Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

'Sovetski' sakini: 'Ya köçürməsinlər, ya da normal pul versinlər'. (Media icmalı)


VII Bakı Qlobal Forumu, «Sovetski» sakinlərinin kompensasiya narazılığı, uşaqlara aylıq müavinətin verilməsi təklifi ətrafında müzakirələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Sovetski»də kompensasiya narazılıqları

«Yeni Müsavat» qəzetində «Sovetski sakinlərinin kompensasiya dərdi-mənzillər bahalaşıb, təzminat məbləği isə dəyişməyib» sərlövhəli yazı oxumaq olar.

Müəllif Bakının «Sovetski» adlandırılan məhəlləsindəki söküntülər və sakinlərin verilən kompensasiyalardan narazılığından bəhs edir.

Yazıda qeyd edilir ki, hazırda bu məhəllədə söküntü işləri davam edir, bu ərazi ilə bağlı Bakı rəhbərliyi detallarını açıqlamasa da, xüsusi plan hazırlandığını bildirir.

Müəllif vurğulayıb ki, hər kvadratmetrə görə sakinlərə 1500 manat pul ödənilib. Yazıda habelə qeyd edildiyinə görə, hazırda evləri söküntüyə düşəcək sakinlərin əksəriyyəti verilən kompensasiyanın azlığından şikayət edir və bildirirlər ki, dövlət kompensasiya məsələsinə yenidən baxmalıdır: «Onlardan öyrəndik ki, köçürülmənin üçüncü mərhələsində də narazı sakinlər olub. Belə ki, sakinlərin sözlərinə görə, kompensasiya ödənilən zaman evin artırılmış hissəsinə heç bir məbləğ ödənilməyib».

Yazıda bildirildiyinə görə, sakinlər kompensasiya ödənişinin artırılmasını istəyirlər. Onlar bunu 2015-ci il devalvasiyasndan sonra manatın dollara nisbətdə iki dəfədən çox dəyər itirməsi ilə əsaslandırırlar. «Camaata 1500 manat veriləndə 1 dollar 78 qəpik idi, bazarda məhsullar ucuz idi. İndi necə olur ki, bütün hər şey bahalaşır, kompensasiya isə yerində qalır. Ya köçürməsinlər, ya da normal pul versinlər ki, biz də özümüzə ev ala bilək»,- sakinlər bildirir.

«Sovetski»də söküntülərin ilk mərhələsi 2014-cü ildə başlanıb.

M.Quliyev
M.Quliyev

Deputat: «Uşaqlar arasında fərq qoyulmamalıdır»

Oxu.az saytında «Uşaqpulu ilə sosial müavinət fərqlidir? - Deputat aydınlıq gətirdi» sərlövhəli yazı yer alır.

Yazıda son vaxtlar ölkədə uşaqlara aylıq müavinətlərin verilməsi ilə bağlı müzakirələr ətrafında deputat Musa Quliyevin fikirləri təqdim edilib.

Deputat sayta bildirib ki, uşaqpulu özü də sosial müavinət növüdür, sadəcə, sovet dönəmində «uşaqpulu» adı ilə təqdim olunub. Deputat vurğulayıb ki, o da uşaqlarla bağlı sosial müavinətlərin bərpasının tərəfdarıdır.

Deputat xatırladıb ki, ötən əsrin 90-cı illəri və 2000-ci illərin lap əvvəllərində Azərbaycanda uşaqpulu çox cüzi olub: «Əslində, ona uşaqpulu da demək olmazdı, həmin pul heç nəyə yaramırdı. Ona görə də 2000-ci illərdə uşaqpulu ləğv olundu və o, ünvanlı sosial yardımla əvəzləndi. Daha doğrusu, maddi imkanları aşağı olan insanlar ünvanlı sosial yardım alarkən bu məsələ də onun içində həllini tapdı».

Uşaqlara aylıq müavinətin bərpasına tərəfdar olduğunu deyən deputat sonra da bunları əlavə edib: «Amma ola bilər ki, bu məsələ həllini tapacağı təqdirdə, o, 0-3 yox, 0-6 yaşlarında və ya ondan bir qədər yuxarı yaş həddində müəyyənləşdirilməlidir. Bu isə aparılacaq hesablamalardan, məsələnin maliyyə tutumunun müəyyənləşdirilməsindən və müvafiq qərarın verilməsindən sonra məlum olacaq. İndidən bu barədə konkret nəsə demək çətindir».

M.Quliyevin fikrincə, bu məsələni həll etməklə bir daha dövlət öz vətəndaşına, öz gələcəyi olan nəslə sahib çıxmış olduğunu göstərəcək: «Bu baxımdan, uşaqpulunun bərpası, sosial müavinətin artırılması dövlətin öz gələcəyinə sahib çıxmasını bir daha açıq şəkildə ortaya qoyur».

M.Quliyev hesab edir ki, əgər bu məsələ həllini taparsa, ünvanlı sosial yardım alan ailələrin uşaqları da bu hüquqdan yararlanmalıdır: «Yəni onlar həm sosial müavinət, həm də ünvanlı sosial yardım almalıdırlar. Hər iki məsələ birlikdə həllini tapmalıdır. Uşaqpulu ailələrin gəlir səviyyəsindən asılı olmayaraq, bütün uşaqlara verilməlidir. Çünki bu, dövlətin öz uşağına verdiyi vəsaitdir və uşaqlar arasında fərq qoyulmamalıdır!».

Bakı Qlobal Forumu. 2017
Bakı Qlobal Forumu. 2017

VII Qlobal Bakı Forumu

«Azərbaycan» qəzetində «İlham Əliyevdən dünyaya sülh, ədalət və əməkdaşlıq çağırışı» sərlövhəli yazıda VII Qlobal Bakı Forumu dəyərləndirilir.

Budəfəki mövzusu «Dünyanın yeni xarici siyasəti» olan Forum martın 14-dən başlayıb, onun martın 16-da başa çatacağı gözlənir.

Müəllif yazıb ki, Azərbaycan yalnız bölgənin lideri, dünyada söz sahibi olan və müstəqil siyasət həyata keçirən ölkə kimi tanınmır. Yazıda vurğulandığına görə, Azərbaycanı tanıdan başqa bir səbəb təşəbbüsləri ilə dünyada sülhün, təhlükəsizliyin möhkəmlənməsinə, milli, ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə töhfələr verməsidir: «Artıq xeyli müddətdir ki, ölkəmiz bütün dünyanın diqqət mərkəzində olan qlobal məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Azərbaycanın təşəbbüsü ilə yaranan «Bakı prosesi» qlobal hərəkata çevrilib və BMT tərəfindən dəstəklənir».

Müəllifin fikrincə, Qlobal Forumun Bakıda keçirilməsi də dünya ictimaiyyətinin Azərbaycana olan hörmətinin, etimadının ifadəsidir. Yazının sonunda da oxuyuruq: «Qlobal Bakı Forumu səmərəli diskussiya və dialoq məkanıdır. Bu diskussiyalara görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər qoşulurlar. Ona görə də bu qlobal platformanın dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi dialoq üçün əlverişli şərait yaratdığı şübhəsizdir».

XS
SM
MD
LG