevin martın 16-da imzaladığı sərəncam ilə 431 nəfər məhkum əfv olunub. Martın 17-də dörd cəzaçəkmə müəssisəsində həmin insanlara buraxılış vərəqələri təqdim edilib.

Əfv prosesi ilə bağlı sayta hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi, deputat Aydın Mirzəzadə məlumat verib. O qeyd edib ki, belə əfv sərəncamlarını prezident İlham Əliyev vaxtaşırı imzalayır: «Son illərdə dövlətimizin başçısı 35 əfv sərəncamı imzalayıb, 5 mindən çox məhbus həbsdən azad edilib. Bu, böyük humanistlikdir. Heç bir ölkədə vətəndaşa belə humanistcəsinə yanaşılmır. Prezidentimiz həmin insanlara özlərini həyatda bir daha sınamaq imkanı verir. Onları öz ailələrinə, öz mühitinə qaytarır. Bu bir daha göstərir ki, hər bir vətəndaşın probleminin həlli, onların qayğıları ölkə rəhbərliyinin diqqətindədir».

Deputat vurğulayıb ki, belə bir tədbirin keçirilməsi Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə təmin olunmasından xəbər verir.

Cəzaçəkmə müəssisələrində məhbuslara lazımı şərait yaradıldığının şahidi olduğunu deyən A.Mirzəzadə habelə qeyd edib ki, son illərdə penitensiar sahədə qanunvericilik aktları liberallaşdırılıb, saxlanma şəraiti, qida rejimi, cəza çəkən şəxslərə qarşı rəftar yaxşılaşıb: «Onlara tibbi yardım göstərilir və islah olunma prosesində təkmilləşmə müşahidə olunur. Bu göstərir ki, vətəndaşlarımızın hüquqların qorunmasında bütün aspektlər nəzərə alınır...».

R.Səfərov
R.Səfərov

«Məni ona görə həbs etdilər ki...»

Azadiq.info saytında yer alan «Mübarizə əzmim əvvəlkindən də artıqdır» sərlövhəli yazıda da əfv mövzusundan bəhs edilir.

Sayt dövlət başçısının imzaladığı əfv fərmanı ilə azadlığa çıxan keçmiş müstəntiq Rüfət Səfərovun düşüncələrinə yer verib.

R.Səfərov həbsinə səbəb kimi bəzi həqiqətləri söyləməsini (2015-ci il dekabrın 20-də prokurorluq sistemindən istefa verməsi ilə bağlı siyasi bəyanatını nəzərdə tutur –red.) göstərir. O, həbsini özünün və ailəsinin ömründən kəsilməsi kimi dəyərləndirib: «Bəli, bu hakimiyyət təkcə xalqın mal-dövlətini, neftini-qazını, təbiətini-meşəsini, suyunu-dənizini, təhsilini-mədəniyyətini, qələmini-sözünü, seçimini-səsini deyil, həm də ömrünü-gününü soyur...».

Keçmiş müstəntiq deyib ki, həbs olunmasına və orada üzləşdikləri təzyiqlərə rəğmən, sınmayıb: «Əvvəl hansı bünövrə prinsipləri rəhbər tutub yaşayırdımsa, eynisi varlığıma hakimdir. Azadlıqda ikən iradə, əzm və səbatın nə demək olduğunu ədəbi mətnlərdən öyrənirdimsə, məhbəsdə gerçək həyatdan fəhm etmək imkanım oldu».

R.Səfərov vurğulayıb ki, həbsxana həyatı avtoritarizmin cövhərini ona tam anladıb: «Məhz bu anlayışı gələcək uğurlarımın başlıca rəhni sayır, hüquq və vətəndaşa söykənən dövlət-cəmiyyətin qurulacağına inanıram. Təbii, bu inamı təkbaşına qazanmadım. Həbs dövründə sayğıdəyər dostlardan aldığım fasiləsiz dəstək mübarizəyə və onun uğurlu nəticələrinə dair dərin inam hissinə stimul oldu».

Bakıda bazar
Bakıda bazar

«Eyni bahalıq, eyni məhsullar»

Bizimyol.info saytında «Qiymətlər ötən ilə nisbətən daha yüksəkdir- Bayram bazarlığı» sərlövhəli yazı oxumaq olar.

Müəllif Novruz bayramı ərəfəsi qiymətləri öyrənmək məqsədilə paytaxtın ayrı-ayrı satış nöqtələrində alıcı və satıcılarla söhbətləşib.

Yazıda qeyd edildiyinə görə, bəzi alıcılar bildiriblər ki, ötən illə müqayisədə qiymətlər nisbətən bahadır. Amma başqaları qiymətlərdən bir elə də şikayətlənməyiblər. «Yeni il ərəfəsində və Novruz bayramı ərəfəsində yerin icarə qiyməti qaldırılır. Bu səbəbdən də bu qiymətlərə təsirsiz ötüşmür. Bu ay da yer haqqı artıb, ona görə də satdığımız məhsulun üzərinə nisbətən daha çox qoymalı oluruq. Lakin alıcılarımız da çox olur, məcburiyyətdən alırlar, çünki başqa yerlərdə də qiymətlər bahadır», - Bakıdakı «Təzə bazar»da bildiriblər.

Alıcılar da qiymətin bahalığından şikayət ediblər: «Ötən il şabalıdı 6 manata alırdıq, ən pis halda 7 manata alırdıq, bu il isə ən yaxşı halda şabalıdı 8 manata alırıq. Eyni zamanda, qoz və fındıq ləpəsinin də qiymətində artım var. Əvvəl 10-12 manata alırdıqsa, bu il qiymət 13 manatdan başlayır».

Müəllifin yazmasına görə, bəzi alıcılar bildiriblər ki, Bakı şəhərinin bir neçə yerində təşkil edilən yarmarkalarda da qiymətlər bahadır: «Bayram yarmarkalarında da qiymətlər bahadır. Ələlxüsus da meyvə tərəvəzlər...».

Müəllif metronun «Nizami» stansiyasının yaxınlığındakı yarmarkaya da baş çəkib. Yazıda vurğulandığına görə, orada qoz ləpəsi 13-18, təmizlənməmiş fındıq ləpəsi 13 manat, təmizlənmiş və qovrulmuş 15 manat, ərik qurusu 13 manat, sarı kişmiş 7, qara kişmiş isə 9-10 manat civarında təklif edilib.

Başqa yarmarka və satış məntəqələrində də olan müəllif daha sonra da alıcıların şikayətinə əsasən yazıb: «Eyni bahalıq, eyni məhsullar...».

XS
SM
MD
LG