Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:20

Çirkli havadan hər il 8,8 milyon nəfər ölür – Qərb mediası


Macarıstanda ətraf mühit fəallarının hava çirklənməsinə etiraz aksiyası, 26 fevral, 2019-cu il
Macarıstanda ətraf mühit fəallarının hava çirklənməsinə etiraz aksiyası, 26 fevral, 2019-cu il

Hər il Avropada hava çirklənməsindən 790 min nəfər, dünyada isə 8,8 milyon nəfər ömrünü tez başa vurmalı olur. Bu həftə açıqlanmış bu göstərici öncəki dəyərləndirmələrdən iki dəfə çoxdur.

Bu ölümlərin 40-80 faizinə ürək tutmaları, iflic, digər ürək-damar xəstəlikləri səbəb olur. Tədqiqatçılar indiyədək çirkli havadan dolayı ölüm statistikasında bu amilin yetərincə dəyərləndirilmədiyini deyirlər.

Ümumilikdə isə maşınların, sənaye və kənd təsərrüfatı nəticəsində çirklənmənin vaxtından qabaq ölümləri 2,2 il sürətləndirdiyi bildirilir.

“Bu o deməkdir ki, hava çirklənməsi hər il siqaretdən daha çox ölüm törədir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2015-ci ildə siqaretdən 7,2 milyon nəfərin dünyasını dəyişdiyini hesablayıb”, – Almaniyadakı Mainz Tibbi Mərkəz Universitetinin professoru Thomas Munzel deyib. O, son tədqiqatın əsas müəllifidir.

ÜST-nin hava çirklənməsi xəritəsi
ÜST-nin hava çirklənməsi xəritəsi

“European Hear Journal” dərgisində çıxmış yeni araşdırma Avropaya fokuslansa da, yenilənmiş statistik metodlar bütün dünyaya aiddir. Məsələn, Çində hər il çirkli havadan 2,8 milyon nəfər dünyasını dəyişir və bu, mövcud hesablamadan iki dəfə yarımdan çox artıqdır.

ÜST-nin tövsiyəsinə görə, havada təhlükəli mikroskopik hissəciklərin sıxlığı ortalama hər kubmetrə 10 mikroqramı aşmamalıdır. Avropa Birliyinin standartları daha zəifdir: 25 mcg/m3 Amma Avropanın bəzi ölkələri hətta bu göstəricini belə aşırlar.

Tədqiqat üzə çıxarıb ki, hər il dünyada çirkli hava hər 100 min nəfər içində əlavə 120 ölümə səbəb olur. Avropada bu göstərici hər 100 min nəfərə 133 ölümdür.

Ukraynada insan haqlarının durumu necədir

BMT-nin İnsan Haqları Ofisinin son beş ildə Ukraynayla bağlı irəli sürdüyü tövsiyələrin çoxu yerinə yetirilməyib və qüvvəsində qalır. Bunu BMT martın 12-də açıqladığı hesabatda bildirir.

Ukraynada millətçilərin aksiyası
Ukraynada millətçilərin aksiyası

“Aktiv silahlı münaqişə, Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin işğalı, cəzasızlıq, ədalətin olmaması Ukraynada insan haqlarının durumunu daha da pisləşdirir. Bu 25-ci hesabat qarşıdan gələn seçki öncəsi yol xəritəsinə çevrilə bilər. Tərəflər bu münaqişənin önlənməsi, dinc sakinlərin qorunması, cəzasızlığa son qoyulması üçün daha çox iş görməlidir”, – BMT-nin Ukraynada İnsan Haqlarını Monitorinq Missiyasının rəhbəri Fiona Frazer deyib.

31 mart prezident seçkisi öncəsi BMT-nin İnsan Haqları İdarəsi hökuməti dinc ifadə məkanını qorumağa çağırır. Media peşəkarlarına, vətəndaş cəmiyyəti fəallarına, vəkillərə və siyasi opponentlərə hücumların cəzasız qalması Ukraynanın demokratik qurumlarını zəiflədir, dözümsüzlük, diskriminasiya, zorakılığı qızışdırır, seçkinin bütövlüyünə təsirini göstərə bilər, hesabatda deyilir.

Sənəd 2018-ci il noyabrın 16-dan 2019-cu il fevralın 15-dək olan müddəti əhatələyir və BMT missiyası 202 qurbana təsir göstərmiş 315 insan haqları pozuntusu qeydə alıb. Ukrayna hökuməti bu pozuntuların 126-sı üçün məsuliyyət daşıyıb, 154 pozuntu isə özünü “Donetsk xalq respublikası” və “Luqansk xalq respublikası” adlandıran ərazilərdə törədilib. Krımı və Sevastopolu işğal etmiş Rusiya Federasiyasi Krımda törədilmiş 35 pozuntuya cavabdehdir.

İnternet ‘cavanlığa’ əlvida deməlidir

İnternet gücünü toplamalı, yetkinlik dövrünə qədəm qoymalıdır. Bunu internetin yaradıcısı Tim Berners-Lee onun 30 illiyində deyib.

Tim Berners-Lee CERN-də çıxış edir
Tim Berners-Lee CERN-də çıxış edir

Cenevrə yaxınlığında, vebi kəşf etdiyi CERN fizika tədqiqatları mərkəzində çıxış edən Berners-Lee deyib ki, veb istifadəçilər son vaxtlar onu “elə də gözəl” hesab etmirlər.

“Trump və Breksit seçkilərindən sonra dəhşətə gələnlər geri çəkilir, anlayırlar ki, veb heç də onların düşündüyü kimi bəşəriyyətə çox yaxşı xidmət eləmir”, – o deyib.

“Bir gizlilik fəlakətindən özümüzə gəlməmiş o birisi başlayır”, – o, sözlərinə əlavə edib.

İldönümü münasibətli açıq məktubunda Berners-Lee yazıb ki, çoxları indi vebin xoşniyyətli qüvvəyə çevrilməsindən əmin deyillər, amma onun növbəti 30 il ərzində yaxşılığa dəyişə bilməyəcəyini düşünmək çətindir.

“Bu gün daha yaxşı veb qurmaqdan əl çəksək, onda bizim ümidimizi puça çıxaran veb olmayacaq, biz onu yerə vurmuş olacağıq”, – o yazıb.

“Bu bizim rəqəmsal cavanlıqdan daha yetkin, məsuliyyətli və inklüsiv gələcəyə səyahətimizdir”, – Berners-Lee vurğulayıb.

XS
SM
MD
LG