Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:53

Erdoganın ermənicə tvitinin açması


Recep Tayyip Erdogan Malatyada, 6 mart, 2019-cu il
Recep Tayyip Erdogan Malatyada, 6 mart, 2019-cu il

Türkiyə Prezidenti Recep Tayyip Erdogan ötən cümə günü – martın 8-də ermənicə tvit yazıb.

“Türkiyədəki erməni patriarxı, hörmətli Mesrob Mutafyanın ölümündən dərin kədər hissi keçirir, onun ailəsinə, qohumlarına, erməni vətəndaşlarımıza başsağlığı verirəm”, – Erdogan yazıb.

“The Newsweek” dərgisində Cristina Maza bu mesaj hazırda Türkiyədə yaşayan 60 min erməniyə ünvanlandığını qeyd edir.

Patriarx Mesorb Mutafyan cümə günü on ildir əziyyət çəkdiyi demensiya xəstəliyindən dünyasını dəyişib. Onun ölümü Türkiyənin kiçik, amma nüfuzlu erməni icmasının illərdir istədiyi seçkiyə yol açacaq.

BİRCƏ TVİTLƏ...

Müəllif Erdoganın Twitter mesajının bir türk liderinin ermənicə ilk belə ismarıcı olduğunu qeyd edir. Onun fikrincə, bu fakt üstəgəl Ermənistanın Baş naziri Nikol Pashinian-ın iki ölkə arasında diplomatik münasibətlərin bərpa oluna biləcəyi barədə dedikləri buzların ərimə ehtimalı barədə suallar yaradıb. Erdogan daha öncə də bir dəfə ermənicə ismarıc səsləndirib, amma bunu 13,5 milyon izləyicisi olan Twitter-də etməyib.

Mesorb Mutafyan
Mesorb Mutafyan

“Mən bir türk dövləti liderinin ilk dəfə ermənicə belə açıq şəkildə başsağlığı verdiyini düşünürəm. Başqa azlıqların dilində bunu edib-etmədiyini bilmirəm, edibsə, təəccüblənərdim və bu, olduqca maraqlıdır”, – Minnesota Universitetinin tədqiqatçısı Artyom Tonoyan dərgiyə deyib.

Amma bəzi ekspertlərin fikrincə, Erdogan-ın mesajı barışıq, yaxud inklüzivlikdən uzaqdır, məqsədi siyasi güc nümayişidir. Türkiyə prezidenti bircə tvitlə ölkədəki faktorlara təsir göstərmək istəyib, Ankarayla Yerevanın münasibətini dəyişməyi hədəfləməyib, təhlilçilər deyir.

“Erdogan həm populistdir, həm də aşırı nəzarət istəyir. O, ötən illərdə Türkiyədəki erməni icmasını məmnun etməyə, eyni zamanda Türkiyədəki böyük erməni institutu olan Erməni Patriarxlığına nəzarət etməyə çalışıb”, – “Açıq yaralar: ermənilər, türklər və soyqırımı əsri” kitabının müəllifi Vicken Cheterian deyir.

“Patriarx Mesorb xəstə olmasına baxmayaraq, kilsəyə yeni başçı seçməyə icazə vermirdi və kilsənin başında Ankaraya sərf edən biri dururdu. Bu tvit də bu kontekstdə yazılıb”, – Cheterian deyib.

Daha bir müəllif Bedross Der Mattossian düşünür ki, tvitin məqsədi yeni patriarx seçkisinə təsir göstərməkdir. Onun sözlərinə görə, Türkiyənin erməni icması iki yerə bölünüb – bəziləri hökumətin yeni patriarxın seçilməsində rolunu dəstəkləyir, bəziləri buna qarşı çıxır.

İstanbulda insan haqları fəallarının etirazı
İstanbulda insan haqları fəallarının etirazı

“ERMƏNİLƏR MÜHÜM AZLIQDIR”

Fevralın 21-də 72 erməni yazıçı, jurnalist və incəsənət xadimi bəyanat yayaraq bildirib ki, sosial harmoniya istəyirlər və harmoniya patriarx seçkisi ədalətli keçirilərsə yarana bilər”, – Der Mattossian “The Newsweek”ə deyib.

“Ermənilər Türkiyədə mühüm azlıqdır. Ölkə həm soyqırımı, həm bunun təkzibi, həm hökumətin tənqid olunması kimi məsələləri yoluna qoymalıdır. Yəni bu, siyasətdir, böyük bir jest deyil... Bu, siyasətdir, çünki Erdogan öz dəstəsinin qeydinə qalan tolerant lider kimi görünmək istəyir”, – o vurğulayıb.

Türkiyə Osmanlı imperiyası dövründə ermənilərin kütləvi öldürülməsini soyqırımı kimi qəbul etmir, amma 1-cü Dünya Müharibəsi zamanı baş verənlərə görə başsağlığı verib. “Erməni vətəndaşlarımızın tarixi ağrısını paylaşmaq Türkiyənin vicdanlı və etik məsuliyyətidir”, – Erdogan ötənilki bəyanatında deyib.

Bəzi müşahidəçilərin mövqeyincə, erməni əhalisi Erdogana imicini gücləndirməyə lazımdır.

“Ölkənin ən nüfuzlu xristian icmasının səsi hakim rejimin həm daxildə, həm də beynəlxalq arenada siyasi imicini şaxələndirə bilər. Erdogan üçün daha bir simvolik əhəmiyyət Osmanlı sultanları ilə müqayisədir, vaxtilə onlar təkcə müsəlmanların deyil, xristianların, imperiyanın digər subyektlərinin də başçısı idilər”, – Türkiyə üzrə alim Varuzhan Geghamyan belə düşünür.

Ermənistan istəyir ki, Ankara Osmanlı Türkiyəsi zamanı ermənilərin qətlini soyqırımı kimi tanısın. Bu məsələ Türkiyənin Ermənistanla, həmçinin 28-dək ölkəylə, ABŞ-ın bir sıra ştatları ilə münasibətlərini korlayıb. Həmin ölkələr erməni “soyqırımı”nı tanıyıb.

Türkiyə isə qətllərin iğtişaşlar zamanı törədildiyini, məqsədin ermənilərin kökünü kəsmək olmadığını deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG