Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

Rusiya Venesuelaya milyardları niyə axıdıb – Qərb mediası


Igor Sechin (solda) PDVSA rəhbəri Manuel Quevedo ilə görüşür, arxada Venesuelanın hakimiyyətini saxlamğa çalışan prezidenti Nicolas Maduro-dur
Igor Sechin (solda) PDVSA rəhbəri Manuel Quevedo ilə görüşür, arxada Venesuelanın hakimiyyətini saxlamğa çalışan prezidenti Nicolas Maduro-dur

Rusiyanın Rosneft şirkəti Venesuelada birgə müəssisələrə böyük bir sərvət yatırıb. Milyonlarla dolları itirdiyini bilə-bilə sərmayələri davam etdirib, çünki Kreml Cənubi Amerikadakı bu müttəfiqini dəstəkləmək istəyib. Bunu “Reuters” agentliyi sənədlərə əsasən üzə çıxarıb.

Agentliyin hesablamasına görə, Rosneft 2010-cu ildən Venesueladakı layihələrə 9 milyard dollaradək vəsait axıdıb. Agentlik bunu şirkətin illik hesabatları, ictimai açıqlamaları, daxili sənədlərinə əsasən hesablayıb.

Amma rusiyalılar həm də Venesuelanın dövlət neft şirkəti PDVSA ilə birgə müəssisələrin onlara yüz milyonlarla dollar borclu qaldığını, birgə müəssisələrlə neft hasilatının layihələndirildiyindən xeyli aşağı olduğunu biliblər.

Rusiyalıların ondan da xəbəri olub ki, PDVSA bir neçə yüz nəfərin yaşadığı uzaq bir yerdə “sosial layihələrə” bir birgə müəssisədən milyonlarla dollar xərcləyib.

Menecerlər problemləri Rosneft rəhbəri Igor Sechin-in diqqətinə çatdırınca o, durumu düzəltməyə göstəriş verib.

PDVSA-nın baş ofisi
PDVSA-nın baş ofisi

2015-ci ilin sonundan Rosneftin problemləri düzəlməyə başlayıb, çünki maraqlarını daha çox nəzarətə götürüb. Amma Rosneft yenə də böhran içində olan bir şirkət və ölkəyə böyük sərmayələrə sahibdir.

Mənbələr bunu siyasi amillərlə izah ediblər. Çünki dövlətə məxsus Rosneftin məqsədi Moskvanın Karakasdakı müttəfiqlərinə kömək etmək olub.

“Reuters” hesablayıb ki, 2010-cu ildən Venesuelaya kreditlər, müxtəlif layihələrlə 9 milyard dollardan çox pul tökən Rosneft hələ gəlir götürməyib.

Ukraynada prezident seçkisini anlamaq

Martın 31-də Ukraynada prezident seçkisi keçiriləcək. “Euronews” ilkin olaraq 44 namizədin qeydiyyatdan keçdiyini, amma onların sayının artıq 39-a düşdüyünü yazır.

Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Son rəy sorğuları namizədlərin heç birinin çoxluğu qazana bilməyəcəyini göstərir və bu da aprelin 21-də seçkinin ikinci raundunun mümkünlüyünü ortaya çıxarır.

2014-cü ildə rusiyapərəst Viktor Yanukovych devriləndən sonra ölkədə növbədənkənar seçki keçirildi və martın 31-də ilk dəfə olaraq ümummilli seçki baş tutur.

İndiki prezident Petro Poroshenko 2014-cü il mayın 25-də səslərin 55%-ni qazandı. O, Ukraynada sülh, Donbas regionunun reinteqrasiyası, struktur islahatları, qərbi Avropayla daha sıx assosiasiya vəd etdi.

Bunlardan bəzilərini gerçəkləşdirə bilsə də, ölkənin şərqində münaqişə davam edir. 2014-cü ildə Krım regionunu ilhaq edən Rusiya buradakı separatçıları dəstəkləyir. Görünür, yeni prezidentin siyahısı da problemlərdən əskik olmayacaq.

Hazırda seçki marafonunun lideri komediya ustası Volodymyr Zelenskiy sayılır, onu 25 faiz dəstəkləyir. “Euronews” yazır ki, bu reytinq ukraynalıların çoxunun məyusluğunu, hakimiyyətdəki siyasətçilərə inamsızlığını göstərir. Zelenskiy-ni güclü oliqarxlardan sayılan Ihor Kolomoyskiy dəstəkləyir.

Son rəy sorğuları Prezident Poroshenko-ya dəstəyin 17%, keçmiş baş nazir Yulia Tymoshenko-ya isə 18 faiz olduğunu üzə çıxarıb.

Vətəndaş Mövqeyi partiyasının lideri, keçmiş müdafiə naziri Anatoliy Hrytsenko-ya dəstək 10,3%-dir. Devrilmiş prezident Viktor Yanukovych-in dostu Yuriy Boyko-ya dəstək 10 faizə yaxındır. O, Rusiyaya meylli çoxsaylı partiyalardan birini təmsil edir.

Assad-ı indi nə qayğılandırır

Suriyada vətəndaş müharibəsinin başlamasından səkkiz il keçir. Prezident Bashar al-Assad-ın düşmənlərindən çoxu məğlub edilib, ölkənin əsas hissəsi onun nəzarətinə alınıb. Amma “Reuters” agentliyi prezidentin bunu bayram etmədiyini yazır.

Dəməşqdə Bashar al-Assad-ın portreti
Dəməşqdə Bashar al-Assad-ın portreti

“Ötənilki kimi yanlış olaraq müharibənin bitdiyini düşünməməliyik. Bunu təkcə vətəndaşlara deyil, məmurlara da deyirəm”, – Assad ötən ay tərəfdarları qarşısında çıxışında deyib.

O hələ çox döyüşün gedəcəyini söyləyib, xarici dövlətlərin “mühasirəsi”ndən danışıb.

“Bu mühasirənin özü də döyüşdür, əvvəlki illərə nisbətən güclənir”, – Assad Dəməşqdə mətbuat konfransında vurğulayıb.

Agentlik bu qışın Dəməşq üçün xoş keçmədiyini yazır. Artıq bir ilə yaxındır şəhərə bomba düşmür, amma sakinlər yanacaq qıtlığından şikayətlənir, hökumətsə buna görə Qərbin sanksiyalarını suçlayır.

Məişətdə işlətmək üçün hökumətin payladığı qaza görə növbələr yaranır. Görünür, Suriya hökuməti İran və Rusiyanın köməyilə hərbi qələbələr qazansa da, daha böyük iqtisadi çətinliklərlə üzləşir.

Qərb münaqişə siyasi həllini tapmayınca kömək etməyəcəyini deyir. Assad isə güzəştə gedənə oxşamır, düşmənlərini ölkənin şimal-qərbində bir küncə sıxışdırıb.

“Assad-la razıyam – müharibə bitməyib. Rejimə çökmə təhlükəsi olmasa da, nəhəng siyasi və iqtisadi problemləri var”, – Suriya üzrə ekspert David Lesch deyib.

Ekspert indiki durumda Suriyanın daha çox Afrikada böhran içində olan Sudana bənzəyə biləcəyini deyir, burada dövlətin nəzarəti məhduddur, muxtar regionlar onun əhatəsindən kənardır.

“Sual odur ki, Bashar al-Assad və ətrafındakılar gələcəklərinin belə olacağını anlayırlarmı?” – o deyib.

XS
SM
MD
LG