Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:06

Trump və Kim bir-birini necə tanıdı – Qərb mediası


Kim Jong Un və Donald Trump
Kim Jong Un və Donald Trump

ABŞ Prezidenti Donald Trump-ın Şimali Koreya lideri Kim Jong Un ilə fevralın 28-də Vyetnamda görüşü razılaşmasız bitib. “The Guardian” qəzetinin əməkdaşı Julian Borger yazır ki, tərəflər ilk görüşdə bir-birinin niyyətini yanlış anladığından ikinci sammitin iflası qaçılmaz idi.

Ötən iyunda Sinqapurda ilk görüşdən sonra ABŞ Prezidenti Şimali Koreya diktatoru ilə şəxsi bağ yaranmasından dəm vururdu. “Bir-birini sevdik… O, mənə gözəl məktublar yazırdı”, – Trump deyirdi. Amma Sinqapurda Kim qarşısında konkret təklif qoyulmamışdı. Bəyanatda isə deyilirdi ki, Pxenyan “Koreya yarımadasının nüvə silahlarından tamamilə təmizlənməsinə sadiqdir”. Görünür, Trump bunu birtərəfli şəkildə nüvə silahlarından əl çəkmək vədi kimi anlayıb, müəllif yazır.

Kim isə öz növbəsində Sinqapur görüşündən sonra Trump-ın emosional davranışını onu razılaşma əldə etmək üçün canfəşanlığı kimi anlayıb. “Bu tamamilə fərqli yozumlar Hanoyda acı bir şəkildə toqquşdu və iki lider öncədən xəyal etdikləri kimi ideal tərəfdaş olmadıqlarını anladılar”, – məqalədə deyilir.

Vyetnamlı Trump-ın maşın karvanının keçməsini gözləyir
Vyetnamlı Trump-ın maşın karvanının keçməsini gözləyir

“Ta əvvəldən bəlli idi ki, nüvə tərksilahının və sanksiyaların yüngülləşdirilməsinin miqyası barədə suallarda ilişib qalacaqlar”, – Birləşmiş Ştatların Şimali Koreya siyasəti üzrə xüsusi təmsilçisi Joseph Yun deyib.

“Həm Kim, həm də Trump hazırda çox çətin mövqedədirlər. Məncə, Trump indi anlamalıdır ki, Kim nə qədər məftunedici olsa da, nüvə silahlarından tamamilə əl çəkmək məsələsi mümkün deyil”, – o, sözlərinə əlavə edir.

AB-dən Britaniyaya gedənlər azalıb

Ötən ilin sentyabrınadək 12 ay ərzində, 2009-cu ildən bəri ilk dəfə olaraq Avropa Birliyindən Britaniyaya miqrasiya ən aşağı səviyyəyə düşüb. “Reuters” agentliyi Britaniyanın AB-dən çıxması, Breksit yaxınlaşınca bu düşüşün daha da kəskinləşdiyini yazır.

Britaniya parlamenti qarşısında Breksitə etiraz edən
Britaniya parlamenti qarşısında Breksitə etiraz edən

Amma 2004-cü ildən bəri Britaniyaya miqrasiya edən qeyri-AB vətəndaşlarının sayı ən yüksək həddə çatıb. Məlumatı Milli Statistika İdarəsi yayıb.

Sentyabradək Britaniyaya köçən AB vətəndaşlarının sayı 57 minə düşüb. Qeyd edək ki, bu ölkə 2016-cı ilin iyununda birlikdən çıxmağa səs verib və bunu dəstəkləyən seçicilərin çoxu elə immiqrasiyanın da azalması tərəfdarıdır.

Qeyri-AB ölkələrindən miqrasiya isə 261 minə çatıb. Bu, 2004-cü ildən bəri ən böyük göstəricidir.

2004-cü ildə AB-yə qoşulan səkkiz şərqi Avropa ölkəsindən mühacirətdə də azalma var. Son on ildə bu ölkələrdən 1 milyondan çox adam Britaniyaya köçmüşdü.

Şirkətlər dəfələrlə vurğulayıblar ki, Breksitdən sonra bacarıqlı işçilərdən ötrü beynəlxalq əmək bazarına çıxış saxlanmalıdır.

“Şirkətlər kimi adamlar da müəyyənlik istəyirlər, onlar həyatlarını planlaşdırmalıdırlar, buna görə də AB vətəndaşlarının Britaniyaya yaşamağa və işləməyə gəlmək arzusunun azalması təəccüblü deyil”, – iqtisadçı Jonathan Boys deyir.

Donald Trump
Donald Trump

Dünya liderlərinin reytinqi necədir

ABŞ Prezidenti Donald Trump prezidentliyini yarı edib. Gallup sorğu mərkəzinin yeni hesabatı onun imicinin yaxşı olmadığını, amma ona dəstəyin daha əvvəlki kimi sürətlə azalmadığını üzə çıxarıb. Prezidentliyinin ilk ilində reytinqi rekord həddə – 30 faizə düşən Trump-ın imici hələ də yaxşı deyil. 133 ölkədə yetkin yaşlılar arasında keçirilən sorğu ötən il ABŞ rəhbərliyinin işini cəmi 31 faizin dəstəklədiyini ortaya qoyub.

2017-ci ildə ABŞ rəhbərliyinin reytinqi 65 ölkədə 10 faiz, hətta ondan da çox azalmışdı. Ötən il isə 133 ölkədən yalnız 5-də reytinq ciddi düşüb – Şimali Makedoniyada, Slovakiyada, Kambocada, İran və Türkiyədə. 11 ölkə ərazidə ABŞ liderinə dəstək reytinqi 10 vahid və daha çox artıb. Avropada ciddi artım qeydə alınmayıb.

Almaniya artıq ikinci ildir dünyanın bir nömrəli dövləti kimi nüfuzunu saxlayıb. Ötən il Almaniyanın reytinqi 39% olub. Amma bu, son 10 ildə 40%-lik göstəricidən aşağıdır.

Çin və Rusiya da mövqeyini yaxşılaşdırıb. Çin rəhbərliyinin ötənilki reytinqi 34, Rusiyanınkı 30% olub.

XS
SM
MD
LG