Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:35

Xilafətdən sonra: İŞİD-çilərə yiyə duran tapılmır


Suriya, arxiv fotosu
Suriya, arxiv fotosu

İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzvlərini və ailələrini mühakimə olunmaq, yaxud reabilitasiya üçün ölkələrinə qaytarmaq daha təhlükəsizdirmi? Yoxsa onlar elə Suriya və İraq hakimiyyətinin nəzarətində olan həbsxana və qaçqın düşərgələrində qalmalıdırlar?

AzadlıqRadiosu-nun əməkdaşı Ron Synovitz Birləşmiş Ştatlar, Avropa Birliyi, Rusiya və Orta Asiyanın hazırda belə bir dilemma ilə üzləşdiyini yazır.

Artıq beynəlxalq koalisiya İŞİD-in 2015-ci ildən bəri Suriyada ələ keçirdiyi böyük əraziləri geri alır. İŞİD-ə qoşulmaq üçün Yaxın Şərqə getmiş kişi və qadınlar, eləcə də onların dünyaya gətirdiyi yüzlərlə uşağın taleyi havadan asılı qalıb.

AB YAXASINI KƏNARA ÇƏKİR

ABŞ Prezidenti Donald Trump Avropa Birliyindən xahiş edib ki, 800-dən artıq İŞİD-çini mühakimə etməkdən ötrü geri qaytarsın. Birləşmiş Ştatların dəstəklədiyi Suriya kürdləri də belə bir çağırış edib, İŞİD-çilərin qaçmayacağını təmin etməyə yetərincə resursu olmadığını deyib.

Donald Trump
Donald Trump

Di gəl, AB ölkələrinin çoxu həmin döyüşçülərin və ailə üzvlərinin elə cinayət törətdikləri ölkələrdə mühakimə olunmalı olduqlarını deyirlər.

Avropa Komissiyası 2011-2016-cı illərdə terrorçu təşkilatlara 42 mindən çox əcnəbinin qoşulduğunu deyir. Onlardan 5 mininin Avropadan olduğu güman edilir.

AB-nin xarici siyasət rəhbəri Federica Mogherini qurumun repatriasiya məsələsində hər hansı rolunu istisna edib. O deyib ki, bu məsələni dövlətlər özləri həll etməlidirlər.

Britaniyanın Baş naziri Theresa May hökuməti bildirib ki, İŞİD-in “əcnəbi yaraqlılar” elə tutulduqları yerdə, yaxud cinayətin törədildiyi regionda mühakimə olunmalıdırlar. Britaniya 2015-ci ildə 15 yaşında ölkədən qaçaraq İŞİD-ə qoşulmuş qadının vətəndaşlığını da ləğv edib.

Vaşinqton da saxlanmış İŞİD döyüşçülərinin Kubadakı Quantanamo həbsxanasına göndərilməsini istisna edib.

Suriya, arxiv fotosu
Suriya, arxiv fotosu

FRANSA, ALMANİYA NECƏ DAVRANIR

Hazırda Suriyanın şimalında 150 fransalının həyat yoldaşları ilə birlikdə saxlandığı bildirilir. Paris repatriasiya olunan döyüşçülərin ölkədə terror hücumları törədə biləcəyindən narahatdır və onları qaytarmaq istəmir. Amma Trump-ın Suriyadan əsgərlərini çıxaracağını elan etməsi, görünür, Parisin siyasətində dəyişiklik yarada bilər.

Fransa hakimiyyəti yanvarın sonunda bəyan edib ki, 130 fransalı İŞİD-çini arvadlarıyla birlikdə mühakimə etmək üçün ölkəyə gətirməyi nəzərdən keçirir.

Ədliyyə naziri Nicole Belloubet İŞİD yaraqlılarının uşaqlarının məsələsinə ayrı-ayrılıqda baxılacağını söyləyib.

Berlin də narahatdır. Xarici işlər naziri Heiko Maas bildirib ki, İŞİD üçün vuruşmuş bütün almaniyalıları repatriasiya və mühakimə etmək “son dərəcə çətindir”.

Maasın fikrincə, onlar o zaman qaytarıla bilər ki, hakimiyyət “onların dərhal məhkəməyə göndəriləcəyinə təminat versin”, azadlığa buraxılmasınlar.

Şimali Makedoniya Avropanın ilk ölkəsi olaraq Suriya və İraqdan repatriasiya proqramı gerçəkləşdirib, yeddi İŞİD-çini ötən ilin avqustunda ölkəyə qaytarıb.

Rusiya isə 2017-ci ilin avqustundan 100-dən artıq uşağı, onlarla İŞİD-çi gəlini repatriasiya edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG