Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Ukraynada qanunsuz varlanmayla bağlı qanun ləğv olundu


Kiyevdə korrupsiyaya etiraz aksiyası
Kiyevdə korrupsiyaya etiraz aksiyası

Ukraynanın Konstitusiya Məhkəməsi rəsmilərin qanunsuz varlanmasıyla mübarizəni hədəfləyən qanunvericiliyi ləğv edib. Ukraynanın korrupsiyayla mübarizə aparan agentliyi isə bunu “geriyə addım” adlandırıb.

Məhkəmənin fevralın 27-də çıxardığı qərarda deyilir ki, Cinayət Məcəlləsinin 368-ci maddəsinin müvafiq bəndi təqsirsizlik prezumpsiyasını pozur. Həmin bənddə şübhəli rəsmilərdən tələb olunurdu ki, sərvətlərini qanuni yığdıqlarını sübut etsinlər.

Ukraynada bu qanun 2015-ci ildə Beynəlxalq Valyuta Fondunun tələbilə qəbul olunub. Məqsəd qurumdan ölkənin çox ehtiyac duyduğu kreditləri almaq idi. BVF 2015-ci ildə Ukraynada islahatlara dəstək üçün 17,5 milyard dollar ayrılmasına göstəriş verdi.

20 MİLYON DOLLARI ƏHATƏLƏYƏN 65 İŞ

Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) bəyanatında bildirib ki, məhkəmənin qərarı “siyasi motivlidir” ölkənin beynəlxalq qurumlar qarşısında öhdəliklərini pozur.

Petro Poroshenko
Petro Poroshenko

Agentlik hazırda araşdırdığı, 20 milyon dolları əhatələyən 65 korrupsiya işini bağlamalı olacağını deyib.

Bu qərardan iki gün öncə Ukraynada təhqiqat qrupu Prezident Petro Poroshenko-nun müttəfiqlərinə yaxın şəxslərlə bağlı təhqiqatının nəticələrini açıqlayıb. Həmin şəxslərin Rusiyadan hərbi avadanlıq hissələri qaçaqçılığı ilə qanunsuz varlandıqları iddia olunur.

31 mart prezident seçkisi öncəsi ortaya atılmış bu iddialar ictimai rezonans yaradıb.

Seçkiyə əsas namizədlərdən biri, keçmiş baş nazir Yulia Tymoshenko fevralın 26-da deyib ki, onun Batkivshchyna partiyası və digər siyasi partiyalar Poroshenko-nun impiçmenti prosesinə başlayıblar.

Poroshenko fevralın 27-də bildirib ki, korrupsioner məmurları cəzalandırmaq üçün hökumətə yeni qanunvericilik hazırlamağı tapşıracaq və mətn tezliklə parlamentə təqdim olunacaq.

Qərb rəsmilərinin fikrincə, korrupsiya Ukraynanın Rusiyanın nüfuzundan çıxmaq şanslarına zərbə vurur. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edib, bu ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. İndiyədək münaqişədə 13 minədək adam həlak olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG