Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:13

Trump: Şimali Koreya ilə danışıqlar sanksiyalara görə alınmayıb


Donald Trump (sağda) və Kim Jong Un
Donald Trump (sağda) və Kim Jong Un

ABŞ Prezidenti Donald Trump deyir ki, Şimali Koreya lideri Kim Jong Un ilə danışıqlarında əsas məqam ABŞ sanksiyaları olub.

“Sanksiyalardan danışdıq. Onlar sanksiyaların tamamilə qaldırılmasını istəyirdilər, biz isə bunu edə bilməzdik”, – Trump vurğulayıb.

Trump-ın sözlərinə görə, Kim onu əmin edib ki, Pxenyan nüvə və raket sınaqlarını ertələyəcək.

“Bəzən çıxıb getməlisən, bu, həmin məqamlardan biri idi”, – Trump vurğulayıb.

***

Trump-Kim sammiti razılaşmasız bitib

ABŞ Prezidenti Donald Trump ilə Şimali Koreya lideri Kim Jong Un arasında danışıqlarda Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi ilə bağlı razılaşma əldə olunmayıb. Amma Vaşinqton-Pxenyan danışıqları gələcəkdə davam edəcək. Məlumatı Ağ ev yayıb.

“Bu dəfə razılaşma əldə olunmayıb, amma heyətlər gələcəkdə görüşəcəklər”, – sözçü Sarah Sanders fevralın 28-də deyib.

Sanders Trump-Kim danışıqlarının “çox yaxşı və konstruktiv” keçdiyini sözlərinə əlavə edib.

İki liderin maşın karvanı Hanoydakı oteli planlaşdırıldığından daha tez tərk edib.

Birgə razılaşmanın imzalanması mərasimi də təxirə salınıb.

***

Trump-ın “tələsən yeri yoxdur”

ABŞ Prezidenti Donald Trump-ın Şimali Koreya lideri Kim Jong Un ilə danışıqlarının ikinci günü başlayıb. Trump deyib ki, Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi danışıqlarında razılaşma əldə etməyə tələsmir.

Əvvəldən çox demişəm ki, məndən ötrü sürət elə də vacib deyil”, – Trump fevralın 28-də jurnalistlərə deyib. O, Kim-lə Hanoyun dəbdəbəli Metropol otelində masa arxasına keçib.

“Tələsən yerimiz deyil… Düzgün razılaşmanın əldə olunmasını istəyirik”,– o deyib.

Tərcüməçi vasitəsilə danışan Kim jurnalistlərə deyib ki, razılaşmanın perspektivləri barədə “danışmaq üçün çox tezdir”.

“Amma indi hiss etdiyim odur ki, yaxşı nəticələr əldə olunacaq”, – o, sözlərinə əlavə edib.

Kim-in bu sözləri onun əcnəbi reportyorun sualını ilk dəfə cavablandırması sayıla bilər.

Trump və Kim Metropolda bir neçə görüş keçirəcəklər. Onların yalnız tərcüməçilərin iştirakıyla 45 dəqiqəlik təkbətək görüşü də nəzərdə tutulub.

Trump Vyetnamdan çıxmamışdan öncə mətbuat konfransı da keçirəcək.

Kim Vyetnama səfərini davam etdirəcək, oradan həftəsonu çıxacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG