Martın 8-də Vaşinqtonda nümayişə çıxan yüzlərlə adam “İrandakı mövcud rejimin dəyişdirilməsini” tələb ediblər.
France-Presse agentliyinin məlumatına görə, aksiyaçılar İran rejimini xalqın hüquqlarını pozmaqda, edam və işgəncələrdə, habelə terrorçuluqda ittiham ediblər.
Etiraçılar aksiya zamanı İran bayraqlarını və hazırda Parisdə yaşayan “İran milli müqavimət şurası”nın lideri Maryam Rajavi-nin portretlərini qaldırıblar. Bu hərəkat İranda qadağandır. Aksiyaçılar bildiriblər ki, onlar İran xalqına azadlıq verilməsini istəyirlər.
Qeyd edək ki, ABŞ ötən il birtərəfli qaydada İranla imzalanmış nüvə sazişindən çıxaraq ona qarşı sanksiyaları bərpa etdi.
Tehranın 2015-ci ildə ABŞ və daha 5 aparıcı dünya ölkəsi ilə imzaladığı həmin sazişdən sonra İran nüvə proqramı üzərində işi dayandırdı və əvəzində ona qarşı beynəlxalq sanksiyalar aradan qaldırıldı.
Amma İranla nüvə sazişinə imza atan digər ölkələr – Britaniya, Fransa Rusiya, Çin və Almaniya bu razılaşmaya sadiq qalacaqlarını bildiriblər.