Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Demokratlar Trump-a təzyiqi artırır – Qərb mediası


Donald Trump
Donald Trump

ABŞ Nümayəndələr Palatasının demokrat üzvləri Prezident Donald Trump-la bağlı təhqiqatları sürətləndirirlər. Söhbət prezidentin yol verdiyi iddia olunan korrupsiya, ədalət mühakiməsinin önlənməsi və hakimiyyətdən sui-istifadə hərəkətlərindən gedir.

Bu gün – martın 4-də palatanın ədliyyə komitəsi 60-dan çox fərd və qurumdan sənədlər tələb edəcək. Tələb irəli sürüləcək şəxslər arasında prezidentin oğlu kiçik Donald Trump, Trump-ın biznes imperiyasının baş maliyyəçisi Allen Weisselberg də var. Onların hər ikisinin seçki kampaniyasının maliyyə qaydalarını pozaraq Trump-ın adından film aktyoruna pul verdiyi iddia olunur.

Digər mümkün hədəflər sırasında Trump-ın keçmiş qərargah rəisi John Kelly, Ağ evin keçmiş müşaviri Don McGahn də var.

Michael Cohen ifadə verir
Michael Cohen ifadə verir

“The Guardian” qəzeti yazır ki, demokratların sənəd ovuna çıxacağını komitənin sədri Jerrold Nadler bazar günü açıqlayıb. O, ABC-nin “This Week” proqramına deyib ki, informasiya əldə etmək üçün müraciətlər Ağ evə, Ədliyyə Departamentinə, digər agentliklərə və fərdlərə göndəriləcək.

“Ədalət mühakiməsinin önlənməsi, korrupsiya, hakimiyyətdən sui-istifadə kimi hallar üzrə təhqiqatın başlamasından ötrü... mümkün dəlili əldə etmək naminə əlimizdən gələni edəcəyik”, – o deyib.

Ötən həftə Trump-ın keçmiş şəxsi vəkili Michael Cohen palatanın nəzarət komitəsində altı saat ərzində ifadə verib. O, komitəyə kiçik Donald Trump və Weisselberg tərəfindən imzalanmış 35 min dollarlıq çek təqdim edib. Dediyinə görə, həmin pulu 2016-cı il prezident seçkisindən az öncə aktrisa Stormy Daniels-ə verib ki, prezidentliyə namizəd Trump-la iddia etdiyi əlaqəsini ictimaiyyətə açıqlamasın. Belə bir ödəniş seçki kampaniyasının maliyyə qaydalarının pozulması deməkdir.

Guaido kütləvi etirazlara çağırıb

Özünü Venesuelanın aralıq dövr prezidenti elan etmiş Juan Guaidó ölkədə kütləvi etirazlara çağırıb.

“Venesuelalıları sabah səhər 11-də küçələrə çıxmağa çağırıram”, – o, bazar günü tvitində yazıb.

Juan Guaido
Juan Guaido

50-dən çox ölkənin tanıdığı Guaidó hakimiyyətini saxlamağa çalışan prezident Nicolás Maduronu istefaya səsləyib.

Cənab Maduro isə özünü legitim prezident sayır, Çin, Rusiya və Kuba onu dəstəkləyir.

BBC yazır ki, Guaidó-nun ölkəyə necə qayıdacağı, Maduronun ona qarşı hansı tədbir görəcəyi bəlli deyil.

Müxalifət lideri özünü aralıq dövr prezidenti elan edəndən sonra Ali Məhkəmə ona səyahət qadağası tətbiq etmişdi.

ABŞ-ın Milli təhlükəsizlik müşaviri John Bolton tvitində yazıb ki, “onun təhlükəsiz qayıdışına hansısa təhdid, yaxud hərəkət güclü reaksiyayla üzləşəcək”.

AB-nin Xarici siyasət rəhbəri Federica Mogherini isə bəyan edib ki, cənab Guaidó-ya hansısa ziyan dəyərsə, “bu, gərginliyi xeyli artırar”, beynəlxalq ictimaiyyətin qınağıyla üzləşər

Guaidó ötən ay Kolumbiyaya keçərək oradan Latın Amerikasının bir neçə ölkəsinə baş çəkib, görüşlər keçirib. O, dünən Ekvadorda Venesueladan qaçmış bəzi şəxslərlə görüşüb.

Donald Trump (sağda) və Xi Jinping (solda)
Donald Trump (sağda) və Xi Jinping (solda)

Trump və Xi bu ay görüşə bilərlər

ABŞ Prezidenti Donald Trump və Çin lideri Xi Jinping bu ayın sonunda görüşərək iki ölkə arasında bir ildir davam edən ticarət müharibəsinə son qoya bilər. Bu haqda CNN xəbər verir.

“The Wall Street Journal” bazar günü yazıb ki, tərəflər razılaşma əldə etməyin son mərhələsindədirlər. Bu sənədə görə, Trump administrasiyası Pekinə qarşı sanksiyaları qaldırarsa, Çin də ABŞ-ın bir sıra məhsullarına tarifləri azalda bilər.

Qəzet yazıb ki, tərəflər yetərincə irəliləyiş əldə ediblər və Trump ilə Xi martın 27-də mümkün görüş zamanı formal razılaşma əldə edə bilərlər. Trump özü də ötən həftə deyirdi ki, tərəflər razılaşmaya “çox, çox yaxınlaşıblar” və o, Floridadakı Mar-a-Laqo iqamətgahında Xi ilə görüşməyi planlaşdırır.

CNN qeyd edir ki, ABŞ-Çin ticarət müharibəsinə müvəqqəti olsa belə, son qoyulması Prezident Xi və hökuməti üçün böyük qələbə sayıla bilər. Çünki o, hazırda Çin iqtisadiyyatındakı yavaşımanı önləməyə çalışır.

İqtisadi azalma ölkənin səhm bazarında durğunluq yaradıb, Apple (AAPL) və Caterpillar (CAT) kimi şirkətlərin xəbərdarlığına səbəb olub.

XS
SM
MD
LG