Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Amnesty AB-ni Xorvatiya polisi ilə əlbirlikdə suçlayır


Bosniyanın Xorvatiya ilə sərhəddində miqrantlar
Bosniyanın Xorvatiya ilə sərhəddində miqrantlar

Amnesty International insan haqları təşkilatı Avropa Birliyini Xorvatiya polisi ilə “əlbirlik”də suçlayır. Söhbət qonşu Bosniya-Herseqovinaya gedən minlərlə sığınacaq axtaranın “sistematik şəkildə, qanunsuz olaraq, bir çox hallarda zorakılıqla geri qaytarılmasından, kollektiv şəkildə qovulmasından” gedir. Onların Bosniya-Herseqovinada “baxımsız və təhlükəli” qaçqın düşərgələrində yaşadıqları qeyd olunur.

Londonda mənzillənən təşkilat martın 13-də açıqladığı hesabatda bildirir ki, “sərhədə nəzarəti beynəlxalq hüquqdan üstün tutmaqla Avropa hökumətləri nəinki Xorvatiya polisinin qüsurlu hücumlarına göz yumurlar, həmçinin onların fəaliyyətini maliyyələşdirirlər”.

Qurum “Avropa Birliyinin hüdudlarında artan humanitar böhran” barədə xəbərdarlıq edir.

Bosniya və Xorvatiyadan keçən marşrut Asiya və Yaxın Şərq ölkələrindən miqrant və qaçqınlar arasında getdikcə populyarlaşır. Çünki Macarıstan sərhədlərini hasarlayıb.

5 MİN 500 NƏFƏR BOSNİYADA QALIB

Hazırda kişili-qadınlı- uşaqlı 5 min 500 nəfər Bosniyanın Xorvatiya ilə sərhəddəki Bihac və Velika Kladusa şəhərlərində qalıb. Amnesty International onların tərk edilmiş zavodlarda “təməl infrastruktursuz” yaşadığı bildirilir.

Bosniyada miqrant və qaçqın mərkəzi
Bosniyada miqrant və qaçqın mərkəzi

Təşkilat iyun-yanvar aylarında bu düşərgələrdə qalan 94 miqrant arasında sorğu keçirdiyini bildirib.

Onların demək olar hamısı Xorvatiya polisi tərəfindən geri göndərildiyini deyib, üçdə biri isə polis tərəfindən zorakılıqla üzləşdiyini dilə gətirib.

“Çoxları necə döyüldüklərini, sənədlərinin məhv edildiyini, əşyalarının oğurlandığını söyləyib və bütün bunların Xorvatiya hakimiyyəti tərəfindən sistematik və məqsədyönlü şəkildə gerçəkləşdirildiyi görünür, məqsəd ölkəyə gələnlərin qarşısını almaqdır”, – hesabatda vurğulanır.

İnsan haqları qrupları bir neçə dəfə Xorvatiya polisini pis rəftarda suçlayıb. Zaqreb isə ittihamları rədd edib.

Amnesty deyir ki Bosniya hakimiyyəti qaçqınları adekvat qoruma və yaşayış şəraiti ilə təmin edə bilmir. Sığınacaq axtaranların “bürokratik əngəllər, qeyri-adekvat hüquqi yardım, məhdud administrativ imkanlar” ucbatından sığınacaq müraciətlərinə də çətinliklə baxılır.

Amnesty International AB-ni çağırır ki, Xorvatiyanın sərhədlərində polis zorakılığını önləmək, “Xorvatiyanın beynəlxalq və AB qanunlarını tam təmin etməsi üçün gərəkən addımlar” atmağa çağırsın.

Birlik həmçinin Bosniyanın bu ölkədən keçən, yaxud burada qalan şəxslər üçün şəraiti təkmilləşdirilməsindən ötrü əlavə yardım göstərməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG