Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:16

'Qazaxıstanda birinci uşağa görə ayda...'-Media icmalı


Ana və uşaq
Ana və uşaq

Cəmiyyətdə qadınların rolu, uşaqpulunun bərpa olunması ilə bağlı təkliflər, ədəbi mühitdə saxta tənqidçilik və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Uşaqpulunun bərpası

«Yeni Müsavat» qəzetində «Uşaqpulu bərpa olunmalıdır-ekspert» sərlövhəli yazı yer alır .

Müəllif uşaqlara aylıq müavinətin verilməsinin bərpasının mümkün olub-olmaması ilə bağlı deputat Əli Məsimli ilə söhbət edib.

Ə.Məsimli «Yeni Müsavat» qəzetinə deyib ki, dövlətdən əsas gözləntilərdən biri məhz uşaqlara aylıq müavinətin verilməsinin bərpasıdır: «Sosial paketdə yeni doğulan uşağa görə verilən müavinətin artırılması istiqamətində atılan addımın aztəminatlı ailələrə uşaqpulu verilməsinin bərpa edilməsi ilə tamamlanmasını zəruri hesab edirik. Bizdə əhali sürətlə artsa da, xeyli ailələrdə uşaqların qidalanması üçün maddı imkan zəifdir».

Əhalinin xeyli hissəsinin maaşlarının 250-400 manat arasında olduğunu deyən Ə.Məsimli vurğulayıb ki, maddi səbəblərdən onların müəyyən qismi yeni dünyaya gələn uşağı lazımi səviyyədə təmin edə bilmir: «Bu isə uşaqların fiziki və psixi cəhətdən sağlam böyüməsinə mane olur. Tədqiqatlar göstərir ki, uşaqların boy artımında sağlam qidalanma məsələsi mühüm rol oynayır. Normal qidalanmayan uşaqlardakı fiziki qüsurlar həm də zehni qüsurlara yol açır. Bu isə genefondumuz üçün ciddi təhlükə yaradaraq gələcəyimizə mənfi təsir edəcək».

Müəllif xatırladıb ki, müstəqillik dövrünün ilkin mərhələsində Azərbaycanda uşaqlara aylıq müavinət ödənilməsi praktikası davam etdirilib. Buna yalnız 2006-cı ildə ünvanlı sosial yardım prosesi başlanan zaman son qoyulub.

Yazıda habelə vurğulanıb ki, Azərbaycanla bərabər sovet şinelindən çıxmış respublikaların əksəriyyətində uşaqlara müavinət ödənişi davam etdirilir: «Məsələn, Qazaxıstanda uşaqların 1 yaşınadək işləməyən analara dövlət 1-ci uşağa görə ayda 13069 təngə (70.6 manat), 2-ci uşağa görə ayda 15452 təngə (83.4 manat), 3-cü uşağa görə ayda 17812 təngə (96.1 manat), 4-cü və ondan sonrakı hər uşağa görə ayda 20194 təngə (109 manat) uşaqpulu ödəyir. İşləyən analar üçünsə bu məbləğ 3-4 dəfə artıq olur».

Kitab
Kitab

Hələ yazılmayan əsərin «tənqidçi»ləri

Unikal.org saytında «Əbədi tərifçilər» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazısının girişində oxuculardan IXX əsr Rusiya tənqidçisi Belinskinin yazıçı Qoqola məktubunu oxuyub-oxumadıqlarını soruşur. «Həmin məktubun yazılmasının üzərindən haradasa 170 il keçməsinə baxmayaraq, onu hələ də aktual edən nədir? Nə vaxtsa bir dəfə də qeyd etdiyim kimi, bu məktubun tənqidçi vicdanı mövzusunda bəlkə də bütün zamanların ən parlaq, ən cəsarətli, ən coşqun mətnlərindən birincisi olması».

Müəllif hesab edir ki, həmin tənqiddə prinsipiallıq, güzəştsizlik və obyektivlik yer alırdı. Yazıda vurğulanır ki, Azərbaycan tənqidçisində həmin keyfiyyətlərin heç biri çatışmır: «Onlar daha çox tərifçilərdir. Onlar üçün bir yazıçının ictimai mövqeyi, ictimai baxışları, ümumiyyətlə, önəmli deyil. Onlar əsərlərində yüksək idealları vəsf edib həyatda komformist, karyerist davranan şair-yazıçı qarşısında çox rahatca əzilib-büzülə bilirlər. Yetər ki, həmin şair-yazıçının deputat mandatı, yaxud babat vəzifəsi, biznesi olsun».

Yazıda vurğulanmasına görə, indi Azərbaycanda hansısa pullu şair-yazıçının hələ yazmadığı əsər haqqında bəh-bəhli məqalə qaralayıb hazır saxlayan «tənqidçi»lər var: «Vəzifəyə, vəzifəliyə, pulluya yarınmağın, komfort, karyera, imtiyaz naminə ali idealları, o cümlədən, ədəbiyyatın maraqlarını ayaq altına atmaq isə daim nimdaşlığın əlamətidir...».

Sizcə, Azərbaycan xanımını nə xoşbəxt edər?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Cəmiyyətdə qadınların rolu

«Azərbaycan» qəzetində «Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi layiqli və möhkəmdir» sərlövhəli yazı dərc edilib.

Yazı 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr edib.

Müəllif yazıb ki, Azərbaycanda özünəməxsus milli dəyərlər, adət-ənənələrdən irəli gələrək tarix boyu qadına dərin hörmət və ehtiramla yanaşılıb, ana adı uca tutulub: «Azərbaycan qadını da istər Xalq Cümhuriyyəti (1918-20-ci illər) dövründə, istərsə də sovet hakimiyyəti (1920-91-ci il) illərində və müstəqillik bərpa edildikdən sonra yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə etmişdir».

Müəllif hələ Xalq Cümhuriyyəti dövründə Azərbaycanda qadınlara seçki hüququ verilməsi xüsusi qeyd edir: «Azərbaycan qadınlarını kişilərlə bərabər cəmiyyətin bütün sahələrində görmək olar. İstər dövlət idarəetməsində, istər seçkili orqanlarda, siyasi-ictimai və sosial-iqtisadi sferalarda qadınlar kişilərdən heç də az fəal deyillər. Hərbçi, polis, sahibkar, idmançı xanımların da sayı az deyil. Bu da ilk növbədə ölkədə həyata keçirilən uğurlu gender siyasətindən xəbər verir».

Yazının sonunda da oxuyuruq: «Əminliklə deyə bilərik ki, ölkədə həyata keçirilən siyasət və xalqımızın yüksək mənəvi keyfiyyətləri qadınların cəmiyyətdəki layiqli mövqeyini daim qoruyub saxlayacaq».

XS
SM
MD
LG