Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:46

Rusiyayla əlbirlik nə vaxt cinayətə çevrilir – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Hazırda ABŞ-da xüsusi prokuror Robert Mueller Moskvanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə mümkün müdaxiləsini araşdırır. Hüquq ekspertləri isə Prezident Donald Trump-ın seçki kampaniyası ilə Rusiya arasında hansı kontaktların ABŞ-ın cinayət qanunvericiliyini pozduğunu müzakirə edirlər. “Reuters” agentiyinin əməkdaşı Jan Wolfe da bu məsələni araşdırıb.

ABŞ kəşfiyyat agentliklərinin qənaətinə görə, Rusiya Birləşmiş Ştatlarda narazılıq yaratmaq, Trump-ın demokratlardan opponenti Hillary Clinton-a ziyan vurmaq üçün üçün haker və propaqanda sxemindən istifadə edib. Mueller-in istintaqı çərçivəsində Trump-ın kampaniyasının bir neçə üzvü təqsirini ya boynuna alıb, ya da məhkum olunub. Bu istintaq rusiyalılarla prezidentə yaxın şəxslər arasına saysız kontaktları üzə çıxarıb.

Mueller istintaqla bağlı hesabatını Baş prokuror William Barr-a təqdim etməyə hazırlaşır. Trump və Rusiya isə hansısa əlbirliyi, Moskva seçkiyə hər hansı müdaxiləni rədd edir.

Vaşinqtonda etiraz aksiyası
Vaşinqtonda etiraz aksiyası

Trump-ın vəkili Rudy Giuliani 2018-ci ilin iyulunda yazırdı ki, “sövdələşmə cinayət deyil”. Müxbir “sövdələşmə” adlı federal cinayətin olmadığını yazır. Amma kompüter hakerliyi cinayətdir. Yəni Trump-ın seçki kampaniyasının hansısa üzvü 2016-cı ildə Demokratik Milli Komitəsinin kompüterlərinə haker hücumuna razılıq verib, yaxud bunu həvəsləndiribsə, bu, əlbirlik cinayəti sayıla bilər. ABŞ rəsmiləri bildirirlər ki, Rusiya demokratların kompüterlərindən yazışmaları oğurlamaq üçün haker hücumu edib, daha sonra həmin yazışlamalar WikiLeaks vebsyatında yayılıb və məqsəd Clinton-a zərbə vurmaq olub.

Bundan başqa, Trump-ın seçki kampaniyasının Rusiyayla əlaqələri digər qanunları da poza bilər. Seçki kampaniyasına dair maliyyə qanunları əcnəbilərin ABŞ-da seçkilərə müdaxiləsini qadağan edir, prezidentliyə namizədlər xaricilərdən kampaniyaya töhfələr qəbul edə bilməzlər.

Demokratların haker hücumuna məruz qalmış emailləri də həmin kateqoriyaya aid edilə bilər, əlbəttə, əgər Mueller rusiyalılarla Trump-ın kampaniyası arasında əlaqə aşkarlarsa.

Skripal işindən bir il keçib, nə dəyişib

Bir il öncə, 2018-ci il martın 4-də keçmiş rusiyalı casus Sergei Skripal və qızı Yulia Britaniyanın Solsberi şəhərində Noviçok qazıyla zəhərlənib. London bu işin arxasında Moskvanın durduğunu iddia etsə də Moskva bunu danır. Zəhərlənmədən sonra London və Moskva qarşılıq şəkildə bir-birinin diplomatlarını qovub.

Sergei Skripal (solda) və qızı Yulia
Sergei Skripal (solda) və qızı Yulia

“Bu qədər kəşfiyyat zabitinin birdəfəlik qovulması Moskvanın casusluq və müdaxilə kampaniyasına aydın təsirini göstərdi, hətta dəyən ziyanın əsasən müvəqqəti olmasına baxmayaraq... Rusiyanın şəbəkəsinə belə addımlarla təsir göstərmək mümkün deyil”, – “The Moscow Times” qəzetində Mark Galeotti yazır.

Müəllif hadisənin siyasi təsirini də vacib sayır. Hazırda Putin Kremli Rusiyanın böyük dövlət statusunu təsdiqləməyə çalışır. Kremlin hazırda lovğa, qəddar, təhlükəli bir imici var.

Skripal hadisəsinə reaksiyanın çoxmillətli olması da bir mesaj çatdırdı. Bir çox ölkələr bu fürsətdən istifadə edərək Rusiyanın müdaxiləsi, trol fəaliyyəti, casusluq, bəzən də qətllər törətməsi sarıdan məyusluğunu səsləndirdi.

“Avropa Birliyi özünü bu sahədə dişsiz və könülsüz göstərdiyindən qeyri-hərbi durumların önlənməsində həmrəylik üçün institusional çərçivə yoxdur. Amma ola bilər. Moskvanın manevr azadlığını azaldacaq, ona qarşı yönələcək daha bir strukturun yarana biləcəyi təhlükəsi Kremlin nəzərindədir”, – müəllif yazır.

Məqalədə vurğulanır ki, Qərb ölkələri həmrəylik gücü sərgiləyə bilsələr də, Rusiyanın gizli fəaliyyətinə qarşı hərtərəfli və kollektiv fəaliyyət üçün baza ola bilərdi.

“Rusiya artıq seçkiyə müdaxilə, qətl kimi nəm işlərdənsə, enerjisini daha qeyri-birbaşa qarşıdurma, altından daha yaxşı çıxa biləcəyi, amma az pozucu olmayan fəaliyyətə yönəldib. Savaş davam edir”, – müəllif vurğulayır.

Nissanın keçmiş rəhbəri zaminə buraxılıb

Avtomobil sənayesinin keçmiş maqnatı Carlos Ghosn bu gün – martın 5-də azadlığa bir addım da yaxınlaşıb. Tokio məhkəməsi gözlənilmədən onu zaminə buraxıb. Ghosn üç aydan çox idi təcridxanada idi.

Carlos Ghosn
Carlos Ghosn

Onun noyabrın 19-da maliyyə pozuntularında şübhəli bilinərək saxlanması biznes dünyasını sarsıtmışdı.

Məhkəmə 1 milyard yenlik (9 milyon dollar) girovpulu istəyib. Amma prokurorların bu qərardan apelyasiya verəcəyi, hətta 64 yaşlı Ghosn-a qarşı əlavə ittihamlar irəli sürə biləcəyi bildirilir.

Məhkəmənin qərarına görə, Ghosn Yaponiyanı tərk edə bilməz.

Bu qərardan bir gün öncə onun əsas vəkili Junichiro Hironaka jurnalistlərə demişdi ki, müştərisinin zaminə buraxılması üçün təzə elementlər olan “inandırıcı” vəsatət təqdim edib.

Məhkəmə Ghosm barəsində həbs qətimkan tədbirini onunla əsaslandırmışdı ki, o, qaça bilər, sübutları əngəlləməyə çalışa bilər. İndiyədək onun zaminə buraxılmasından ötrü iki vəsatət və digər azadlığa buraxılma cəhdləri rədd olunub.

Amma beynəlxalq insan haqları qrupları onun həbsinin uzanmasını tənqid edirdilər.

“Niyə təqsirli sayılmazdan öncə cəzalandırılıram?” – Ghosn özü yanvarda “Frans Pres” və Fransanın “Les Echos” qəzetinə müsahibəsində demişdi.

XS
SM
MD
LG