Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Borcluların ölkədən çıxışına qadağanın götürülməsi gözlənir - Media icmalı


Aeroport
Aeroport

Prezidentin kredit borcları olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı verdiyi fərman, Neft Fondundakı vəsaitlərin idarə edilməsi, ölkədə aparılan sosial siyasət və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Kredit borcu olan fiziki şəxslərə güzəşt

Moderator.az saytında «Görünən odur ki, bir sıra banklar yenə də kreditləri dollar ifadəsini əlavə etməklə verirlər» sərlövhəli yazı oxumaq olar.

Müəllif prezidentin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı verdiyi fərman ətrafında iqtisadçı, deputat Əli Məsimli ilə söhbət edib.

Deputat deyib ki, bu fərman banklara 10 min dollara qədər borcu olan şəxslərin devalvasiyadan sonra yaşadığı problemlərin ədalətli şəkildə həllini özündə əks etdirən əhəmiyyətli sosial layihədir: «Problemli kreditlərin bütün ağırlığı əhalinin üzərində idi. Ona görə də əhalinin güzəranının yaxşılaşdırılması qarşısında çox ciddi maneəyə çevrilmişdi. Dövlət bu fərmanla problemli kreditlərin əsas ağırlığını çox geniş miqyaslarda öz üzərinə götürməklə əhaliyə devalvasiyadan dəyən ziyanı özü ödəyəcək».

Ə.Məsimli həmin mexanizmin bu şəkildə işləyəcəyini qeyd edib: «…Məzənnə fərqinin maliyyə yükünün 92 qəpiyindən 85 qəpiyini öz üzərinə götürməsi ilə əhaliyə və banklara daha artıq güzəştlər nəzərdə tutulur».

Ə.Məsimli qeyd edib ki, bununla yanaşı, martın sonuna qədər məhkəmədə olan işlərin geri çağrılması, 10 min dollar (17 min manata) qədər borcu olanların xarici ölkələrə çıxışını məhdudlaşdıran qadağaların da götürülməsi gözlənilir.

Deputat habelə deyib ki, hər bir vətəndaşa veriləcək kompensasiyanın məbləği 45 gün müddətində, yəni aprelin ortalarına qədər məlum olmalıdır.

Ə.Məsimli vurğulayıb ki, hazırda problemli kreditlər 1.6 milyard manata yaxın olub, kredit portfelinin 12 faizini təşkil edir, bu sahədəki statistika dəqiqləşdirilməlidir.

Dövlət Neft Fondu
Dövlət Neft Fondu

Neft Fondunun gəlirləri azalıb

Azadliq.info saytında «Neft Fondunun gəlirləri 6 dəfə azalıb» sərlövhəli yazı yer alır.

Sayt Dövlət Neft Fondunun gəlirlərinin azalması barədə iqtisadçı-ekspert Qubad İbadoğlunun qeydlərinə yer verib.

İqtisadçı iddia edir ki, 2018-ci ildə Neft Fondunun vəsaitin idarə olunmasından əldə etdiyi gəlirlər 6 dəfə azalıb. Q.İbadoğlunun bildirməsinə görə, Fond yalnız səhmlərin idarə edilməsindən 42.9 milyon dollar ziyana düşüb.

Bu il martın 1-də Fond 2018-ci il üzrə gəlir və xərclərinə dair məlumatları açıqlayıb.

İqtisadçı vurğulayıb ki, 2017-ci il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 1083.6 milyon manat, 2016-cı il ərzində müvafiq göstərici 1068.8 milyon manat olub.

Q.İbadoğlunun bildirməsinə görə, 2018-ci il üzrə isə bu göstərici 181.1 milyon manat təşkil edib: «Baxmayaraq ki, 2019-cu il yanvarın 1-ə Fondun aktivləri, yəni idarəçilikdə olan vəsaitləri 2018-ci ilin əvvəlinə nisbətən 7.56 faiz artaraq 38515.2 milyon ABŞ dollarına çatıb».

Q.İbadoğlunun qeyd etməsinə görə, 2018-ci ildə Fondun əsas itkiləri səhmlərə qoyuluşlardan olub: «Səhmlərin idarə edilməsindən Fond 0.87 faiz və ya 42.9 milyon dollar ziyana düşüb. Məlumat üçün qeyd edim ki, Fondun investisiya portfelində səhmlərin payı 12.8 faiz, məbləği isə 5 milyard dollar təşkil edir».

İ.Əliyev Sumqayıtda
İ.Əliyev Sumqayıtda

Vətəndaşın müdafiəsi

«Azərbaycan» qəzetində «Vətəndaş maraqlarının müdafiəçisi» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, ötən 15 ildə (hazırkı prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr-AR) qazanılmış nailiyyətlər ölkə rəhbərliyinin inkişaf kursunun təməlində dərindən düşünülmüş elmi-iqtisadi əsasların, dövlətin və xalqın maraqlarının təmin olunmasının dayandığını göstərir.

Yazıda vurğulandığına görə, aparılan siyasətin mərkəzində insan amili durur: «Son 15 ilin sosial inkişaf dinamikasına nəzər salanda ardıcıl surətdə cəmiyyətimizin ayrı-ayrı üzvlərinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığının şahidi oluruq. İstər insanların əmək haqlarının yüksəldilməsi, istər pensiyaların artırılması, istərsə də aztəminatlı ailələrin sosial müdafiəsi sisteminin təkmilləşdirilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin ayrı-ayrı şaxələrini təşkil edir».

Müəllif yazıb ki, hazırda işsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir.

Yazıda daha sonra 2019-cu ildə sosial sahədə görülən bir sıra işlərin də üzərində dayanılır: «2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır».

Yazının sonunda isə oxuyuruq: «…Dövlət başçısı üçün əsas prioritetlərdən biri məhz vətəndaşların sosial rifahının gücləndirilməsi, onları narahat edən problemlərə son qoyulmasıdır. Ən əsası, bütün bunlar onun təsdiqidir ki, prezident İlham Əliyev vətəndaş maraqlarının əsl müdafiəçisidir».

XS
SM
MD
LG