Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:49

Türkiyənin Suriyada kürdlərlə bağlı planı nədir – qərb mediası


Türkiyənin dəstəklədiyi suriyalı döyüşçülər
Türkiyənin dəstəklədiyi suriyalı döyüşçülər

Hazırda nəzərlər Ankaranın Münbiclə bağlı planlarına yönəlib, 2016-cı ildən bəri Fərat çayının qərb sahilində bufer zona yaratması diqqətdən kənar qalıb. Karnegi fondunun saytında Ferhat Gurini yazır ki, Türkiyə hazırda Suriyanın şimalında nəzarətində olan ərazilərdə ikibaşlı siyasət yürüdür.

“Zeytun Budağı Əməliyyatı ilə ələ keçirdiyi Afrin kimi ərazilərdə əsasən kürdlərin yaşadığı regionunun etnik tərkibini dəyişməyə çalışır. Fərat Qalxanı Əməliyyatı nəticəsində tutduğu, əsasən ərəblərin yaşadı etnik baxımdan qarışıq regionda isə infrastruktur qurur, din vasitəsilə nəzarətinin legitimliyini təmin etməyə çalışır. Bu yanaşma Türkiyənin Suriyadakı vətəndaş müharibəsində hərbi iştirakının kökündə ilk növbədə kürdlərin sıxışdırılmasının dayandığını göstərir. Amma eyni zamanda etnik gərginliyin yenidən baş qaldıracağı da istisna deyil”, – müəllif yazır.

Kürdlərin nəzarətində olan SDF döyüşçüsü
Kürdlərin nəzarətində olan SDF döyüşçüsü

Vaxtilə evindən didərgin düşmüş suriyalılar üçün təhlükəsiz sayılan Afrin bölgəsinin 323 min sakinindən azı 167 mini evini, mülkiyyətini qoyub qaçmalı olub. Məqalədə deyilir ki, Türkiyə bu demoqrafik boşluğu tələm-tələsik doldurub: Türkiyə ordusu Şərqi Qutadan Afrinə 700 suriyalı ərəb ailəsini köçürüb. Onların içində Al-Rahman Legionu liderləri də olub.

“Türkiyə burada torpaqlara, iqtisadi bazalara sahibliyi də ərəb yaraqlıların öhdəsinə buraxıb. Məsələn, Suriyada İnsan Haqları Təşkilatının məlumatına görə, Azad Suriya Ordusunun müxtəlif hərbi fraksiyaları yerli iqtisadiyyatın aparıcı qüvvəsi olan bölgənin zeytun bağlarının 75 faizini ələ keçiriblər. İşğal zamanı şəxsi əmlakın ələ keçirilməsi və bölüşdürülməsi beynəlxalq hüquqa zidd sayılsa da, Türkiyənin Kənd təsərrüfatı naziri Bekir Pakdemirli bu hərəkəti müdafiə edib, deyib ki, əks halda gəlirlər Kürd İşçi Partiyasının (PKK) əlinə keçərdi”, – məqalədə deyilir.

Qərb Krımı və Ukraynanı tərk etməsin

“The Guardian” qəzeti Britaniyanın xarici işlər naziri Jeremy Hunt, onun ukraynalı həmkarı Pavlo Klimkin və daha doqquz xarici işlər nazirinin imzaladığı məktubu dərc edib.

Krımın ilhaqından beş il keçir
Krımın ilhaqından beş il keçir

“Beş il öncə Rusiya dinc və azad Avropa ideyasına qarşı çıxdı. Ukraynaya təcavüzü və Krımın qanunsuz ilhaqıyla Rusiya beynəlxalq hüququn prinsiplərinə həqarətini ortaya qoydu, Avropada təhlükəsizliyə ciddi təhdid yaratmış oldu”, – məktubda deyilir.

Nazirlər indi Ukrayna xalqının ölkənin Avropaya oriyentasiyasına dəstək məsələsində daha çox birləşdiyini qeyd edir, ölkənin qarşısında gerçəkləşdirilməli olan bir sıra vacib tapşırıqların və islahatların durduğunu yazırlar. Rusiyanın nəzarətində olan Krımda ağır insan haqları pozuntuları törədildiyi vurğulanır.

Krımda beş il öncə baş verənlər bizə təhlükəsizlik və azadlığımız sarıdan arxayın olmamağı öyrətdi. Birgə qlobal təhlükəsizliyimizin əsasında duran beynəlxalq qaydalara söykənən sistemə ziyan dəyib, beynəlxalq hüququ, fərdi və kollektiv təhlükəsizliyimizi təmin etməyə hazır olmalıyıq. Digər dərs budur ki, cəmiyyətlərimizin hücum və müdaxilənin fərqli formalarına qarşı müqavimətini gücləndirməliyik. Son beş ildə Ukrayna tərəfdaşlarının dəstəyilə bu yöndə real irəliləyiş əldə edib. Avropanın digər ölkələri də Ukraynada baş verənlərdən dərs alaraq öz müqavimətlərini artırmaq üzərində işləyirlər”, – məktubda yazılıb.

Yəməndə BMT əməkdaşları
Yəməndə BMT əməkdaşları

Yəməndə hər gün ölən var

BMT Yəməndəki humanitar böhranın həlli üçün 4,2 milyard dollar istəsə də, donorlar cəmi 2,6 milyard dollar vəd ediblər.

Uşaqları Xilas Edək Oxfam təşkilatları daxil yardım agentlikləri Yəməndə ehtiyacı olan daha çox adama kömək göstərməkdən ötrü atəşkəsə çağırır. Qeyd edək ki, burada Səudiyyə Ərəbistanı və İranın dəstəklədiyi qüvvələr arasında müharibə gedir.

“Müharibə davam etdikcə Yəmən xalqı hər gün qurban verir”, – xeyriyyə qurumları birgə bəyanatda deyirlər.

Bu il Yəməndə 24 milyon adamın, yəni əhalinin 80 faizinin humanitar yardıma ehtiyacı olacaq.

4,3 milyon nəfər, yəni əhalinin 15 faizi 2015-ci ildə vətəndaş müharibəsi başlanandan evlərindən didərgin düşüb və çoxu elə ölkə daxilindədir.

İyundan bəri Yəmənin qərb sahilindəki döyüşlərdən 685 min nəfər qaçmalı olub.

20 milyonadək adam doyunca yeyə bilmir və onların demək olar yarısı “aclığın bir addımlığındadır”, – BMT-nin humanitar məsələləri üzrə rəhbəri Mark Lowcock deyir.

XS
SM
MD
LG