Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Venesuelaya dair nə ABŞ, nə də Rusiyanın qətnamə layihələri keçməyib


Venesuelada nümayişçi
Venesuelada nümayişçi

BMT Təhlükəsizlik Şurası Venesueladakı vəziyyətə dair ABŞ və Rusiyanın rəqib qətnamə layihələrindən heç birini qəbul etməyib.

Birləşmiş Ştatlar bu böhranda müxalifət lideri Juan Guaido-nu, Rusiya isə hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Maduronu dəstəkləyir.

Birləşmiş Ştatlar və bir sıra Qərb ölkələri Guado-nu keçid prezidenti kimi tanıyıblar. Nicolas Maduro bir çox beynəlxalq təşkilatlar tərəfindən insan haqlarını kütləvi pozmaqda ittiham olunur.

Hər hansı qətnamənin Təhlükəsizlik Şurasından keçməsi üçün ona 15 üzvdən ən azı 9-nun səs verməsi və qətnaməyə əsas üzvlərdən (ABŞ, Rusiya, Çin, Fransa və Britaniya) heç birinin veto qoymaması lazımdır.

Fevralın 28-də ABŞ tərəfindən təklif edilmiş qətnamə 9 lazımi səsi toplaya bilsə də, Rusiya və Çinin vetoları ilə üzləşib.

Rusiya qətnaməsinin leyhinə isə cəmi 4 ölkə səs vermişdi. 7 ölkə qətnamənin əleyhinə səs vermiş, daha dörd ölkə bitərəf qalmışdı.

ABŞ-ın təklif etdiyi layihədə “Venesuelada demokratiyanın dinc şəkildə bərpası” və “azad, ədalətli və etibarlı prezident seçkisinin keçirilməsi”, habelə Venesuelaya humanitar yardımın əhaliyə maneəsiz çatdırılması istənirdi.

Prezident Donald Trump Venesuela məsələsində bütün variantların masa üstündə olduğunu bildirib.

Maduro ölkəyə ABŞ-dan gələn humanitar yardım karvanlarının yolunu kəsib və bildirir ki, bu, Vaşinqtonun onu devirmək planının tərkib hissəsidir.

Rusiyanın qətnamə layihəsində Venesuelanın daxili işlərinə kənardan müdaxilə təhlükəsindən narahatlıq ifadə olunurdu.

Maduro hakimiyyətə 2013-cü ildə, ovaxtkı solçu prezident Hugo Chavez-in ölümündən sonra gəlib.

Müxalifət onun 2018-ci ildə keçirdiyi və qalibu olduğu prezident seçkisini tənqid edir. Müxalifət seçkini boykot etmiş və onun nəticələrini tanımamışdı.

***

Bundan əvvəl xəbər verilirdi ki, fevralın 28-də BMT Təhlükəsizlik Şurasında Venesuela böhranına dair Birləşmiş Ştatlar və Rusiyanın hazırladığı qətnamə layihələri səsə qoyulacaq.

Qətnamənin şuradan keçməsi üçün ona doqquz səs lazımdır, daimi üzvlər olan ABŞ, Rusiya, Çin, Fransa və Britaniya veto qoymamalıdır.

“Reuters” diplomatlara istinadla yazır ki, Birləşmiş Ştatların layihəsinə doqquz səs verilə bilər, amma Rusiya veto qoyacağından keçməyəcək.

Moskvanın layihəsi isə heç minimum 9 səsi yığa bilməyəcək və ABŞ veto qoymadan da keçə bilməyəcək.

Xəbər agentliklərinə görə, ABŞ-ın qətnaməsində BMT-nin Baş katibi Antonio Guterres-dən xahiş olunur ki, beynəlxalq müşahidəçilərin iştirakıyla “azad, ədalətli və etibarlı” prezident seçkisinin keçirilməsinə kömək eləsin. Layihədə Vaşinqtonun dəstəklədiyi siyasi müxalifət üzvlərinin təhlükəsizliyini təmin etməyin vacibliyindən də danışılır.

Vasily Nebenzya BMT-də
Vasily Nebenzya BMT-də

“HUMANİTAR ŞOU”

Ölkəyə humanitar yardımın çatdırılmasını asanlaşdırmağın gərəkdiyi vurğulanır.

Prezident Nicolas Maduro Birləşmiş Ştatlardan gələn yardımı ölkəyə buraxmır, bunu Vaşinqtonun onu devirmək planının bir hissəsi sayır.

Rusiyanın səfiri Vassily Nebenzia fevralın 26-da deyib ki, Venesuela müxalifətinin Kolumbiyadan yardımı daşımaq cəhdi Vaşinqton tərəfindən gerçəkləşdirilən “humanitar şou”dur.

Səfirin sözlərinə görə, ABŞ administrasiyasının yeganə məqsədi “rejimi dəyişməkdir, xarici müdaxilə təhdidləri də buraya daxildir”.

Rusiyanın hazırladığı qətnamə layihəsində Venesuelaya qarşı “gücdən istifadə təhdidlərindən narahatlıq” ifadə olunur.

ABŞ Prezidenti Donald Trump deyib ki, Venesuela ilə bağlı bütün variantlar masanın üstündədir.

Vaşinqton və Moskva bu qarşıdurmada əks tərəfləri dəstəkləyir

Birləşmiş Ştatlar özünü aralıq dövr prezidenti elan etmiş Juan Guaido-nun, Rusiya isə Maduronun tərəfindədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG