Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:53

Gəncə olaylarında tutulanların valideynləri narazıdır


O.Gülalıyev

Hüquq müdafiəçisi Oktay Gülalıyev 2018-ci ildə baş verən Gəncə olayları zamanı həbs edilənlərin bəzilərinin ailə üzvləri ilə görüşüb.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin özü məlumat verib.

O.Gülalıyevin deməsinə görə, Gəncə olaylarında tutulanların valideynləri narazıdır. Hüquq müdafiəçisinin vurğulamasına görə, həmin şəxslərlə görüşdən sonra onda belə bir fikir yaranıb ki, «Azərbaycanda hüquq və insan haqları adına nə varsa, dəfn ediblər».

Hüquq müdafiəçisi valideynlərə istinadən bildirib ki, «Gəncə işi» ilə bağlı həbs edilənlərdən heç birinin lazımı şəkildə müdafiə hüququ təmin olunmayıb: «Onların işində bir nəfər də olsun müstəqil vəkil iştirak etməyib. Həbs olunanların bir çoxunun hansı maddələrlə ittiham olunduqlarını bilmədikləri deyilir...».

Hüquq müdafiəçisi daha sonra da bunları əlavə edib: «Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi işi götürüb gedir, Bakıda məhkəmə prosesi keçirir. Həbs olunanlar isə sadə, kasıb insanların övladlarıdır. Çoxu övladlarının məhkəməsində iştirak etmək üçün Bakıya gedə bilmirlər. Onlara aylarla sovqat apara bilmirlər, insanlar öz doğmalarının məhkəməsində iştirak edə bilmirlər».

Üstəlik, həbs edilənlərin işgəncələrə məruz qalması ilə da bağlı iddialar var. Hərçənd, hüquq-mühafizə orqanları istintaq altında və cəzaçəkmə yerlərində işgəncələrin olması ilə bağlı səslənən şikayətləri qəbul etmirlər.

Hüquq müdafiəçisinin bu açıqlamasına, hələlik, rəsmi qurumlardan ayrıca münasibət almaq mümkün olmayıb.

İki qrupun məhkəməsi başa çatıb

Martın 1-də Sabunçu Rayon Məhkəməsində Gəncə olayları ilə bağlı həbs edilən iki qrupa hökm oxunub. Onlar Cinayət Məcəlləsinin (CM) 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar) maddəsi ilə ittiham ediliblər.

Bəzilərinin əlavə olaraq CM-nin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.

Birinci qrupda mühakimə olunan 6 şəxsə 6 ildən 8 ilə qədər həbs verilib. İkinci qrupda mühakimə olunan 8 şəxsin isə 5 ildən 8 ilə qədər cəza aldığı qeyd olunur.

Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə getdiyini açıqlamışdı. Qurumda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə iyulun 3-də icra başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub.

Verilən məlumata görə, Gəncədə həmin ay sonrakı hadisələr və iki polisin qətli ilə bağlı isə 59 nəfər şəxslə bağlı həbs-qətimkan tədbiri seçilib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Multimedia

XS
SM
MD
LG