Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:25

Prezident Aİ elçisini qəbul edib


T.Klaar

Azərbaycan prezidenti İlham Əliyev martın 6-da Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, T.Klaar Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə müsbət töhfə verməkdə çox maraqlı olduğunu ifadə edib.

Prezident İ.Əliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və danışıqların formatı dəyişdirilə bilməz. Azərbaycanın münaqişənin tezliklə ədalətli həllində ən maraqlı tərəf olduğunu deyən prezident İlham Əliyev işğal olunmuş ərazilərin azad edilməsinin danışıqlar prosesinin həmişə vacib komponenti olduğunu vurğulayıb.

Dövləti başçısı habelə bildirib ki, Ermənistan tərəfindən verilən ziddiyyətli rəsmi açıqlamalar qəbuledilməzdir. Bunun danışıqlar prosesinə əngəl yaratdığını qeyd edən prezident vurğulayıb ki, beynəlxalq ictimaiyyət bunu ciddi şəkildə nəzərə almalıdır.

Görüşdə həmçinin, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı və Şərq Tərəfdaşlığı Proqramında iştiraka dair geniş fikir mübadiləsi aparılıb.

Qarabağ münaqişəsi Ermənistanın ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığında Aİ-nin altı qonşu ölkəsi əhatə edilib. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxil olub. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında isə tərəfdaşlıq sazişi imzalanıb.

Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Multimedia

XS
SM
MD
LG