Problemli kreditlərin həcminin azalması, Novruz bayramı süfrəsinə aid xərclər, bayramöncəsi bahalığın qarşısını almaq məqsədilə təşkil edilən kənd təsərrüfatı məhsulları yarmarkaları və başqa məsələlər medianın aparıcı mövzularındandır...
Problemli kreditlər azalıb
Marja.az saytında «Problemli kreditlər azalmaqda davam edir» sərlövhəli yazı yer alır.
Yazıda bildirilir ki, bu il yanvarın 31-nə olan nəticəyə görə, banklarda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 569.4 milyon manat təşkil edib.
«Marja» Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu ilin yanvar ayında vaxtı keçmiş kreditlərin məbləği 15.6 milyon manat azalıb. Ötən ilin dekabr ayının sonunda vaxtı keçmiş kreditlər 1 milyard 585 milyon manata bərabər olmuşdu: «31.01.2019-cu il tarixinə 12 milyard 884.7 milyon manat kredit qoyuluşlarının 12.2 faizinin ödəmə vaxtı keçib. 2018-ci ilin sonu ilə müqayisədə kredit qoyuluşları 135.6 milyon manat və ya 1 faiz azalıb».
Müəllif xatırladıb ki, 2017-ci ilin noyabr ayında vaxtı keçmiş kreditlər 1 milyard 890 milyon manata yüksəlmişdi.
Yazıda daha sonra problemli kreditlər məsələsinin aktuallaşdığı dövrdən, yəni 2015-ci ilin yanvarından etibarən bu göstəriciyə aid statistik rəqəmlər cədvəl şəkildə təqdim edilir.
Bu günlər prezident İlham Əliyev də problemli kreditlərlə bağlı sərəncam verib. Həmin sərəncam banklara 10 min dollara qədər borcu olan fiziki şəxslərə güzəştdən bəhs edir.
Bahalaşan bayram süfrəsi
«Yeni Müsavat» qəzetində «Novruz bayram plovu bişirinlərin ən çox xərci kərə yağına çıxacaq-Qubad İbadoğlu» sərlövhəli yazı oxumaq olar.
Saytda iqtisadçı Qubad İbadoğlunun Novruz bayramı süfrəsi hazırlanmasının ailə büdcəsinə neçəyə başa gələcəyinə dair hesablamalarına yer verilib.
Q.İbadoğlu hesab edir ki, 5 nəfərlik ailə bayram süfrəsinə ən azından 121 manat xərcləməlidir. Onun hesablamasına görə, 2012-ci illə müqayisədə Novruz bayramının süfrəsi 2019-cu ildə 1.64 dəfə bahalaşıb.
Q.İbadoğlu qeyd edib ki, martın 1-dən minimum əməkhaqqının artımına dair sərəncam qüvvəyə minib. Artımla hesablanan ödənişlər bu ayın sonunda həyata keçiriləcək: «Amma buna baxmayaraq, istehlak bazarında əsas ərzaq məhsullarının qiymətləri artıq fevral ayından bahalaşmağa başlayıb. Bu ay ərzində qiymət artırıcı amillər daha da fəallaşacağı üçün bahalaşmanın miqyasının, təsir dairəsinin və gücünün genişlənəcəyi də şübhəsizdir».
Q.İbadoğlu vurğulayıb ki, indiki halda Mərkəzi Bankın və hökumətin qarşısında duran başlıca vəzifə antiinflyasiya tədbirlərini gücləndirmək olmalıdır: «Nəzərə alsaq ki, yaxın günlərdə vaxtı keçmiş borcların devalvasiya xərcinə görə kompensasiyaların ödənilməsinə də start veriləcək, onda qiymətlər mart-aprel ayında kəllə-çarxa qalxacaq».
Ekspert qarşıdan gələn Novruz bayramında 5 nəfərlik ailənin bayram süfrəsi xərclərinə dair də hesablamalar aparıb. Onun sözlərinə görə, bayram plovu bişirənlərin ən çox xərci isə kərə yağına çıxacaq.
Ekspert vurğulayıb ki, 2012-ci ildə 7 manat 80 qəpik olan «Ankor» yağı 2.1 dəfə, 1 kq-ı 6 manat olan mal ətinin qiyməti 2 dəfəyədək bahalaşıb: «Bütövlükdə eyniadlı məhsullar üzrə bayram süfrəsinin dəyəri 2012-ci ildəki 73 manat 80 qəpikdən 2019-cu ildə 121 manat 12 qəpiyədək, yəni 1.64 dəfə bahalaşıb».
Bayram yarmarkaları
«Azərbaycan» qəzetində «Kənd təsərrüfatı yarmarkaları istehsalçını da, istehlakçını da razı salır» sərlövhəli yazıda Novruz bayramı münasibətilə təşkil edilən kənd təsərrüfatı məhsulları yarmarkalarının fəaliyyəti dəyərləndirilir.
Müəllif dövlət başçısının göstərişi ilə təşkil edilən bu yarmarkaları əhəmiyyətli sosial tədbir adlandırır. Yazıda vurğulandığına görə, bu yarmarkalarda fermerlər, ailə təsərrüfatları əhaliyə məhsulları bazar qiymətindən 30-40 faiz ucuz təklif edəcəklər: «Prezident İlham Əliyevin tapşırığı ilə artıq paytaxtın 14 ünvanında - ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri Novruz yarmarkaları fəaliyyətə başlayıb. Martın 16-dan 21-dək isə Novruz yarmarkaları hər gün alıcılara xidmət göstərəcək».
Yazıda qeyd edildiyinə görə, müəllif yarmarkalara da baş çəkib. O, Fazil adlı bal satanın nümunəsində satıcıların da vəziyyətdən razı olduğunu vurğulayıb: «Niyə də razı olmayım?! Yer pulu almırlar, incitmirlər. Nə kömək lazımdırsa, edirlər. Kəndli üçün belə fürsət ələ düşməz. Düzdür, tələb var ki, qiymətləri qaldırmayaq, nəzarət də güclüdür. Amma o da var ki, mən evimdə bir aya satdığımı burda bir günə satıram. Elə gün olur ki, 400 manatlıq alver edirəm. Yəni qiymətin aşağı olması o qədər ziyanımıza deyil».
Yazının sonunda isə oxuyuruq: «Bu baxımdan indiki yarmarkalarda ən vacibi odur ki, istehlakçı malı real bazar qiymətlərindən xeyli ucuz ala bilir, kəndli satdığını alverçiyə, aragörənlərə satdığından bir qədər baha satır, alan da, satan da son nəticədə udur».