Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Prezident ABŞ səfirinin etimadnaməsini qəbul edib


Ö.Litzenberqer və İ.Əliyev

Prezidenti İlham Əliyev bu gün, martın 12-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edib.

Bu barədə məlumatı AZƏRTAC yayıb.

Xəbərə görə, söhbət zamanı siyasi əlaqələr, enerji təhlükəsizliyi, ticarət, demokratik inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb, humanitar sahədə, o cümlədən insanlar arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər də müzakirə edilib. Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatını, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır.

Bir neçə gün öncə ATƏT-in Minsk qrupunun həmsədrləri prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın qarşıdan gələn görüşü ərəfəsində mətbuata bəyanatla çıxış ediblər. Həmsədrlər cəbhə xəttində son vaxtlar yaranmış nisbi sakitliyi və ölüm hallarının olmamasını pozitiv qiymətləndirdiklərini bildirirlər. Onlar həmçinin, iki ölkə əhalisinin sülhə hazırlanması istiqamətində ilk addımları alqışlayır və tərəfləri belə səyləri intensivləşdirməyə çağırırlar.

Həmsədrlər tərəfləri guya situasiyanın əhəmiyyətli dərəcədə dəyişdiyini bildirən, gələcək danışıqların nəticələri barədə indidən hökm verən, qarşı tərəflə razılaşma olmadan formatın birtərəfli dəyişdirilməsini tələb edən, yaxud döyüş əməliyyatlarının bərpasına hazırlıq bildirən bəyanat və hərəkətlərdən çəkinməyə çağırırlar.

Ermənistan baş naziri N.Paşinyan Dağlıq Qarabağın da danışıqlarda tərəf kimi iştirakını istəyir. Azərbaycan isə Dağlıq Qarabağdakı mövcud idarəçiləri tanımır və onları separatçı sayır.

XİN-də görüş
XİN-də görüş

Nazir ABŞ səfiri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov dünən, yanvarın 11-də ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Örl Litzenberqeri qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumu barədə fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi (Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə gerçəkləşməlidir-red.) layihəsi haqqında məlumat verib.

Nazir bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd edib.

XİN-in açıqlamasına görə, səfir Ö.Litzenberqer də öz növbəsində Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirərək, ABŞ-ın bu layihələrə dəstəyini bəyan edib.

Səfir Azərbaycanın terrorçuluqla beynəlxalq mübarizəyə verdiyi dəstəyin əhəmiyyətini də vurğulayıb.

O, etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov ABŞ-ın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Xatırlatma

Martın 7-də ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Ö.Litzenberqer Bakıya gəlib. Amerikalı diplomat hava limanında jurnalistlərə bunları demişdi: «Mən ABŞ səfiri kimi səlahiyyətlərimin icrasına başlamağı, insanlarınızla, mədəniyyətinizlə, rəsmilərlə tanış olmağı, xalqlarımız və ölkələrimiz arasındakı əlaqələri dərinləşdirməyi, gücləndirməyi həvəslə gözləyirəm».

ABŞ Senatı bu il yanvarın 2-də Ö.Litzenberqeri Azərbaycanda yeni səfir postuna təsdiq edib.

Ö.Litzenberqerin Dövlət Departamentində son işi hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir vəzifəsi olub.

Multimedia

XS
SM
MD
LG