Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:33

'Sonra məlum oldu ki, həmin işçilərin adına kreditlər götürülüb'


ABB
ABB

Beynəlxalq Bankda müəyyən məbləğdən yuxarı kredit verilməsi üçün xüsusi razılıq olmalıydı. Bankdan on milyonlarla kredit götürüb qaytarmamağa görə xeyli adam mənimsəmə ittihamıyla məhkəmə qarşısına çıxarılsa da, o vəsaitlərin ayrılması üçün razılıq verən şəxslərin kimliyi, sənədlərə kimlərin imza atması, hələlik, bəlli deyil.

Beynəlxalq Bank işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Martın 4-də məhkəmədə 2008-2011-ci illərdə bankın Kredit Komitəsinin üzvü olmuş Gündüz Məmmədov şahid qismində dindirilib. Hazırda bankın Abşeron filialının müdir müavini olan G.Məmmədov deyir ki, böyük məbləğdə kreditlərin ayrılması üçün sənədlər Kredit Komitəsinə təqdim olunub. O da bəzi layihələrə verilən kreditlərə qol çəkib: «Bu komitə kreditlərin verilməsinə nəzarət edirdi. Tutaq ki, şirkət zavod tikirdi, biznes sənədləri banka təqdim edirdi, girov qoyurdu. Kredit Komitəsi də onları araşdırıb, sonra qərar verirdi. O vaxt komitəyə Akif Əliyev rəhbərlik edirdi».

Məhkəmədə elan olunub ki, şahidin ifadələri arasında ziddiyyətlər var. O, 1.5 milyon manatlıq layihələrə verilən kreditlərə imza atıb.

Bankın Aktivlər və Passivlər Departamentinin üzvü olmuş Aydın Səlimov deyib ki, veksel əməliyyatlarıyla bağlı nə iclaslarda iştirak edib, nə də hansısa sənədə imza atıb.

Departamentin katibi olmuş Həsən Həşimzadə deyir ki, Xəzinədarlıq Departamentində protokollara veksel əməliyyatlarıyla bağlı bəndlər əlavə olunur. Onun sözlərinə görə, əlavələr bankın keçmiş rəhbəri Cahangir Hacıyevin göstərişi ilə edilirdi.

«İntertekstil» şirkətinin sabiq rəhbəri Şakir Musayev deyir ki, keçmiş deputat, hazırda isə müttəhimlər kürsüsündə əyləşmiş Dünyamin Xəlilovun göstərişi ilə onun şirkətinin işçilərinin adına Beynəlxalq Bankdan 5 milyon manatdan artıq kredit götürülüb: «Dünyamin müəllim zəng etdi, mən də mühəndis İlham Ağaverdiyevə dedim ki, işçiləri banka göndərsin, sənədlərə imza atsınlar. Sonra məlum oldu ki, həmin işçilərin adına kreditlər götürülüb».

Şahid söyləyib ki, «İntertekstil»in faktiki rəhbəri D.Xəlilov olub, bütün göstərişləri də sabiq deputatdan alıb.

Xatırlatma

Bu cinayət işi üzrə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev, onun dostu Dünyamin Xəlilov, sabiq bankirin bacanağı İsmayıl Hidayətzadə və daha 19 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlara qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israfetmə) maddələri ilə ittiham irəli sürülüb.

C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. İttihamda yazılıb ki, C.Hacıyevin tapşırığıyla D.Xəlilovun rəhbərlik etdiyi «General Construction»ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmüylə 15 il azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG