Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:08

İŞİD-çilər son günlərini ölümünə savaşırlar


Bağuz kəndi yaxınlığı
Bağuz kəndi yaxınlığı

İslam Dövləti (İŞİD) silahlı qruplaşması son nəfəsində də təşkilatlanmış və qəddar olaraq qalır. Suriyada əllərində qalan sonuncu məkanda belə onlar tərəfdarlarına ərzaq və pul paylayır, dini polis və döyüşçüləri isə qorxu və qəddarlıq idarəçiliyini davam etdirirlər. Bu haqda “The Associated Press” agentliyi yazır.

Agentlik qeyd edir ki, qruplaşma son bir neçə həftə ərzində 10 mindən artıq yorğun və yaralı tərəfdarının köçürülməsini təmin edib, görünür, uzunmüddətli perspektivdə salamat qalmağı, münaqişəni davam etdirməyi gözə alırlar.

PUL TRANSFERİ OFİSLƏRİ İŞLƏYİR

Çoxu əcnəbilərdən, iraqlılardan, orta asiyalılardan ibarət yaraqlılar indi son döyüşə girişiblər, Bağuz kəndində tunellərə, mağaralara sığınıblar. Ötən cümədən bəri ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin bərpa etdiyi gülləbarana dirəniş göstərməkdədirlər. SDF rəsmilərinin fikrincə, onlar ölümünə savaşmaq niyyətindədirlər.

Bağuzdan çıxmış qadın yaralı uşağını aparır
Bağuzdan çıxmış qadın yaralı uşağını aparır

Agentlik ərazidən çıxarılan 20-dən artıq adamdan müsahibə alıb. Onların deməsinə görə, qruplaşma əraziyə nəzarəti saxlamağa çalışdıqca onun vaxtilə güclü qurumları da təzyiqə dirəniş göstəriblər. Amma danışanlar İŞİD-in qisasından qorxaraq adlarının çəkilməsini istəməyiblər. Onlardan çoxu İŞİD üzvlərinin qohumlarıdır.

Dul qadınlar deyiblər ki, hətta yaraqlılar çadırlara köçəndən sonra belə onlar İŞİD-in administrasiyasında olan qonaq evlərində qalıblar, qrup aylıq təqaüdləri ərzaq yardımıyla əvəzləyib, amma getdikcə ərzaq qıtlığı yarandığından yardım da azalıb. Pul transferi ofislərinin son günədək işlədiyi deyilir. 24 yaşlı bir suriyalı qadın deyib ki, əri öləndən sonra, bir ay öncə anası Hələbdən ona pul göndərib.

Yaraqlıların fiziki cəzaları da qüvvədə saxladığı söylənir. Onlar adamların qaçmasına kömək edən bir iraqlı lideri öldürüblər. “Hisba” adlı dini polis Bağuzdakı çadırları gəzərək sakinləri gündə beş dəfə namaz qılmağa çağırıblar. Təxliyə vaxtı çatanda Hisba əməliyyata nəzarət edib, yaralıları və ailələrinə qeydiyyatdan keçməyə çağırıb.

Khodr adlı bir sürücü isə agentliyə qruplaşmanın necə təşkilatlanmasının birbaşa şahidi olmasından danışıb. O, Bağuzdan çıxarılanları daşıyan yük maşınlarından birini sürür. Deyir ki, əməliyyat zamanı maskalı İŞİD-çilər hər yük maşınında ikisi olmaqda adları siyahı üzrə bir-bir yoxlayıblar.

Bağuzdan çıxarılanlar SDF-in yoxlamasından keçir
Bağuzdan çıxarılanlar SDF-in yoxlamasından keçir

“MƏN AĞLAMAĞA BAŞLADIM”

Sürücü silahlının bir qadını vurduğunun da şahidi olub. O, görünür, avtobusa minməyə tərəddüd edirmiş.

“Dəhşətli səhnə idi. O qadını iki metrlik məsafədən vurdu. O yıxıldı və mən ağlamağa başladım”, – sürücü danışıb.

Demək olar hər gün Bağuzdan yüzlərlə qadın və kişi çıxarılır, onların çoxunun travmalı və yaralı olduğu bildirilir. Bəziləri əlil arabalarında, ambulanslarda daşınır. Körpələr və uşaqlar acından ağlayır. Hər əlində iki körpə tutmuş qadınlar şəxsi əşyaları olan sellofan torbaları dallarınca sürüyürlər. Onlardan bəziləri uşaqlarını və ərlərini itirib.

Bağuzdan çıxandan sonra isə onları SDF qəbul edir. Kişilər ayrıca cərgəyə düzülərək üst-başları axtarılır, SDF döyüşçüləri onların biometrik məlumatlarını yığır.

27 yaşlı Um Abdulrahman deyib ki, o, ərazidən çıxmaq üçün dörd gün əlləşib. Bir neçə həftə öncə atışmada o yaralanıb, körpə oğlu isə öldürülüb. Məscid xidmətçisi olan əri isə çıxmağa qorxub. “Onlar tərəfindən öldürüləcəyindən çox qorxurdu”, – qadın göz yaşını paltarının qoluna silir. Nəhayət hər ikisi çıxa bilib və əri SDF tərəfindən dindirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG