Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Huawei ABŞ hökumətini məhkəməyə verir


Huawei-nin Pekində mağazası
Huawei-nin Pekində mağazası

Çinin telekommunikasiya avadanlığı istehsalçısı olan Huawei Technologies ABŞ hökumətini məhkəməyə verib. Dünən – martın 6-da təqdim etdiyi iddia ərizəsində şirkət ABŞ-da fəaliyyətinin məhdudlaşdırılmasını qeyri-konstitusion adlandırır.

ABŞ Prezidenti Donald Trump avqustda Milli Müdafiə Aktını imzalayıb, həmin qanun federal agentliklərin və onların podratçılarının bu şirkətin hazırladığı avadanlıq və xidmətlərdən istifadəsini yasaqlayır. Huawei Texasda qaldırdığı məhkəmə iddiasında həmin qanunun 889-cu maddəsini mübahisələndirir.

Bu məhkəmə iddiası Çinlə ABŞ arasında ticari qarşıdurmanın sonuncu mərhələsi sayılır. Bu iki ölkə ötən il bir-birinin milyardlarla dollarlıq məhsuluna tarif qoyub. İlin sonunda Huawei-nin baş maliyyə rəsmisi Birləşmiş Ştatların xahişilə Kanadada saxlanıb.

Huawei-nin baş maliyyə rəsmisi Meng Wanzhou
Huawei-nin baş maliyyə rəsmisi Meng Wanzhou

“KONQRES ORTAYA DƏLİL QOYMAYIB”

Amma bu ticarət savaşı başlanmazdan öncə də şirkətin fəaliyyəti ABŞ hakimiyyətinin nəzarətində idi. Bunu “Reuters” agentliyi məsələylə bağlı sənədlərdən xəbərdar 10 nəfərə istinadla yazır.

“ABŞ Konqresi Huawei məhsullarına məhdudiyyətləri əsaslandıracaq dəlil ortaya qoymayıb. Biz bu hüquqi addımı atmağa məcbur qaldıq”, – Huawei-nin sədri Guo Ping bəyanatında deyib.

“Bu qadağa nəinki qanunsuzdur, həm də Huawei-nin ədalətli rəqabətdə iştirakını məhdudlaşdırır və sonucda ABŞ istehlakçılarına ziyan vurur. Məhkəmənin hökmünü gözləyirik”, – o, sözlərinə əlavə edib.

Birləşmiş Ştatlarda sözügedən qanundan öncə də Huawei-nin ABŞ bazarındakı payı böyük deyildi. Ancaq bu şirkət dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçısıdır, beşinci nəsil (5G) mobil şəbəkə və xidmətlərin önündə getməyə çalışır.

Huawei iddiada qeyd edir ki, onun avadanlıq və xidmətləri qabaqcıl təhlükəsizlik prosedurlarından keçirilir və dünyanın onların avadanlıq və xidmətlərindən istifadə edən 170-dən çox ölkəsinin heç birində bu sahədə hansısa boşluq aşkarlanmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG