Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:03

Trump-ın hasar savaşı qayıdır


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump sərhədin hasarlanmasıyla bağlı savaşı yenidən başladır. “The Associated Press” agentliyi prezidentin hasar üçün üçün 8,6 milyard dollar istəyəcəyini, digər ölkəiçi proqramlar üzərində xərclər qoyacağını, daha bir pul savaşı başladacağını yazır.

Trump bu gün – martın 11-də büdcə sənədləri açıqlamalıdır və bununla da yeni danışıqların start götürəcəyi gözlənir. Prezidentin 2020-ci il büdcəsi üçün nəzərdə tutulmuş təklifində Konqresin müdafiə xərclərini artırması, on il ərzində qeyri-müdafiə sektorundan 2,7 trilyon dollar kəsilməsi istənilir.

Trump-ın təklifi “Daha yaxşı Amerika üçün büdcə: Vədlərə əməl olunur. Vergiödəyiciləri birinci gəlir” adlanır. Menecment və Büdcə Ofisinin direktoru vəzifəsini icra edən Russ Vought bu sənədin maliyyə öhdəliyini əks etdirdiyini deyir.

ABŞ sərhədçiləri
ABŞ sərhədçiləri

Vought-un sözlərinə görə, administrasiyanın prioriteti “Vaşinqtonun tədbirsiz xərclərini ələ almaq”, “fiskal normal duruma qayıda bildiyimizi” göstərməkdir.

Administrasiyanın iki rəsmisi də sərhədin hasarlanması məsələsinin Trump tərəfindən gələn ilin büdcə layihəsinə salındığını təsdiqləyib. Yeni büdcə ili oktyabrın 1-dən başlanır. Təsdiqlənərsə, sərhəddə yeni baryerlər qurulmalıdır.

Prezidentin büdcəsində müdafiə xərclərinin 750 milyarda çatdırılması, qeyri-müdafiə xərclərinin 5 faiz kəsilməsi nəzərdə tutulur.

VETERAN XİDMƏTLƏRİNƏ 80 MİLYARD DOLLAR

Adının çəkilməsini istəməyən bir rəsminin sözlərinə görə, təklifdə Ətraf Mühitin Qorunması Agentliyi kimi sahələrə vəsaitin azaldılması, prezidentin prioritetlərinə bağlı sektorların maliyyəsinin isə gücləndirilməsi nəzərdə tutulur.

Administrasiya veteran xidmətlərinə 80 milyard dollardan artıq investisiya nəzərdə tutur və bu, indiki səviyyədən 10 faizdən çoxdur. Buraya reabilitasiya, iş yardımı, intiharların əngəllənməsinə “ciddi” sərmayələr daxildir.

Nancy Pelosi (ortada, öndə)
Nancy Pelosi (ortada, öndə)

Narkotik maddələrin yayılmasının önlənməsi, müalicəsi, bu sahədə tədqiqatlara da resursların artırılması nəzərdə tutulur.

Ötən ilin sonunda demokratlarla Trump büdcəylə bağlı razılığa gələ bilmədiklərindən hökumət qismən bağlandı və bu, ABŞ tarixinə ən uzun “şatdaun” kimi düşdü.

Ağ evin iqtisadi məsələlər üzrə müşaviri Larry Kudlow deyib ki, Trump-ın büdcəsi daha az xərcləmələrə və borclanmaya “doğru gedən yol”u göstərir.

Amma Nümayəndələr Palatasının büdcə komitəsinin demokrat sədri John Yarmuth əsas xidmətlərə təklif olunan ixtisarları “təhlükəli” adlandırıb. Onun sözlərinə görə, Trump “zənginlərin və böyük korporasiyaların vergilərinin azaldılmasınım yaratdığı” defisit üçün 2 trilyon dollar əlavə edib və “görünür, indi büdcə Amerika xalqının bunun bədəlini ödəməsini istəyir”.

Aparıcı demokratlar bu təklifi dərhal rədd ediblər.

“Konqres onun hasarına pul ayırmaqdan imtina etdi və o, məğlubiyyətini boynuna alaraq hökuməti yenidən açmalı oldu. Yenidən cəhd edərsə, eyni şey təkrarlanacaq”, – Nümayəndələr Palatasının spikeri Nancy Pelosi deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG