Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:01

Prezident fərmanı kredit borclarını necə və nə qədər bağlayır-Mediada yozumlar


Dollar
Dollar

Prezidentin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman və son bir ayda sosial sahədə atılan bir çox addımlar medianın aparıcı mövzularındandır...

«On minlərlə ailə sevindi»

«Yeni Müsavat» qəzetində «Prezident on minlərlə ailəni sevindirdi - kredit borcları ilə bağlı tarixi fərman» sərlövhəli yazı oxumaq olar.

Yazıda prezident İlham Əliyevin fevralın 28-də «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı ətrafında ekspertlərin rəyi təqdim edilir. Fərman banklara 10 min dollara qədər xarici valyutada borcu olan fiziki şəxslərə güzəşt edilməsini nəzərdə tutur.

İqtisadçı Rövşən Ağayev deyib ki, güzəştdə başlanğıc tarix 2012-ci il yanvarın 1-i, son tarix - 2019-cu ilin fevralın 28-i götürülür: «Vətəndaşların 10000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir. 2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik, 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödənilir».

İqtisadçı vurğulayıb ki, devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları qaytarmaqdan ötrü banklar vətəndaşlara manatla yenidən hesablanmış borcları verməyə 1 il güzəşt müddəti olmaqla, 5 illiyə, illik 1 faizlə kredit xətti açmalıdır: «Bu məqsədlə Mərkəzi Bankın da banklara illik 0.1 faizlə ümumi həcmi 682 milyon manat kredit xətti açması nəzərdə tutulur».

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı da bildirib ki, bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5000 dolların manat ekvivalentindən çox ola bilməz: «Ümumiyyətlə, prezident fərmanının sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Belə ki, fərmanın əhatə dairəsinə 800 min nəfərdən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan artıq vəsait ödəniləcək».

N.Əliyev
N.Əliyev

«Çox az faydası olacaq»

Azadliq.info saytında da yer alan «Bu fərmanın çox az faydası olacaq» sərlövhəli yazıda da eyni məsələdən bəhs edilir.

Müəllif, iqtisadçı Nemət Əliyev yazıb ki, fərmanın ümumi hissəsində Azərbaycan əhalisinin alıcılıq qabiliyyətinin zəifləməsinin günahını yenə dünyanın üstünə yıxıblar: «Guya, qlobal iqtisadi və maliyyə böhranı xarici valyutada borc almış vətəndaşlarımızın öhdəliklərini artırıb».

İqtisadçı isə hesab edir ki, əsas günah ölkədəki bank faizlərində, korrupsiyada, yarıtmaz pul siyasətində və bir ildə həyata keçirilən iki böyük devalvasiyadadır: «İkincisi, bu fərman problemli kreditlərin tam həllini nəzərdə tutmayıb. Fiziki şəxslərin maliyyə itkisinin bir hissəsini qarşılamağı, problemli kredit məsələsinin həllinə dövlətin verə biləcəyi dəstəyi ifadə edir. Üçüncüsü, fərman yalnız fiziki şəxsləri hədəfə alıb».

İqtisadçı vurğulayıb ki, manatla kredit götürmüş və sonradan problemə çevrilmiş kreditlərə bu dövlət dəstəyi tətbiq olunmayacaq: «Fərmana görə, xarici valyutada olan kreditlərin əsas məbləğinin yalnız devalvasiya nəticəsində manatla artmış hissəsinə dövlət dəstəyi tətbiq olunacaq».

Yazıda üstəlik, bildirilir ki, fərman fiziki şəxslərin banklardakı qalıq borclarına tətbiq olunacaq: «Bütün bu qeyd olunanlarla yanaşı, kredit borclarına hesablanmış faizlərin, cərimələrin silinməsi və məhkəmədə olan işlərin geri çağrılması çox yerində, lakin gecikmiş addım kimi diqqəti cəlb edir. Bu səbəbdən ki, kredit borcu olanlar ən böyük zərbələrdən birini məhz bu tərəfdən alıblar. Malını-mülkünü satıb faizlərin ödənişinə yönəldən minlərlə borclular, aldıqları psixoloji travmalar bir yana qalsın, artıq müflis olaraq sıradan çıxıblar».

İ.Əliyev
İ.Əliyev

«Fevral islahatları»

«Azərbaycan» qəzetində «İlham Əliyevin fevral islahatları» sərlövhəli yazı dərc edilib. Yazıda dövlət başçısının 2019-cu ilin fevral ayı ərzində imzaladığı bir çox fərman və sərəncamlar dəyərləndirilir.

Müəllif hesab edir ki, 2019-cu il yaddaşlara daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi tarix kimi yazılacaq. Yazıda vurğulanıb ki, təkcə fevral ayında əhalinin sosial rifah halı ilə bağlı prezident İlham Əliyev 8 sərəncam, 4 fərman imzalayıb. Onun fikrincə, bu fərmanlar aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib.

Yazıda, eyni zamanda, dövlət başçısının fevralın 19-da imzaladığı «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Fərmanının da üzərində dayanılır: «Xatırladaq ki, Bakıda tikintisinin başa çatmasına və sakinlərin məskunlaşmalarına baxmayaraq, rəsmi olaraq istismarına icazə verilməmiş kifayət qədər bina var idi. Həmin binaların sakinləri yaşadıqları mənzillərlə bağlı çıxarış sənədləri ala bilmirdi və bu, onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olurdu. Həmin sakinlər rəsmi olaraq mənzillər üzərində hüquqlara malik deyildilər».

Müəllif sonra da məcburi köçkünlərin müavinətlərinin 50 faiz artırılmasından, minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılmasından və başqa oxşar məsələlərdən bəhs edir. Yazının sonunda da oxuyuruq: «Görülən işlərə əsasən deyə bilərik ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından əvvəlki illərdən fərqlənən il olacaq. Prezidentin söylədiyi kimi, Azərbaycan bu il də uğurlar və inkişaf yolu ilə gedəcək».

XS
SM
MD
LG