Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:44

'Banklar borclarını tələb edirlər'-Media icmalı


Evlər
Evlər

Azərbaycanın tranzit, logistika imkanları, Bakıda qeydiyyatsız yaşayan insanların problemləri, bank-vətəndaş çəkişmələrinin davam etməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Qeydiyyat problemi

Oxu.az saytında «Minlərlə insan Bakıda qeydiyyatsız və müqaviləsiz yaşayır - Qanun nə deyir?» sərlövhəli yazı yer alır.

Müəllif paytaxt Bakıda sənədsiz evlər və qeydiyyatsız sakinlər problemini əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə ilə gündəmin müzakirəsinə daşıyıb.

Yazıda qeyd edilir ki, Bakıda yaşayış evlərinin böyük əksəriyyəti sənədsizdir, vətəndaşlar qeydiyyatsız yaşayır, müqaviləsiz kirayə verilən evlərlə bağlı problem də illərdir ki, bitmir: «Bölgələrdən paytaxta axın edən insanların sayı sürətlə artır. Bu da mövcud problemləri daha da dərinləşdirir. Maraqlı məqam isə odur ki, paytaxta gələnlərin çoxu Bakıda özünə ev-eşik qursa da, qeydiyyat problemi elə problem olaraq qalır».

Yazıda bildirilir ki, sakinlərin Bakıda qeydiyyatsız yaşaması onların pulsuz tibbi müayinədən keçmək və hansısa sənədi almaq imkanlarını məhdudlaşdırır.

R.Qasımzadə oxu.az-a deyib ki, qeydiyyat məsələsində ev sahibi özü maraqlı deyil. Çünki kirayənişini qeydiyyata salan ev sahibləri qanunvericiliyin tələblərinə uyğun olaraq gələcəkdə evini satmaq istəsə, qeydiyyatda olan insanlardan razılıq almalıdır: «Yalnız bir şərtlə - kirayənişin əcnəbi vətəndaş olduqda qeydiyyat məsələsinə müraciət edirlər».

R.Qasımzadə söyləyib ki, kirayə mənzillərin müqavilə əsasında verilməməsinin daha bir səbəbi vergidən yayınmadır: «Amma bir məsələ də var ki, mənzil sahibi bir il müddətinə evi kirayə verir. Üç ay sonra kirayənişin deyir ki, mən artıq çıxmaq istəyirəm. Belə halda ev sahibi məcburiyyət qarşısında həmin vergini özü ödəməli olur».

Sonda isə müəllif yazıb ki, Bakıda kirayə mənzillər bahalaşıb...

Pul
Pul

«Hələlik, iddiaların geri çəkilməsinə başlanmayıb»

«Yeni Müsavat» qəzetində «Banklar problemli krediti olanlardan borclarını tələb edirlər» sərlövhəli yazı oxumaq olar.

Müəllif xatırladıb ki, dövlət başçısı iki həftə öncə banklara 10 min dollara qədər borcu olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı fərman imzalayıb, müvafiq dövlət qurumları onun icrası istiqamətində fəaliyyətə başlayıblar.

Yazıda bildirilir ki, fərmanla faiz və dəbbə pulu üzrə tətbiq olunacaq güzəşt mexanizmi formasını Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə martın 15-ə kimi təsdiq etməlidir və sənəddən irəli gələn digər məsələlər də həllini tapmalıdır.

Müəllif vurğulayıb ki, fərmanda banklara problemli kreditlərlə bağlı məhkəmələrdəki iddialarını geri çəkmək tövsiyəsi də yer alıb.

Yazıda qeyd edilir ki, fərmanın icrası ilə bağlı işlər görülərkən banklar və məhkəmə orqanları borclulardan ödəniş etmələrini istəyirlər: «Bununla bağlı redaksiyamıza müraciət edən şəxslər banklardan onlara zəng vuraraq ödənişlərini icra etmələrini istədiklərini bildirirlər. Bir neçə oxucumuz isə məhkəmə icraçılarının onlardan məhkəmə qərarına əməl edərək, borclarını bağlamalarını istədiklərini deyirlər».

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov deyib ki, prezidentin fərmanı problemli manat və xarici valyutada olan kreditlərin tam bağışlanmasını nəzərdə tutmur. Xarici valyutada 10 min dollara qədər olan kreditlərin məzənnə fərqinin 92 faizinin dövlət hesabına ödənməsi gözlənir: «Faiz və dəbbə puluna tətbiq olunacaq güzəşt mexanizmi də hazır deyil».

Bu baxımdan o, bankların indi müştərilərdən ödəniş istəməsində qanunsuz heç nə görmür: «...Banka olunan borc ödənişindən birinci faiz borcu çıxılır, yerdə qalan pul əsas borcun ödənişinə yönəldilir. Bu baxımdan, vətəndaşın imkanı yoxdur ki, gedib əsas borcunu ödəsin, faizlər qalsın. Düşünürəm ki, faizlərin silinməsinə görə çoxlu sayda vətəndaş fərman icra olunanadək borcunu ödəmək istəməyəcək və banklar da buna mane ola bilməyəcəklər».

Məhkəmə icraçılarının davranışlarına gəlincə, Ə.Həsənov deyib ki, banklara məhkəmələrdən iddiaların geri çəkilməsi tövsiyə olunub: «…hələlik, iddiaların geri çəkilməsinə də başlanmayıb. Bu halda məhkəmə icraçılarının qərarların icrasını tələb etməsi təbiidir».

Bakı-Tbilisi-Qars dərmir yolunun açılışı. 2017
Bakı-Tbilisi-Qars dərmir yolunun açılışı. 2017

«Avrasiyanın tranzit mərkəzi»

«Azərbaycan» qəzetində «Avrasiyanın tranzit və logistik mərkəzi» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə ən uzaq dövlətləri birləşdirən strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Yazıda vurğulanıb ki, bu ticari-iqtisadi dəhlizlər əhəmiyyətini indi də qoruyub saxlayır və qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində strateji əhəmiyyət kəsb edir.

Müəllifin fikrincə, Azərbaycanın tranzit potensialının reallaşdırılması prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur: «Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan həm üzərinə düşən bütün işləri vaxtında reallaşdırır, həm də prosesə öz müsbət töhfəsini verir».

Yazıda vurğulanır ki, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın Asiya və Avropa dəmir yollarına inteqrasiyasına öz töhfəsini verir. Müəllif hesab edir ki, Çindən Avropaya yüklərin çatdırılma vaxtının qısaldılması bütün tərəflərə iqtisadi dividentlər qazandırır.

Yazının sonunda da oxuyuruq: «...Azərbaycan ərazisindən keçən dəhlizlərin fəaliyyətinin təkmilləşdirilməsi dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasında, ticarət əlaqələrinin genişləndirilməsində, yükdaşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafında faydalı olacaq. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artması ilə nəticələnəcək».

XS
SM
MD
LG