Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Övladlarını pulla kollecə saldırmaq istəyiblər – ABŞ-da


Felicity Huffman (solda), arxiv fotosu
Felicity Huffman (solda), arxiv fotosu

Birləşmiş Ştatlarda bir qrup zəngin və tanınmış şəxs övladlarını pulla adlı-sanlı ali məktəblərə qəbul etdirməyə çalışıblar. “The Associated Press” agentliyi bu qalmaqalın bir neçə saat ərzində böyüdüyünü, ittihamlardan etiraf mərhələsinə keçdiyini yazır.

İttiham verilmiş 50-dək adamın siyahısında Felicity HuffmanLori Loughlin kimi aktrisalar var. Onların səkkiz ad-sanlı məktəbə qəbul prosesində aldatma mexanizminə əl atdığı bildirilir. Bildirilir ki, valideynlər övladlarının sayılıb-seçilən kolleclərə salınmasından ötrü məşqçilərə və içəridən başqa şəxslərə rüşvət veriblər.

Sxemin mərkəzində Kaliforniya ştatındakı Nyuport Biç şəhərində Edge College & Career Network-un yaradıcısı William "Rick" Singer dayanır. O, artıq təqsirini boynuna alıb. Vəkili Donald Heller deyib ki, müştərisi prokurorlarla tam əməkdaşlığa hazırdır, “vicdan əzabı, peşmançılıq çəkir, həyatına davam etmək istəyir”.

6,5 MİLYON DOLLAR XƏRCLƏYƏN VAR

İttihamnaməyə görə, valideynlər 2011-ci ildən ötən ayadək Singer-ə böyük pullar veriblər ki, övladlarının məktəblərə qəbul şanslarını artırmaqdan ötrü ulduz atletlər kimi görünməsi üçün məşqçilərə, administratorlara rüşvət versin. Konsultant həm də kolleclərə qəbul imtahanlarını satın almaq, test mərkəzlərində tələbələrin cavablarını düzəltmək üçün adamlar tapıb.

Bəzi valideynlərin yüzminlərlə dollar, bəzilərinin hətta 6,5 milyon dollaradək pul xərclədiyi bildirilir.

“Bu valideynlər sərvət və imtiyaz kataloqudurlar”, – prokuror Andrew Lelling deyib.

Azı 9 məşqçi və 33 valideynə ittiham irəli sürülüb. Aktrisa Huffman daxil onlarla şəxs dünən – martın 12-də saxlanıb. Huffman Los Ancelesdə məhkəməyə çıxarılandan sonra 250 min dollar əvəzində zaminə buraxılmaq haqda vəsatət qaldırıb. Onun əri, aktyor William H. Macy-yə ittiham verilməsə də, FTB agenti bildirib ki, Huffman sxem iştirakçısı ilə danışanda o da otaqda olub.

Loughlin-in nə vaxt təslim olacağı bəlli deyil. Onun həyat yoldaşı, dizayner Mossimo Giannulli 1 milyon dollar girov əvəzində zaminə buraxılıb.

Məşqçilər isə Yel, Stenford, Corctaun, Wake Forest kimi məktəblərdə, Texas Universiteti, Cənubi Karolina Universitetində çalışıblar.

MƏŞQÇİLƏR ETİRAF EDİR

Stenfordun üzgüçülük üzrə məşqçisi John Vandemoer özünü təqsirli sayıb. Yelin keçmiş futbol məşqçisi də təqsirini boynuna alıb, digərlərinə qarşı sənədlərin toplanmasına yardımçı olub.

Tələbələrdən ittiham irəli sürülən yoxdur. Hakimiyyət bildirir ki, bir çox hallarda yeniyetmələr nə baş verdiyindən xəbərsiz olublar. Adları çəkilən kolleclər hansısa tələbəylə bağlı tədbir görüldüyünü açıqlamayıb.

Huffman daxil bir çox təqsirləndirilənlər saxtakarlıqda ittiham olunur və buna görə 20 ilədək həbs cəzası nəzərdə tutulub.

“Saxtakarlıqla qəbul olunan hər bir tələbənin əvəzində vicdanlı, əsl istedadlı tələbə rədd edilib”, – Lelling söyləyib.

Lelling təhqiqatın davam etdiyini, digər valideynlərin də bu işdə əli olduğunu açıqlayıb. Bəzi valideynlər rüşvəti xeyriyyə ianəsi kimi ört-basdır ediblər.

Prokuror kolleclərin hədəf sayılmadığını bildirib. Bir çox təhsil ocaqları təqsirləndirilən məşqçiləri işdən çıxarıb, özlərini qalmaqaldan kənara çəkərək qurban obrazı yarada biliblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG