Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 12:32

'Xəstəxana hansı xidmətləri göstərəcəksə, qiymətləri olacaq'-Media icmalı


Qaza görə bildiriş
Qaza görə bildiriş

Dövlət başçısı İlham Əliyevin mədəniyyət işçiləri ilə görüşü, icbari tibbi sığorta ətrafında cərəyan edən proseslər, qazda, elektrikdə limitinin ləğvi ilə bağlı təkliflər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Qaz və elektrikə qoyulan limitin ləğvi istənilir

«Yeni Müsavat» qəzetində «Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklifi» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, qış fəslinin son günlərinin yaşanmasına baxmayaraq, bəzi rayonlarda havalar hələ də şaxtalı keçir: «Rayonlarda, kəndlərdə əksər aztəminatlı ailələrin evlərində kombi sistemi olmadığından təbii qazla işləyən İran sobaları, «ceyran peçi» və sair vasitəsilə evləri qızdırmağa çalışırlar. Nəticədə ilin əvvəlində qaz limitini tükətmiş olurlar».

Yazıda vurğulanıb ki, qaz əhaliyə müəyyən limitlə (1700 kubmetrə qədər-AR) əvvəlki qaydada - kubmetri 10 qəpiyə satılır, limit başa çatdıqdan sonra isə (Tarif Şurasının 2016-ci il noyabrın 28-də verdiyi qərarla-A.R) qiymət 20 qəpiyə yüksəlir: «... Aztəminatlı insanlar artıq nə elektrikdən, nə də qazdan istilik məqsədilə istifadə edə bilirlər. Çıxış yolu isə təbii qazdan güzəştli qiymətlə istifadə üçün qoyulan limitin ləğv edilməsi və əhalin aşağı qiymətlə təbii qazdan, elektrik enerjisindən istifadəsidir».

Deputat Fazil Mustafa mövzu ilə bağlı «Yeni Müsavat»a açıqlamasında bildirib ki, vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasından ötrü belə bir qərar verilə bilər: «Hökumət çalışmalıdır ki, vətəndaşın həyat səviyyəsi yüksək olsun...».

Başqa bir deputat Fəzail Ağamalı da vurğulayıb ki, belə bir qərarı xalq çox böyük rəğbətlə qarşılayar. Onun deməsinə görə, qazın qiymətinin artırılması müəyyən dərəcədə sahibkarlara də çətinlik yaradıb.

Xəstəxana
Xəstəxana

İcbari tibbi sığortanın tətbiqi gözlənir, amma...

Marja.az saytında «Xəstəxanalar publik hüquqi şəxsə çevriləcək, həkimlərin əmək haqları yeni qayda ilə hesablanacaq» sərlövhəli yazı yer alır.

«2020-ci ildən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Bu məqsədlə 2019-cu ildə bütün xəstəxanalar publik hüquqi şəxsə çevriləcəklər». Marja-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib. O qeyd edib ki, bu il bir neçə hazırlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulub: «2020-ci ildən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlamalıyıq. Məsələnin iki tərəfi var, sığorta haqlarının yığılması və xərclənməsi, yəni xəstəxanalara ödənilməsi. Bu gün xəstəxanalar dövlət büdcəsindən maliyyələşirlər. İcbari tibbi sığorta tətbiq edildikdə xəstəxanalar dövlət büdcəsindən deyil, Agentlikdən maliyyələşəcəklər. Xəstəxana hansı tibbi xidmətləri göstərəcəksə, həmin xidmətlərin qiymətləri olacaq. Biz də bu qiymətlər əsasında sığortalı vətəndaşın əvəzinə xəstəxanaya vəsait köçürəcəyik».

Yazıda qeyd edildiyinə görə, Z.Əliyev vurğulayıb ki, xəstəxanalar publik hüquqi şəxsə çevrilməlidirlər: «Hazırda xəstəxanalar kənardan vəsait qəbul edə bilmirlər. Biz planlaşdırırıq ki, 2019-cu ildə xəstəxanaların publik hüquqi şəxsə çevrilməsi yekunlaşsın».

Z.Əliyev habelə bildirib ki, bir çox normativ -hüquqi aktlara əlavə və dəyişikliklər nəzərdə tutulur: «Həmçinin tibb işçilərinin əmək haqları yeni qaydalar ilə hesablanacaq. Tibbi işçisinin xəstəxanada işlədiyinə görə müəyyən bir məvacibi ilə bərabər, göstərdiyi fəaliyyətə görə də qazancı olacaqdır. Yəni, həkimin yanına daha çox xəstə gəlirsə, ağır əməliyyatlar aparırsa, o həkimin əlavə qazancı olacaqdır. Bu məqsədlə də qanunda dəyişiklik olmalıdır».

İ.Əliyevin mədəniyyət və incəsənət işçiləri ilə görüşü
İ.Əliyevin mədəniyyət və incəsənət işçiləri ilə görüşü

«Düşüncə və davranışlarının müasirləşməsi»

«Azərbaycan» qəzetində «Mədəniyyət həm də iqtisadi inkişafın təminatçısıdır» sərlövhəli yazı dərc edilib. Yazıda dövlət başçısı İlham Əliyevin martın 1-də bir qrup mədəniyyət və incəsənət işçisi ilə görüşü dəyərləndirilib.

Müəllifə görə, həmin görüş unikal və vacib tədbir kimi xüsusi əhəmiyyət kəsb edib: «Dövlətin ali simaları ilə mədəniyyət işçilərinin görüşü Azərbaycanda o qədər də nadir təşkil edilən tədbirlərdən deyil. Müxtəlif zamanlarda görkəmli mədəniyyət və incəsənət xadimləri ilə yaddaqalan çoxsaylı görüşlər keçirilib. Geniş formatda keçirilən sonuncu tədbir isə yeni inkişaf mərhələsinə qədəm qoyan, bütün sahələrdə çox ciddi islahatlar həyata keçirən Azərbaycan üçün böyük önəm daşıyır».

Yazıda qeyd edilir ki, qısa müddət ərzində humanitar sahədə ciddi addımlar atılıb, sosial layihələr paketinin icrasına başlanılıb.

Müəllifin fikrincə, bu baxımdan mədəniyyət və incəsənət sahəsində aparılan islahatların ruhuna uyğun ideyaların müzakirəsi və həlli zərurətə çevrilib.

Yazıda habelə qeyd edildiyinə görə, prezident hesab edir ki, iqtisadi islahatları davamlı surətdə irəli aparmaq, uğurlardan maksimum faydalanmaqdan ötrü bütün ölkədə hər bir vətəndaşın mədəni səviyyəsinin artması, onun düşüncə və davranışlarının müasirləşməsi vacibdir.

XS
SM
MD
LG