Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 18:27

Hüquq müdafiəçisi: Polisdə fəaliyyətimlə maraqlandılar


E.Həsənov

«Bu gün, martın 6-sı saat 11-in yarısından 15-ə kimi məni Sabunçu Rayon Polis İdarəsinin 12 saylı Polis Bölməsində saxladılar».

Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Elşən Həsənov deyib. Onun sözlərinə görə, polis bölməsində ona konkret hər hansı irad bildirməyiblər, daha çox hansı partiya mənsubu olması, niyə müxalifət düşərgəsində yer alması ilə maraqlanıblar.

«Bundan başqa, yaxınlarım, qohum-əqrəbamla maraqlandılar. Mən də anlatdım ki, müxalif fikirlərimə görə mənimlə əlaqə saxlamırlar», - hüquq müdafiəçisi bildirib.

E.Həsənli polis bölməsində təzyiqlə qarşılaşmadığını və hər hansı xəbərdarlıq almadığını söyləyib.

Amma deməsinə görə, polisə çağrılmasının səbəbi ona aydın olmayıb. O, bununla bağlı bəzi ehtimallarını da dilə gətirib: «Biz bir müddət öncə siyasi məhbusların yeni siyahısını elan etdik. Daha çox bu mülahizə üzərində dayanıram ki, çağırışa əsas səbəb bu ola bilər».

E.Həsənlinin dedikləri ilə bağlı, hələlik, 12 saylı Polis Bölməsindən və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Hüquq müdafiəçisinin saxlandığı deyilir

Hüquq müdafiəçisi Elşən Həsənovun bu gün, martın 6-da səhər polisə çağırıldığı bildirilir.

Bu barədə «Turan» agentliyinə onun həyat yoldaşı məlumat verib. Xanımının sözlərinə görə, saat 9:30-a yaxın o, telefon edərək polisdə olduğunu bildirib: «Lakin hansı idarədə və ya polis bölməsində olduğunu deyə bilmədi. Bundan sonra onun mobil telefonu cavab vermir».

Həyat yoldaşı güman edir ki, E.Həsənov Sabunçu Rayon Polis İdarəsindədir, çünki həmin rayonun ərazisində yaşayır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən «Turan» agentliyinə bildiriblər ki, məsələ ilə bağlı məlumatları yoxdur.

Sabunçu Rayon Polis İdarəsindən isə E.Həsənovun orada olmadığını söyləyiblər.

İki gün öncə E.Həsənovun koordinatoru olduğu Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbus sayılan şəxslərlə bağlı yeni siyahı elan edib. Siyahıda 133 nəfərin adı yer alıb.

Ancaq Azərbaycanda yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı bir yox, bir neçə siyahısı var.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Elşən Həsənov 2011-ci il aprelin 2-də müxalifətin keçirdiyi aksiyada saxlanıb, 2 il azadlıqdan məhrum edilmişdi. Həmin vaxt Bakı şəhər rəhbərliyi ilə razılaşdırılmayan, «istefa» və bir çox şüarların səsləndirildiyi bu aksiyaya görə onlarla müxalifətçi saxlanmış, onların bir çoxu həbs edilmişdilər.

E.Həsənov həbsdən çıxdıqdan sonra hüquq müdafiəçisi kimi fəaliyyətə başlayıb.

XS
SM
MD
LG