Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:39

Xərclər artdı, büdcədə imkan varmı?-Media icmalı


Dollar
Dollar

Fiziki şəxslərin problemli kreditləri ilə bağlı prezidentin verdiyi fərman, son vaxtlar minimum əməkhaqqının, müavinət və təqaüdlərin artması ilə bağlı xərclərin ödənməsindən ötrü büdcədə lazımı vəsaitin olub-olmaması medianın aparıcı mövzularındandır...

«Kompensasiya yetərli deyil»

Azadliq.info saytında «5.4 milyard zərər vurduqları adamlara cüzi kömək qərarı verilib» sərlövhəli yazı oxumaq olar.

Yazıda 10 min dollara qədər banklara borcu olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı bu günlərdə prezidentin imzaladığı fərman ətrafında iqtisadçı Nemət Əliyev düşüncə və iddialarını bölüşüb: «Xarici valyutada kredit borcu olanlara iki gecədə (2015-ci il fevralın 21-də və dekabrın 21-də baş vermiş devalvasiyalar nəzərdə tutulur-red.) azı 5.4 milyard manat zərər vurulub. Bu qədər zərər qarşılığında dövlət başçısının fərmanı ilə verilməsi nəzərdə tutulan kompensasiya yetərli sayıla bilməz».

N.Əliyev daha sonra Mərkəzi Bankın məlumatlarına istinadən birinci və ikinci devalvasiyalardan sonra vətəndaşlara dəyən ziyana diqqət çəkməyə çalışır. O, yekunda 2015-ci il dekabrın 21-də baş vermiş ikinci devalvasiyanın nəticələri üzərində durur: «...Dolların məzənnəsini 1.05 manatdan 1.55 manata yüksəltdi. İkinci devalvasiyaya qədər bankların xarici valyuta ilə verdiyi kreditin məbləği 7.5 milyard dollar olub (MB-nin 2015-ci il noyabr ayının sonuna olan məlumatı). Əgər ikinci devalvasiyaya qədər 7.9 milyard manat (7.5 X 1.05=7.9) ödəmə etməli idilərsə, ondan sonra həmin borca görə 11.6 milyard manat (7.5 X 1.55=11.6) ödəmək məcburiyyəti yarandı. Bu dəfə borc yükü daha 3.7 milyard manat və ya 47 faiz artdı. Beləliklə, hökumətin iki gecədə tətbiq elədiyi iki devalvasiya xarici valyuta ilə kredit götürmüş borcluların borc yükünü 5.4 milyard manat (1.7+3.7=5.4) artırmış oldu».

Fərmana əsasən, Mərkəzi Bank (10 min ABŞ dollarınadək kreditlər üzrə) vaxtı keçmiş kredit borclarının restrukturizasiyası (kredit şərtlərinin dəyişdirilməsi-red.) məqsədilə banklara 682 milyon manat dövlət zəmanəti ilə güzəştli kredit verəcək. Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

Valyuta mübadiləsi
Valyuta mübadiləsi

«800 min nəfərin kredit problemi həll edilib»

«Azərbaycan» qəzetində dərc edilən «800 min nəfərin kredit problemi həll olundu» sərlövhəli yazıda isə problemli kreditlərə dair prezidentin fərmanı fərqli baxışdan dəyərləndirilir.

Yazının müəllifinə görə, bu sosial problemin yaranma səbəbi bir neçə il əvvəl dünyada baş vermiş qlobal iqtisadi və maliyyə böhranı, bunun nəticəsi olaraq enerji resurslarının qiymətinin kəskin ucuzlaşması olub: «Azərbaycan iqtisadiyyatı da bu neqativ təsirlərə müəyyən qədər məruz qalmış, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləmiş, xarici valyutada borc alan vətəndaşların banklar qarşısında öhdəlikləri manatın devalvasiyaya uğraması ilə bağlı artmışdı. Sosial müdafiəsi zəif olan minlərlə vətəndaş çıxılmaz vəziyyətə düşmüşdü».

Müəllifin vurğulamasına görə, bu fərman göstərir ki, Azərbaycanda əhalinin sosial müdafiəsi və layiqli həyat səviyyəsi ilə təmin olunması dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqaməti kimi qalmaqdadır: «Dövlət başçısı İlham Əliyev əhalinin rifah halını yüksəltmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir, iqtisadi və institusional islahatları reallaşdırır, yeni iş yerlərinin yaradılmasını, əhalinin məşğulluğunun təminatını və gəlirlərinin artmasını diqqət mərkəzində saxlayır».

Yazının sonunda isə oxuyuruq: «Sonda bir daha bildirək ki, bu fərmanla Azərbaycanda ciddiliyindən və maliyyə yükündən asılı olmayaraq bütün problemlərin həlli zamanı yalnız xalqın mənafeyinin nəzərə alınması bir daha təsdiq edildi».

Büdcə. Karikatura
Büdcə. Karikatura

«Artan xərcləri ödəməyə vəsait var»

«Yeni Müsavat» qəzetində də «Artan xərcləri ödəmək üçün büdcədə vəsait varmı?-ekspertlər cavab verir» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, son həftələr ərzində ölkə prezidenti əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı və geniş əhatəli sənədlər imzalayıb. Müəllif «artan xərcləri ödəməkdən ötrü büdcədə lazımı vəsait varmı» sualı ilə ekspertlərə üz tutub.

Yazıda rəsmi məlumatlara əsasən qeyd edilir ki, dövlət büdcəsindən sosial müavinət və təqaüdlərin artırılmasına bu il 300 milyon, minimum əməkhaqqının artırılmasına 335 milyon manata qədər, problemli kreditlər məsələsinin həllinə isə 700 milyon manata yaxın vəsait tələb edilir.

İqtisadçı Q.İbadoğlu hesab edir ki, artan xərcləri maliyyələşdirməkdən ötrü büdcədə vəsait var və ona dəyişiklik olunmasına ehtiyac yaranmayacaq: «2019-cu ilin dövlət büdcəsində bu xərcləri qarşılamaq üçün kifayət qədər bölünməmiş və təsnifatı verilməyən vəsait mənbələri mövcuddur...».

Başqa bir iqtisadçı Rövşən Ağayev də hesab edir ki, hökumət bu il dövlət büdcəsinə dəyişiklik etməyəcək. Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişiklikdən sonra büdcə xərclərinin artırılmasına limit qoyulub (3 faizdən çox artırıla bilməyəcək): «Ümumilikdə büdcədə ciddi dəyişiklik ediləcək. Hökumət həmin vəsaitin bir hissəsini investisiya xərclərindən, bir hissəsini isə əsas bölmələrə aid edilməyən və sair xərclər bölməsindən götürə bilər. Burda 1.2 milyard manata yaxın vəsait var. Bu, böyük vəsaitdir. Büdcədə bir neçə xərc maddəsi var, ayrı-ayrı bölmələrdə «və sair» adı altında xərclər nəzərdə tutulur, ancaq onların təyinatı açıqlanmır...».

Yazıda qeyd edildiyinə görə, prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirovun dediyinə görə də, bütün fərmanların yaratdığı xərclər büdcədə əvvəlcədən nəzərdə tutulub.

XS
SM
MD
LG