Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:34

Dünya xəbərləri

Banqladeş daha rohinca qaçqınlarını qəbul edə bilməyəcək

Rohinca uşaqlar Banqladeşdə məktəbə gedir

Banqladeş hökuməti BMT-nin Təhlükəsizlik Şurasına bildirib ki, daha qaçqın qəbul edə bilmir. Qonşu Birmadan (Myanma) bu ölkəyə 700 min rohinca müsəlmanı sığınıb.

Banqladeşin Xarici işlər naziri Shahidul Haque fevralın 28-də deyib ki, bu ölkəyə sığınmış rohincaların repatriasiyası məsələsi “daha da pisləşib” və şuranı “qətiyyətli” addım atmağa çağırıb.

Qaçqınlarla həddən artıq yüklənməsi Banqladeşin tez-tez şikayətləndiyi məsələdir.

BMT rohincaların Birmanın əsasın Raxin ştatından çıxarılmasını “soyqırımı” adlandırıb.

Onların çoxu Birma ordusunun əməliyyatlarından qaçıb. Ordu isə etnik təmizləmə iddialarını rədd edir, yaraqlıların hücumlarına cavab verdiyini, dinc sakinləri hədəfə almadığını bildirir.

İki ölkənin əldə etdiyi razılaşmaya görə, Birma qaçqınların bəzilərini geri qaytarmağa razılaşıb. Amma BMT onları təhlükəsizliyinə təminat istəyir.

Bütün xəbərləri izləyin

Maduronun çirkli pullarını yuyan biznesmen ABŞ-a təhvil verilib

Alex Saab, arxiv foto

Venesuela prezidenti Nikolas Maduronun rejimi üçün çirkli pulların yuyulmasında günahlandırılan iş adamı Alex Saab ABŞ -a təhvil verilib. Bu barədə mətbuata ABŞ Dövlət Departamentindən məlumat verilib.

Alex Saab, Maduro və onu Venesuelalı diplomat hesab edən Rusiya da daxil olmaqla müttəfiqlərinin aylarla davam edən müqavimətindən sonra Cape Verde -dən (Cape Verde, Afrikanın şimal -qərb sahillərindən bir neçə yüz kilometr aralıd yerləşən bir dövlətdir. )ABŞ-a təhvil verilib.

Venesuela, Vaşinqtonun bu addımına Venesuelanın siyasi və iqtisadi böhranına son qoymaq üçün Meksikada ABŞ-ın dəstəklədiyi müxalifətlə danışıqları dayandırmaqla cavab verib.

Beləki danışıqlar oktyabrın 17 -də davam etdirilməli idi. Prokurorlar Saabın Cənubi Amerika ölkəsindəki korrupsiya istintaqının əhəmiyyətli bir şahidi ola biləcəyinə inanırlar.

Məlumata görə, tətbiq edilən sanksiyaları pozaraq Venesuelanın qızıl və neft satışını aparan Alex Saab illərlə ABŞ tərəfindən izlənilib.

49 yaşlı Saab 2020-ci ilin iyununda Cape Verdedən İrana gedərkən həbs edilib.

Maduro hökümətinin bəyan etdiyinə görə, o, məhkəmə araşdırmalarına qarşı immuniteti olan diplomatik-humanitar bir missiyanə həyata keçirirmiş.

Venesuelanın etirazlarına baxmayaraq, Cape Verde, Saab -ı ABŞ -a təhvil verməyə keçən ay razılaşıb. Venesuela isə bəyan edir ki, özünün "səfir"i adlandırdığı Saabı ABŞ qaçırıb.

Macron 1961-ci il Parisdə əlcəzairli etirazçılara qarşı polis hərəkətlərini 'bağışlanmaz' adlandırıb

Fransa prezidenti Emmanuel Macron, arxiv foto

Fransa prezidenti Emmanuel Macron, 60 il əvvəl Əlcəzairdən gələn mühacirlərin Parisdə keçirmək istədiyi etiraz aksiyasının qəddarcasına yatırıldığı zaman polis hərəkətlərini "bağışlanmaz" adlandırıb.

Həmin adamlar 1961-ci il oktyabrın 17-də Pont Saint-Michel'e körpüsünə gələrək Fransa hökumətini Əlcəzairdəki hərbi əməliyyatları dayandırmağa çağırıblar.

Euronews telekanalının yaydığı məlumata görə, 17 oktyabr faciəsi ilə bağlı təfərrüatlar onilliklər ərzində gizlədilib, həlak olanların dəqiq sayı hələ də məlum deyil.

Rəsmi versiyaya görə, həmin gün polisin güllələdiyi adamların sayı onlarca idi. Fransa Beynəlxalq Radiosu isə qeyd edir ki: "Hələ də dəqiq məlumatların toplanmadığına baxmayaraq , aparıcı tarixçilərin ən dərin araşdırmalarında ən az 200 adamın güllələndiyi güman edilir."

Məlumata görə, həmin vaxt əlcəzairli nümayişçilərin aksiyasının qəddarcasına dağıtılması əmrini Paris polisinin valisi Maurice Papon verib. O, 38 il sonra insanlığa qarşı cinayətlərə görə məhkum edilib.

Macron ilk Fransa prezidentidir ki, 1961-ci ildə əlcəzairli nümayişçilərin öldürüldüyü yerə baş çəkib.

Xəbər agentliklərinin yazdığına görə, amma o polisin bu addımına görə rəsmi üzrhaxlıq etməyib.

Etiraz nümayişinin sağ qalan iştirakçıları, onların uşaq və nəvələri israr edirlər ki, Fransa səlahiyyətliləri hadisənin məsuliyyətini qəbul edib onu rəsmən tanısınlar.

Beləki oktybarın əvvəlində Parislə Əlcəzair arasında diplomatik gərginlik baş verib. Prezident Macron Fransadakı əlcəzairli gənclərinin nümayəndələri ilə görüşdə, Əlcəzair rəhbərliyinin "rəsmi tarix" ni yenidən yazdığını və bura "Fransaya nifrət" in daxil edildiyini söyləyib

Kosmosda bədii film çəkən qrup yerə enib

Aktrisa Yulia Peresild, kosmonavt Anton Shkaplerov və rejissor Klim Shipenko

Kosmonavt Oleq Novitsky, aktrisa Yulia Peresild və rejissor Klim Shipenko ilə birlikdə Y.A. Gagarin kosmik gəmisinin (Soyuz MS-18) enmə vasitəsi ilə Qazaxıstan çölünə eniblər. AzadlıqRadiosunun rus xidməti enmənin Roscosmos saytında yayımlandığını bildirir.

TASS-ın məlumatına görə, Peresildlə Shipenko oktyabrın 5-dən, Novitski isə aprelin 9 -dan orbitdə olub.

Məlumata vurğulanır ki, Peresild və Shipenko dünyada birinci dəfədir ki, kosmosda bədii film çəkiblər. "Çağırış" adlanan kosmik dramda həkim qız kosmonavtı xilas etmək üçün orbitə uçur.

Film Roskosmos, Rusiyanın 1-ci kanalı və "Yellow, Black and White"ın birgə layihəsidir.

Ekrana çıxacaq 35-40 dəqiqəlik filmin çəklişlərində həmçinin rusiyalı kosmonavtlar Anton Shkaplerov, Oleq Novisskiy və Petr Dubrov da iştirak edib.

Moskva Özbəkistanda 5 rus məktəbi tikməyi planlaşdırır

Sergei Lavrov , arxiv foto

Moskva, "Rus dilinin mövqeyini gücləndirmək" təşəbbüsü çərçivəsində Özbəkistanda beş məktəb tikməyi planlaşdırır.

Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Xaricdə Yaşayan Rus Həmvətənlərinin VII Dünya Konqresində bildirib. Onun sözlərinə görə, Rusiya "rus dilinin, rus mədəniyyətinin və bütün rus dünyasının mövqeyini gücləndirmək" üçün belə hərəkətlər edir.

O xatırladıb ki, Tacikistanda rus metodologiyası üzrə tam tədris proqramı olan beş məktəb tikiləcək və oxşar proqram Özbəkistan də üçün hazırlanır.

“Bu yaxınlarda yeni Ermənistan rəhbərliyi eyni proqramı Ermənistan üçün hazırlamaqda maraqlı olduğunu göstərdi. Biz bunu prinsip etibarilə bütün müttəfiqlərimiz və strateji tərəfdaşlarımız üçün belə bir model layihə etməkdə maraqlıyıq ", - Lavrov əlavə edib.

Tacikistan və Rusiya hökumətləri arasında beş məktəbin inşasına dair müqavilə 2019 -cu ilin aprelində imzalansa da Rusiyanın baş naziri Mixail Mişustin bunu yalnız 2021-ci ilin sentyabrında imzalayıb.

Onların Düşənbə, Xucənd, Bokhtar, Kulyab və Tursunzadədə tikilməsi planlaşdırılır.

Əvvəllər Tacikistanda məktəblər Dünya Bankı tərəfindən tikilirdi, lakin 2019 -cu ilin əvvəlində bank və digər beynəlxalq donorlar Tacikistana dəstək proqramlarını dayandırıb.

Özbəkistanda rus dilinin rəsmi statusu yoxdur, amma bu ölkədə tədrisin rus dilində aparıldığı 900 -dən çox məktəb var. Universitetlərdə və uşaq bağçalarında rus dilində bölmələr da var.

Son zamanlar Rusiya mətbuatı və siyasətçiləri Mərkəzi Asiyada "ruslara və rusdilli insanlara qarşı təzyiqlər" olması barədə fikirlər səsləndirirlər.

Avqust ayında Xarici İşlər Nazirliyi yanında Rossotrudniçestvo hökumət təşkilatı Qazaxıstan və Qırğızıstanda "ruslara və rusdilli insanlara hücumların" təhlükəli bir tendensiya olduğunu bildirən bir bəyanat yayıb.

Daha sonra Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova, Moskvanın öz təsir zonası olaraq gördüyü bir bölgə olan Mərkəzi Asiyanın bəzi ölkələrində rusdilli insanlara qarşı ayrı -seçkilik edildiyini bildirib.

Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda bəzi siyasətçilər və fəallar Rusiya mediasında gedən informasiya kampaniyasından narazılıqlarını ifadə ediblər. Amma adı çəkilən respublikaların hakimiyyəti səviyyəsində heç bir fikir ayrılığı ifadə edilmədiyi bildirilir.

Azərbaycanda rus dilli məktəblərin sayı

Azərbaycan prezidenti 2021-ci ilin sentyabrındakı çıxışlarının birində Azərbaycandakı böyük rus icmasından danışıb. O, ölkədə rus dilində 340 məktəbin, dövlət ali məktəblərində rus dili fakültələrinin olduğunu, on minlərlə tələbə və şagirdin rus dilində təhsil aldığını vurğulayıb. "Mən bunu da bizim dövlətlərarası münasibətlərin mühüm amili hesab edirəm", – o deyib.

Rusiya gəmisi ABŞ gəmisini geri dönməyə məcbur edib?

Britaniyaya məxsus hərbi gəmi Qara Dənizdə, Batumi limanında 26 iyun 2021

ABŞ Hərbi Dəniz Qüvvələri Yaponiya dənizində baş verən hadisə ilə bağlı Rusiyanın yalan bəyanat verdiyini bildirir. Cümə günü ABŞ Sakit Okean Donanması Rusiya və Amerika gəmilərinin bir -birindən 60 metr aralı olduğu Yapon dənizində baş verən hadisə ilə əlaqədar Rusiya Müdafiə Nazirliyinin bəyanatını "yalan" adlandırır.

Belə ki, cümə günü Rusiyanın Müdafiə nazirliyi məlumat yayıb ki, Rusiyanın "Admiral Tributs" gəmisi Yapon dənizindəki Böyük Pyotr körpəzi rayonunda Rusiyanın dəniz sərhəddini pozan Amerikanın "Chafee" hərbi gəmisini ərazidən uzaqlaşdırıb.

Rusiya tərəfinin yaydığı məlumatda iddia olunur ki, ölkə sularına doğru irəlləyən ABŞ gəmisi yalnız Rusiya gəmisinin bir neçə on metrlikdə etdiyi həlledici manevrlər nəticəsində istiqamətini dəyişməyə məcbur edilib.

Bildirilir ki, Amerika gəmisi, Rusiya-Çin dəniz manevrləri çərçivəsində top atəşi səbəbiylə naviqasiyaya bağlı bir bölgədə olub. Rusiya tərəfi Amerika gəmisinin hərəkətlərini beynəlxalq qaydaların kobud şəkildə pozulması adlandırır.

Bir-neçə saat sonra ABŞ, Rusiyanın məlumatın yalan olması ilə bağlı açıqlama yayıb.

Məlumatda deyilir ki, Amerika gəmisi "hava əməliyyatları" keçirməyə hazırlaşarkən Rusiya gəmisi Amerika gəmisinə yaxınlaşıb. Vurğulanır ki, bu "qarşılaşma təhlükəsiz və peşəkar idi" .

Amerika hərbi komandanlığından verilən məlumata görə, Rusiya tərəfinin artilleriya atəşi aparması, gəmiçilik və uçuşlar üçün su sahəsinin bağlanması barədə bildiriş bu epizoddan sonra ictimaiyyətə açıqlanıb.

Açıqlamada ABŞ hərbi gəmisinin neytral sularda olduğu vurğulanır:

"ABŞ uçuşları davam etdirəcək, gəmiləri beynəlxalq qanunların icazə verdiyi yerlərdə gəzəcək və əməliyyatlar aparacaq" deyə açıqlamada vurğulanır.

Məhkəmə Ermənistanın keçmiş müdafiə nazirini həbsdə saxlayıb

Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan

Məhkəmə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanı azad etməyib. AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, Tonoyanın vəkili Sergey Ovannisyan jurnalistlərə bildirib ki, Apellyasiya Məhkəməsi keçmiş nazirin azad olunması ilə bağlı onların irəli sürdüyü vəsatəti rədd edib.

Külli miqdarda mənimsəmədə ittiham olunan keçmiş müdafiə naziri ötən ayın sonunda həbs edilib.

Tonoyan ordu üçün yararsız raketlər aldığı üçün mühakimə olunur. Onunla yanaşı Ermənistan ordusunu silahla təmin edən şirkətlərdən birinin direktoru "Patron Davo" kimi tanınan David Galstyan da həbs edilib.

Hər ikisi təxminən 4,7 milyon dollar mənimsəməkdə və saxtakarlıq etməkdə, ictimai təhlükəli hərəkətlərdə günahlandırılır.

Həbsdə olan hər iki şəxs ittihamları qəbul etmir. Vəkil Sergey Hovhannisyanın sözlərinə görə, cinayət işinin başlanmasına səbəb olan raketlərlə bağlı nə həbslərdən əvvəl, nə də sonra ekspertiza keçirilməyib.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, cinayət işində hazırda həbsdə olan aviasiya idarəsinin keçmiş rəisi, Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Stepan Galstyan da daxil olmaqla Silahlı Qüvvələrin digər keçmiş və indiki yüksək rütbəli məmurlarının da adları keçir.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, raketlər 2011 -ci ildə idxal edilsə də dövlətin bu silahları nə vaxt almasını ilə bağlı hər hansı tarix göstərilməyib. Rəsmi məlumata görə, təhvil verildikdən bir müddət sonra, bəzi raketlər heç vaxt istifadə edilməyib və balansdan silinib. Bundan başqa qalan raketlər isə 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük müharibə də daxil olmaqla ümumiyyətlə istifadə edilməyib.

Saakaşvili tərəfdarları Tbilisidə izdihamlı mitinq keçirir (Video)

Azadlıq meydanına toplaşan nümayişçilər “Mişanı azad et!” şüarı səsləndirir, dövlət bayraqlarını dalğalandırırdılar

Oktyabrın 14-də Tbilisinin mərkəzinə toplanan minlərlə insan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılmasını tələb edib.

Saakaşvilinin ötən ay ölkəyə qayıtdıqdan sonra həbs olunması Gürcüstandakı siyasi böhranı daha da dərinləşdirib.

Gürcüstan paytaxtının baş küçəsi olan Rustaveli prospektindəki Azadlıq meydanına toplaşan nümayişçilər “Mişanı azad et!” şüarı səsləndirir, dövlət bayraqlarını dalğalandırırdılar.

Xəbər verilir ki, mitinqdən əvvəl parlamentin binası yaxınlığına çox sayda avtobuslarla iğtişaş polisi gətirilmişdi.

Həbsxanadan müraciət

Mitinq müxalif Mtavari telekanalının baş direktoru və Saakaşvilinin vəkillərindən birinin keçmiş prezidentin müraciətini oxuması ilə başlanıb.

Saakaşvili müraciətində ölkə cəmiyyətini barışıq və birliyə çağırıb.

Müraciət müxalifət tərəfdarlarını birləşməyə və oktyabrın 30-da Gürcüstanın demək olar bütün böyük şəhərlərində bələdiyyə seçkisinin ikinci turuna çıxmış Milli Hərəkatın namizədlərinə səs verməyə çağırır:

“İndi heç bir əlamət, partiya mənsubiyyəti və ya hər hansı başqa əlamətə görə parçalanmağın vaxtı deyil. İndi Gürcüstanı azad etmək vaxtıdır və bugün bunu etmək üçün ən mühüm olanı birlikdir. Dərk etmək çox mühümdür ki, bizim cəmiyyətimizin, ölkəmizin böyük barışığa ehtiyacı var və biz buna hazır olmalıyıq. Bugün ölkəmiz üçün həyati vacibdir ki, biz bir-birimizi alçaltmağı, bir-birimizə qarşı nifrət toxumu səpməyi dayandıraq. Biz bir-birimizi bağışlamalıyıq və mən bunları bir qanunsuz həbs edilmiş məhbus kimi həbsxanadan yazıram”.

Saakaşvilinin müraciətində deyilir ki, daha bir revanş və qisas ölkəni dağıda bilər.

Tbilisidə Saakashviliyə azadlıq tələbi ilə aksiya
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin yaratdığı “Vahid milli hərəkat” partiyası siyasətçinin buraxılması tələbiylə Tbilisidə irimiqyaslı etiraz aksiyasına hazırlaşır. Bu haqda AzadlıqRadiosu-nun gürcü xidməti xəbər verir.

Təşkilatçılar Azadlıq meydanına onminlərlə tərəfdarın toplanacağına ümid edirlər. “Mişaya azadlıq” aksiyası axşama nəzərdə tutulur.

Regionlardan aksiyada iştirak üçün avtomobil karvanlarının getdiyi xəbər verilir. Hakim “Gürcü arzusu” partiyasının tərəfdarları isə mərkəzi yolda müxalifətçiləri süpürgələrlə qarşılayır. Bu, Saakaşilinin hakimiyyəti dövründə ölkə həbsxanalarında işgəncə iddialarına eyhamdır.

Saakaşvili oktyabrın 1-də gizlicə Gürcüstana qayıdıb və Tbilisidə həbs olunub. Həmin gündən aclıq etdiyini deyən Saakaşvili özünü siyasi məhbus elan edib, ittihamları isə qondarma adlandırıb.

Saakaşvili iki iş üzrə təqsirli bilinib. Ona, Daxili İşlər Nazirliyinin qətldə təqsirli bilinmiş keçmiş əməkdaşlarını əfv etdiyinə görə 3 il həbs kəsilib. Keçmiş deputat Valeri Gelaşvilini döyməyə görəsə 6 il həbs cəzası alıb.

Gürcüstan hakimiyyəti bildirir ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası nəzərdə tutulmur, o, vətəndə cəzasını çəkməlidir.

Ox-yayla 5 nəfəri öldürdü

Polis hadisə yerində

Polis  hücumun mümkün motivi haqda informasiya açıqlamayıb.

Polis şübhəlinin islamı qəbul etdiyini deyir

Polis 37 yaşlı danimarkalı şübhəlinin islamı qəbul etdiyini, hakimiyyətin radikallaşma ehtimalın görə onunla kontaktda olduğunu deyir.

Polis 2020-ci ildə həmin şəxsi izləyibmiş. “Onun radikallaşması sarıdan qorxu olub”, – Norveç polis rəsmisi Ole Bredrap Saeverud jurnalistlərə deyib.

Hadisə zamanı biri iş başında olmayan polis əməkdaşı olmaqla iki nəfər yaralanıb.

***

37 yaşlı danimarkalı Norveçin Konqsberg şəhərində ox-yayla beş nəfəri öldürməkdə şübhəli bilinir. Bu haqda polis oktyabrın 14-də açıqlama yayıb.

Ötən gecə axşam şəhərin müxtəlif yerlərində baş vermiş hücumlarda iş başında olmayan polis əməkdaşı yaralanıb. Bu şəhər paytaxt Oslodan 68 kilometr cənub-qərbdə yerləşir.

Polis hücumun mümkün motivi haqda informasiya açıqlamayıb.

Bu, 2011-ci ildən Norveçdə ən ağır hücum sayılır. O zaman ifrat-sağçı ekstremist Anders Behrinq Breyvik gənclər düşərgəsində əsasən yeniyetmələr olmaqla 77 nəfəri qətlə yetirmişdi.

Təhqiqatçılar son hadisənin terror hücumu olub-olmadığını araşdırır.

Polis şübhəlini dindirir və o, istintaqla əməkdaşlıq edir, vəkili belə deyib.

Bu hücumdan sonra Norveçdə əsasən silahsız gəzən polisə odlu silah daşımaq əmr olunub.

İranda edam təxirə salınıb

Arman Əbdüləli (sağda)

Amnesty International qeyd edib ki, beynəlxalq hüquq pozuntu törədən zaman yaşı 18-dən az olanlara ölüm cəzasının kəsilməsini qadağan edir

Amnesty International bildirir ki, İran 17 yaşında həbs edilmiş və ölüm cəzasına məhkum olunmuş şəxsin edamını təxirə salıb.

İnsan haqları qrupları onun məhkəməsinin “son dərəcə ədalətsiz” keçirildiyini bildirirlər.

Amnesty International oktyabrın 13-də Twitter hesabından yazdığı postda bildirir ki, edam şənbə gününə, oktyabrın 16-dək təxirə salınıb.

Təşkilat qeyd edir ki, edam təhlükəsi hələ də qalır.

***

İnsan haqları qruplarının gözləri İrana dikilib, oktyabrın 13-də 17 yaşında həbs edilərək ölümə məhkum edilmiş şəxsin edamı gözlənir. Onun məhkəməsinin “kobud ədalətsizlik” şəraitində keçdiyi bildirilir.

“Amnesty International” təşkilatı İran hakimiyyətini Arman Əbdüləlinin edamını dayandırmağa çağırıb. O, Tehranın qərbində yerləşən Kərəcdə təkadamlıq kameraya yerləşdirilib.

Londonda yerləşən qrup qeyd edib ki, beynəlxalq hüquq pozuntu törədən zaman yaşı 18-dən az olanlara ölüm cəzasının kəsilməsini qadağan edir.

Əbdüləli 2014-cü ildə itkin düşmüş qız dostunu qətlə yetirməkdə təqsirli bilinib. Qızın meyiti tapılmayıb.

İran rəsmiləri beynəlxalq təzyiq nəticəsində Əbdüləlinin edamını iki dəfə təxirə salıblar. Sonuncu dəfə bu, iyulda baş verib.

“Amnesty International” onun məhkəməsinin “işgəncə iddiaları ilə qarışmış ifadələr” əsasında “kobud ədalətsizlik” şəraitində keçirildiyini qeyd edib.

Təkrar məhkəmə isə onun cinayət üçün məsuliyyət daşıdığını bir daha təsdiqləyib, baxmayaraq ki, hadisə zamanı oğlanın “yetişkənliyi”nə dair suallar olub.

Qurum “ədalətli məhkəmə standartları”na uyğun təkrar mühakimə keçirilməsini tələb edib.

KTMT Əfqanıstanla sərhəddə təlim keçirəcək

KTMT-nin Qırğızıstandakı təlimi

Təşkilat ötən ay Qırğızıstanda üç günlük hərbi təlimlər təşkil edib

Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) oktyabrın 22-23-də Tacikistanın Əfqanıstanla sərhədində birgə hərbi təlimlər keçirəcək. Bu haqda Kreml oktyabrın 13-də məlumat yayıb.

KTMT-yə Tacikistandan savayı Qırğızıstan, Qazaxıstan, Ermənistan və Belarus daxildir.

Təşkilat ötən ay Qırğızıstanda üç günlük hərbi təlimlər təşkil edib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, danışıqlar Əfqanıstandakı vəziyyətdən narahatlığın artdığı bir dönəmdə baş tutur.

“Bu təlimlər vacibdir”, – Peskov oktyabrın 13-də jurnalistlərə deyib.

“KTMT prezidentləri bu yaxınlarda görüşərək Əfqanıstanda baş verənlərdən narahatlıq ifadə ediblər. Onlar vəziyyətin gözlənilməzliyini, KTMT-nin ayıq-sayıq olmasının vacibliyini vurğulayıblar”, – o deyib.

Taliban avqustda Əfqanıstanda nəzarəti ələ alıb, kişilərdən və mühafizəkarlardan ibarət hökumət qurduğunu açıqlayıb.

Avstriyada yeni kansler and içəcək

Aleksandr Şallenberq

Prezident Aleksandr Van der Bellen andiçmə mərasiminə sədrlik edəcək

Oktyabrın 11-də Avstriyanın Xarici işlər naziri Aleksandr Şallenberq kansler kimi and içəcək. Sebastyan Kurz iki gün öncə korrupsiya təhqiqatı ilə əlaqədar istefa verib.

Kurzun mühafizəkar Avstriya Xalq Partiyasının 52 yaşlı üzvü Şallenberq 2019-cu ildən xarici işlər naziridir.

Prezident Aleksandr Van der Bellen andiçmə mərasiminə sədrlik edəcək.

Vyananın Fransadakı səfiri Maykl Linhart xarici işlər naziri postuna keçir.

Kurz 2016-cı ildə xarici işlər naziri postundan siyasi yüksəlişi naminə mediada müsbət işıqlandırma üçün büdcə vəsaitindən istifadədə suçlanır. Özü isə iddiaları rədd edir.

Solçu Yaşıllar Partiyası hakim koalisiyadan çıxmaqla hədələyincə Kurz istefa qərarı verib.

Yaşılların lideri Siqrid Maurer oktyabrın 10-da bildirib ki, Şallenberqin adı korrupsiya iddialarında yer almayıb və o, hökumətə başçılıq etməyə uyğun namizəddir.

Kurz Avstriya Xalq Partiyasına başçılıq edəcəyini, partiyanın parlament qrupunun lideri olacağını bildirib.

Saakaşvili xəstəxanada ‘müalicə almalıdır’

Mixeil Saakaşvili

Həkimi Nikoloz Kipşidze deyib ki, Saakaşvilinin vəziyyətini Tbilisi yaxınlığında saxlandığı həbsxananın həkimləri ilə müzakirə edib

Gürcüstanın həbsdə olan keçmiş prezidenti, oktyabrın 1-dən aclıq aksiyası keçirdiyi bildirilən Mixeil Saakaşvilinin vəziyyəti ağırlaşdığından xəstəxanada müalicə olunmalıdır. Onun həkimi oktyabrın 10-da televiziyaya müsahibəsində bu haqda danışıb.

Saakaşvili oktyabrın 1-də həbs olunaraq Rustavidə təcridxanaya yerləşdiriləndən sonra aclıq aksiyasına başladığını deyib. O, səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıtmışdı.

Son illər Ukraynada yaşayan keçmiş prezident 2018-ci ildə qiyabi məhkum edilib. O, 2 oktyabr bələdiyyə seçkiləri öncəsi “ölkəni xilas etmək üçün” Gürcüstana qayıdacağını bəyan edib.

Həkimi Nikoloz Kipşidze deyib ki, Saakaşvilinin vəziyyətini Tbilisi yaxınlığında saxlandığı həbsxananın həkimləri ilə müzakirə edib.

“Onlarla məsələni yarım saat danışmışam. Ona sabah bir də baş çəkəcəyəm. Yəqin ki, onu xəstəxanaya köçürməli olacağıq”, – həkim deyib.

Ədliyyə Nazirliyi isə həkimin dediklərini təkzib edib, Saakaşvilinin “sağlamlığının qənaətbəxş” olduğunu bildirib.

Nazirliyin bildirdiyinə görə, Saakaşviliyə müvafiq dərmanlar verilir, “normal” həyat əlamətləri var.

Pakistanın 'nüvə atası' vəfat edib

Abdul Qadeer Khan, 24 dekabr 2003

Pakistanın nüvə silahı proqramının atası adlandırılan Abdul Qadeer Khan 85 yaşında İslamabadda vəfat edib.

Pakistanın PTV əyalət televiziyasının bazar günü, oktyabrın 10-da Abdul Qadeer Khanın ağciyər problemi ilə xəstəxanaya aparıldıqdan sonra orada öldüyünü xəbər verib.

Daha əvvəl Khanın COVID-19-a yoluxduğu bildirilmişdi. Khan, ölkəsini İslam dünyasının ilk nüvə gücünə çevirdiyinə görə Pakistanda milli qəhrəman sayılırdı.

Pakistan ilk uğurlu nüvə silahı sınağını 1998-ci ilin may ayında həyata keçirib. Regional rəqibi Hindistan ilk nüvə silahı sınağını İslamabaddan 24 il əvvəl-1974-cü ildə həyata keçirib.

Pakistan Prezidenti Arif Alvi "Twitter" də "minnətdar bir xalqın xidmətlərini heç vaxt unutmayacağını" yazıb.

Baş nazir İmran Khan A.Q. Khanın "milli bir simvol" olaraq millət tərəfindən sevildiyini əlavə edib.

Müdafiə naziri Pərviz Xəttək Twitter -də Khanın ölümündən "çox kədərləndiyini" yazaraq bunu Pakistan üçün "böyük itki" adlandırıb. Daxili işlər naziri Şeyx Rəşid GeoTV -yə bildirib ki, alim üçün dövlət cənazəsi keçiriləcək. Khan həm də vaxtilə Şimali Koreya, İran və Liviya da daxil olmaqla bir sıra ölkələrə nüvə sirlərini satmaqda da ittiham olunub. 2004 -cü ilin fevral ayında Pakistan dövlət televiziyasına çıxan Khan yayılma halqasında işlədiyini etiraf edib. Daha sonra o, prezident Pərviz Müşərrəf tərəfindən əfv edilib.

Çexiya prezidenti xəstəxanaya yerləşdirilib

Milos Zeman, 3 aprel 2019

Son günlər mətbuatda səhhətinin pisləşdiyi bildirilən Çexiya prezidenti Milos Zeman bazar günü xəstəxanaya yerləşdirilib. Onun hazırda reanimasiya şöbəsində olduğu bildirilir.

Bu, müxalifətin parlamentdə çoxluq qazandığı parlament seçkilərinin nəticələrinin elan edilməsindən bir gün sonra baş verir.

Zeman təcili yardım maşını ilə yaşadığı evdən Praqaya aparılıb. Videoya görə o xəstəxanaya gələndə huşunu itirmiş halda olub. Həm də xəstəxananın baş həkimi olan Zemanın müalicə həkimi, prezidentin reanimasiyada olduğunu jurnalistlərə təsdiqləsə də, diaqnozunu açıqlamaqdan imtina edib.

Daha əvvəl mənbələrə istinadən mətbuat 77 yaşlı prezidentin qaraciyər problemi olduğunu yazmışdı.

Sentyabrın ortalarında o, artıq xəstəxanaya yerləşdirilmişdi və xəstəxanadan çıxandan sonra ictimaiyyət qarşısına çıxmamışdı.

Zeman, siyasi müttəfiqi Baş nazir Andrey Babiş tərəfindən ziyarət edildikdən dərhal sonra xəstəxanaya yerləşdirilib. Babişin partiyası, seçkilərin nəticələrindən sonra parlamentdə ən böyük fraksiyaya sahib olacağına baxmayaraq, müstəqil olaraq yeni bir kabinet qura bilməz.

Yeni hökumətlə bağlı danışıqları iki müxalifət koalisiyasının nümayəndələri aparırlar.

Siyasi məsləhətləşmələrdə fəal iştirak etməsi gözlənildiyi bir vaxtda prezidentin xəstəxanaya düşməsi vəziyyəti xeyli dəyişmiş olur. Beləki yeni baş naziri təyin edən prezidentdir və yalnız parlament ona etibar etməkdən iki dəfə imtina edərsə, bu hüquq parlamentin başçısına keçir.

Prezidentin öz vəzifələrini uzun müddət yerinə yetirə bilməməsi halında, parlament onu vəzifəsindən uzaqlaşdıra bilər. Daha sonra, ölüm halında olduğu kimi, prezident səlahiyyətləri yeni seçkilərə qədər parlament palatalarının başçıları ilə baş nazir arasında bölüşdürülə bilər.

Tatarıstanda təyyarə qəzaya uğrayıb

Qəzaya uğrayan L-410 markalı təyyarə, 10 oktyabr 2021

Oktyabrın 10-da Tatarıstanda, Menzelinsk şəhəri yaxınlığında, göyərtəsində 20 nəfərdən çox ola biləcək L-410 təyyarəsi qəzaya uğrayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, onlardan ən azı 7 -si sağ tapılıb.

İnterfaks daha əvvəl 19 nəfərin öldüyünü, 3 nəfərin sağ qaldığını bildirmişdi.

Agentliklərin bildirdiyinə görə, bazar günü səhər təyyarə radarlardan yoxa çıxıb. Onların sözlərinə görə, təyyarədə pilotlardan başqa yerli klubun paraşütçüləri də olub.

Yayılan foto və videolardan təyyarənin tən ortadan iki yerə bölündüyü görünür.

Qəzanın səbəbləri hələ məlum deyil. "İnterfax"a hadisə barədə məlumat verənlərin dediyinə görə, təyyarə uçuş zolağından qalxandan bir qədər sonra qəzaya uğrayıb.

Son vaxtlar Rusiyada bir neçə belə kiçik ölçülü təyyarə qəzaları olub. Bundan əvvəl eyni tip L-410 markalı təyyarə İrkutskda, iyul ayında isə Kemerovo yaxınlığında qəzaya uğrayıb.

Makron: Fransa yenidən ölüm hökmünün ləğvi uğrunda mübarizəyə başlayacaq

İranda "dar ağacı"

Fransa dünyada ölüm hökmünün ləğv edilməsi uğrunda yenidən mübarizəyə başlayır.

Bu barədə prezident Emmanuel Makron Fransada ölüm hökmünün ləğv edilməsinin 40-cı ildönümü münasibətilə oktyabrın 9 -da Paris Panteonunda çıxışı zamanı deyib.

Makronun sözlərinə görə, 2022-ci ilin birinci yarısında Fransa Avropa Birliyinin rotasiyasını öz üzərinə götürəcəyi zaman Parisdə ölüm hökmünə qarşı mübarizə aparan qeyri-hökumət təşkilatlarının konfransı təşkil ediləcək.

Fransada ölüm hökmünün ləğv edildiyi dövrdə (Fransada ölüm hökmü 1981-ci ildə ləğv edilib) ölkənin ədliyyə naziri olumş Robert Badinter deyib ki, "insanlığı rüsvay etdiyi üçün ölüm hökmünün tətbiqi dayandırılmalıdır..."

Azərbaycanda ölüm hökmü 1998-ci ilin 10 fevralında ləğv edilib.

Qazaxıstanda məmurlar qarı videoya çəkən qadını üzr istəməyə məcbur ediblər

Qazaxıstanda qış, arxiv foto

Qazaxıstanda səlahiyyətlilər bir təqaüdçünü yağan qarı çəkdiyi üçün ictimaiyyət qarşısında üzr istəməyə məcbur ediblər.

AzadlıqRadiosunun qazax xidməti xəbər verir ki, hadisə ölkənin şimalında, Pavlodar vilayətinin kiçik Egindibulak kəndində baş verib.

Oktyabrın əvvəlində Qazaxıstanın şimalında bir neçə bölgəyə çox miqdarda qar yağıb, bəzi yerlərdə qar fırtınası olub.

Yegindibulakdan olan bir təqaüdçü telefonla həyətinin və küçənin necə qarla örtüldüyünü lentə alıb.

Videonu çəkə-çəkə qadın "hələ oktyabr ayında belə qar yağışı görmədim" deyib.

Amma yerli məmurlar nədənsə videonu fəaliyyətlərinin tənqid olunması kimi yozublar.

Ertəsi gün yerli bələdiyyənin işçiləri təqaüdçünün evinə gəliblər: məmurların işi ilə bağlı şikayətlərinin olub -olmadığını soruşublar və qadını kameraya çəkdilər.

Təqaüdçü qadın heç bir şikayəti olmadığını söyləyib:

"Heç kimdən şikayət etmədim, Allah qorusun. Mən belə insan deyiləm. Bu videonu qohumlarıma göndərmişəm, onlara bu vaxtda belə bir qarın yağdığını göstərmişəm" deyə qadın bildirib.

Bir müddət sonra isə WhatsApp -da yerli bir xəbər qrupunda qadının üzr istəməsinin videosu yayılıb.

"Qar üçün üzr istəmək" xəbəri tez bir zamanda sosial şəbəkələrdə yayılıb və qazax xalqının böyük narazılığına səbəb olub. Bir çox istifadəçi məmurların hərəkətlərini qınayıb və təqaüdçünün aşağılanması ilə məşğul olanların cəzalandırılmasını istəyib.

Buna cavab olaraq hadisənin baş verdiyi rayonun icra başçısı, tabeliyində olanlardan yalnız sakinlərdən həyətlərin və küçələrin təmizlənməsinə kömək istədiyini, ancaq bir işçinin guya onun göstərişlərini səhv başa düşdüyünü və bunun əvəzinə həyətləri dolaşaraq "pis adamlar" axtardığını söyləyib. Rayon rəhbəri artıq şəxsən təqaüdçüdən üzr istədiyini bildirib.

Amma Dövlət Qulluğu İşləri Departamenti artıq məmurların hərəkətlərini yoxlamağa başlayıb və ola bilsin ki, onlar hələ də etdiklərinə görə cavab verməli olacaqlar.

Deputat taksidə ölü tapılıb

Ukraynanın Ali Radası

ölümün səbəbini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.

Ukraynalı deputat paytaxt Kiyevdə taksidə gedərkən özünü pis edib və dünyasını dəyişib. Anton Polyakov vaxtilə ölkənin baş prokurorunun vəzifəsindən kənarlaşdırılması üçün çalışırdı.

Ukrayna polisinin oktyabrın 8-də bildirdiyinə görə, ölümün səbəbini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.

Polis bildirir ki, Polyakov oktyabrın 8-də səhər taksidə özünü pis hiss edib. Yol-nəqliyyat qaydası pozuntusuna görə saxlanmış taksinin arxa oturacağında huşsuz vəziyyətdə aşkarlanıb. Təcili yardım çağırılıb və həkimlər onun öldüyünü müəyyənləşdiriblər.

33 yaşlı Polyakov 2019-cu ilin iyulunda hakim “Xalqın qulluqçusu” partiyasından parlamentə seçilib.

O, həmin ilin noyabrında partiyadan çıxarılıb, qeyri-etik davrandığı bildirilib.

Ancaq Polyakov onda AzadlıqRadiosu-na demişdi ki, buna ovaxtkı prokuror Ruslan Ryaboşapkaya etimadsızlıq səsverməsi üçün imza toplamağa çağırması səbəb olub.

O daha sonra parlamentdə müstəqil deputatlar qrupuna qoşulub.

Saxta içkidən 14 nəfər ölüb, 3 nəfər saxlanıb

Arxiv fotosu

İstintaq Komitəsinin regional şöbəsi üç şübhəlinin saxlandığını, böyük miqdarda saxta içkinin aşkarlandığını bildirir

Rusiyanın mərkəzində saxta içkidən 14 nəfərin ölümüylə bağlı bir neçə nəfər saxlanıb.

Regional polisin oktyabrın 8-də bildirməsinə görə, Orsk şəhərinin sakini ev şəraitində saxta içki hazırladığına, üç nəfər isə bu içkini yerli mağazalara payladığına görə saxlanıblar.

İstintaq Komitəsinin regional şöbəsi isə üç şübhəlinin saxlandığını, böyük miqdarda saxta içkinin aşkarlandığını bildirir.

Ümumilikdə 22 zəhərlənmə halı qeydə alınıb.

Rusiyada evdə hazırlanan içkidən zəhərlənmə tez-tez baş verir, çünki adamlar mağazadakından daha ucuz araq əldə etməyə çalışırlar.

2016-cı ilin dekabrında Sibirin İrkutsk şəhərində tərkibində metanol olan alkoqoldan 78 nəfər zəhərlənib ölmüşdü.

Çexiyada parlament seçkiləridir

Andrey Babiş seçki kampaniyası zamanı

Rəy sorğuları Babiş və onun ANO partiyasının oktyabrın 8-də başlanmış ikigünlük seçkidə az fərqlə önə çıxacağını, çoxluğu yığa bilməyəcəyini göstərir

Çexiyada keçirilən parlament seçkiləri Baş nazir Andrey Babişin biznesi və ofşor holdinqləri haqda suallar yaranan bir vaxtda onun üçün bir sınaq sayılır.

Rəy sorğuları Babiş və onun ANO partiyasının oktyabrın 8-də başlanmış ikigünlük seçkidə az fərqlə önə çıxacağını, çoxluğu yığa bilməyəcəyini göstərir.

Onun azlıq hökumətini dəstəkləyən iki kiçik partiya – sol qanad Sosial Demokratlar və Kommunist Partiyası parlamentdə qalmaqdan ötrü yetərincə səs yığmaya bilər.

Bu səbəbdən ANO hakimiyyətini saxlamaq üçün ifrat-sağçı millətçilərlə pakt imzalaya bilər.

Daha bir mümkün nəticə isə iki əsas müxalifətçi sağ mərkəzi və sol mərkəzçi bloklardan ibarət hökumətin yaranmasıdır.

67 yaşlı Babiş illərdir siyasətdə uğur qazanır, amma son vaxtlar adı Avropa Komissiyasının maraq toqquşması araşdırmalarında hallanıb. Onun Avropa Birliyinin subsidiyasından adekvat istifadə etməməsi polis tərəfindən araşdırılır. Babişin Fransada daşınmaz əmlak almaq üçün ofşor şirkətlərdən istifadə etməsi də gündəmə gəlib.

Baş nazir ittihamları rədd edir. O, ofşorlarla bağlı “Pandora Sənədləri” adlı araşdırmanı qarayaxma kampaniyası adlandırıb.

Hökumətin COVID-19 pandemiyası ilə mübarizəsi də tənqid olunur.

Yaşlı, populist hərəkətləri ilə diqqət çəkən Prezident Miloş Zeman isə Babişi dəstəkləyir. O, Babişin partiyası gərəkən səsi yığmasa, azlıq hökumətinin arxasında duracağını deyib.

Ədəbiyyat üzrə Nobeli tanzaniyalı yazıçı aldı

Abdulrazak Qurna

Zənzibarda doğulmuş, İngiltərədə yaşayan Qurna Kent Universitetinin professorudur

Bu il ədəbiyyat üzrə Nobel mükafatı Britaniyada yaşayan tanzaniyalı yazıçı Abdulrazak Qurnaya verilib.

Qurna mükafata “mədəniyyətlər və qitələrarası uçurumda müstəmləkəçiliyin təsirlərinə, qaçqınların taleyinə” dərindən nüfuz etməsinə görə layiq görülüb, İsveç akademiyası oktyabrın 7-də bildirib.

Zənzibarda doğulmuş, İngiltərədə yaşayan Qurna Kent Universitetinin professorudur.

O, qızıl medal və 1.1 milyon dollardan çox pul mükafatı alacaq. Bu mükafat 1895-ci ildə vəfat etmiş ixtiraçı Alfred Nobelin mirası əsasında təsis olunub.

Bu həftə tibb, fizika və kimya üzrə Nobel mükafatları təqdim olunub. Sülh və iqtisadiyyat üzrə qaliblər növbəti günlər bilinəcək.

Pakistanda zəlzələdə azı 20 nəfər ölüb

Harnay zəlzələdən sonra

Bəluçistan vilayətinin rəsmisi Nasir Nasar ölü sayının arta biləcəyini deyib

Oktyabrın 7-də Pakistanın cənub-qərbində zəlzələdə azı 20 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Bəluçistan vilayətinin rəsmisi Nasir Nasar ölü sayının arta biləcəyini deyib.

“Ölüm və dağıntının miqyasını müəyyənləşdirməyə çalışırıq”, – o vurğulayıb.

Ən böyük ziyan Bəluçistandakı Harnay dağlıq şəhərinə dəyib. Əraziyə xilasedicilər göndərilib. Ancaq normal yolların və mobil telefon əlaqəsinin olmaması xilasetmə işlərini çətinləşdirib.

Ölənlərin çoxu palçıq evlərin dağıntıları altında qalıb. Qurbanların əsasən qadınlar və uşaqlar olduğu, uçmuş evlərin altında hələ də insanların qaldığı bildirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin səhər 3-də, 5.7 bal gücündə, vilayət paytaxtı Kvettadan 100 km qərbdə, 20 km dərinlikdə baş verdiyini qeyd edir.

2015-ci ilin oktyabrında 7.5 bal gücündə zəlzələ Pakistanda və Əfqanıstanda 400-dək insanın həyatına son qoymuşdu.

Kimya üzrə Nobel mükafatının qalibləri açıqlandı

Nobelin qalibləri açıqlanır

Nobel komitəsi yeni metodun sadə və ucuz olduğunu, ətraf mühitə ziyan vurmadığını açıqlayıb

Bu il kimya üzrə Nobel mükafatı Almaniyadan Bencamin List və Birləşmiş Ştatlardan Deyvid Makmillana “asimmetrik orqanokatalizin inkişafına görə” verilib.

Onlar molekulların sintezi üçün qiymətli yeni metodun hazırlanmasına görə bu dəyərli mükafata layiq görülüblər. İsveç Elmlər Akademiyası oktyabrın 6-da bəyanatında deyib.

Nobel komitəsi yeni metodun sadə və ucuz olduğunu, ətraf mühitə ziyan vurmadığını açıqlayıb. Hazırda bu texnikadan yeni dərmanların hazırlanmasında istifadə olunur.

Alimlər qızıl medal alacaq, 1.1 milyon dolları bölüşdürəcəklər. Mükafat 1895-ci ildə vəfat etmiş ixtiraçı Alfred Nobelin mirası əsasında təsis olunub.

Bu həftə tibb və fizika üzrə Nobel mükafatları təqdim olunub. ədəbiyyat, sülh və iqtisadiyyat üzrə qaliblər növbəti günlər bilinəcək.

Kadırovdan ‘insan haqlarını qorumaq’ vədi

Ramzan Kadırov, arxiv fotosu

Kadırovun andiçməsi oktyabrın 5-də, 45-ci ad günündə keçirilib

Çeçenistanın qəddar idarəçiliyi ilə tanınmış lideri Ramzan Kadırov dördüncü vəzifə müddətinə and içərkən “insan haqlarını qoruyacağını” vəd edib. O, vaxtilə tənqidçilərini ölümlə hədələyirdi.

Kadırovun andiçməsi oktyabrın 5-də, 45-ci ad günündə keçirilib. İki həftə qabaq seçkidə onun səslərin 99.97 faizini yığdığı açıqlanmışdı.

Ancaq Rusiyanın bu regionunda seçki simvolik proses hesab olunurdu, çünki real rəqibi yox idi.

2007-ci ildən Çeçenistanı idarə edən Kadırov ətrafında şəxsiyyətə pərəstiş yaradıb. Rusiyanın və beynəlxalq insan haqları qrupları onun idarəçiliyi altında kobud insan haqları pozuntularının baş verdiyini bildirir. Buraya adam oğurluğu, məhkəmədən kənar qətllər, LGBT icmasının hədəfə alınması daxildir.

Kremlin tənqidçilərinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin Kadırovun ölkə konstitusiyasını pozmasına, iddia olunan pozuntularına göz yumur. Çünki Çeçenistanda separatçı əhvalın və zorakılığın nəzarətdə saxlanmasında ona etimad edir.

Çeçenistanda postsovet dövründə iki dağıdıcı müharibə baş verib, islamçı müqavimət hərəkatı isə Şimali Qafqazda digər müsəlman regionlarına da yayılıb.

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

Nobel mükafatı

90 Manabe ABŞ, Parisi İtaliya, Hasselmann isə Almaniya vətəndaşıdır

Bu il fizika üzrə Nobel mükafatı üç alimə – Sükuro Manabe, Klaus Hasselman Corco Pariziyə “kompleks fiziki sistemləri anlamağımıza inqilabi töhfələri”nə görə verilib.

“Kompleks sistemlər təsadüfilik və nizamsızlıqla xarakterizə olunur, onları anlamaq çətindir”, – mükafatı təqdim edən İsveç elmlər Akademiyası oktyabrın 5-də bildirib. Builki mükafatın sözügedən sistemlərin “təsviri və onların uzunmüddətli davranışının proqnozlaşdırılması üçün yeni metodları tanıdığı” bildirilir.

Manabe və Hasselman “Yerin iqliminin fiziki modelləndirilməsi və qlobal istiləşmənin etibarlı analizi”, Parizi isə iqlim də daxil olmaqla, planetar miqyasda qəliz sistemlərin tədqiqinə görə Nobel mükafatına layiq görülüb.

90 Manabe ABŞ, Parizi İtaliya, Hasselman isə Almaniya vətəndaşıdır.

Onlar qızıl medal alacaq, 1.1 milyon dolları bölüşdürəcəklər. Mükafat isveçli ixtiraçı Alfred Nobelin qoyduğu miras əsasında təsis edilib.

Oktyabrın 4-də tibb üzrə Nobel ABŞ alimləri Devid Culius Ardem Pataputyana verilib.

Kimya, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə mükafatların qalibləri növbəti günlərdə bilinəcək.

Davamı

XS
SM
MD
LG