Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Keçmiş vəkili Trump-ı ‘dələduz’ olmaqda ittiham edir


Michael Cohen
Michael Cohen

ABŞ prezidenti Donald Trump-ın keçmiş şəxsi vəkili Michael Cohen Konqres dinləməsində deyib ki, , Trump “dələduz” və “yalançıdır”.

Keçmiş vəkil bunu da deyib ki, 2016-cı ilin iyununda, prezident seçkisi kampaniyası zamanı Trump-ın öz adını daşıyacaq göydələnin Moskvada tikilməsinə dair aparılan danışıqlardan xəbəri olub.

Bu, Cohen-in fevralın 27-də Nümayəndələr Palatasının Təhqiqatlar Komitəsində verdiyi ifadə zamanı səsləndirdiyi bir neçə sensasiyalı iddialardan biri idi:

"Mən cənab Trump-a “hə” dediyim günün peşmançılığını çəkirəm. Mən öz vicdanımın səsinə qulaq asmaqdansa cənab Trump-ın qanunsuz əməllərinin ört-basdır edilməsində iştirak etdiyimə görə xəcalət çəkirəm. Mən xəcalət çəkirəm, çünki cənab Trump-ın kim olduğunu bilirəm. O irqçidir. O dələduzdur. O yalançıdır”.

Televiziya ilə canlı yayınlanan bu dinləmə bütün Vaşinqtonun diqqətinə hakim kəsildiyi bir vaxtda, Trump buradan bir dünya aralıda, Şimali Koreya lideri Kim Jong Unla böyük sammitdə iştirak edirdi.

Dinləmə zamanı demokratlar Cohen-ə onun Trump üçün gördüyü hüquqi və biznes işlərinə dair suallar yağdırırdılarsa da, respublikaçılar onu yalançı adlandırır, Cohen-in dediklərinə inamı sarsıtmağa cəhd göstərirdilər.

Komitədə ən vəzifəli respublikaçı, konqresmen Jim Jordan Cohen-ə deyirdi:

“Siz bundan əvvəl də dönə-dönə yalan danışan adam kimi tanınırsınız”.

Başqa bir respublikaçı, konqresmen Mark Green isə sual verirdi:

“Belə bir şahidin dediklərinə necə inanmaq olar?”

2016-cı ilin prezident seçkisində demokrat namizəd Hillary Clinton-u məğlub etmiş Trump özünün, onun seçki kampaniyasının və yoldaşlarının Moskva ilə hər hansı sövdələşmə qurduqlarını inkar edir. O xüsusi prokuror Robert Mueller-in apardığı təhqiqatı “əcinnə ovu” adlandırır.

Bir vaxtlar Trump-a görə "ölməyə hazır olan" Cohen

Bir vaxtlar “Trump-a görə güllə qabağna getməyə hazır olduğunu” deməklə sədaqətini bildirənCohen sonradan seçki kampaniyasına dair federal qanunları pozduğunu, Trump-la intim münasibətdə olduqlarını iddia edən qadınlara “susmaq haqqı” ödədiyini etiraf edib.

O habelə başqa bir iş üzrə Konqresə yalan dediyini boynuna alıb. O etiraf edib ki, Trump Organization şirkətinin Moskvada göydələnin tikintisinə dair danışıqları əslində seçki kampaniyası ərzində də davam edib.

Əvvəlcədən hazırlanmış ifadəsini oxuyan Cohen deyib ki, Trump Rusiyada heç bir biznes marağının olmadığını desə də, elə seçki kampaniyası dövründə Moskva layihəsi üzrə danışıqlara rəhbərlik edib.

"Moskvada Trump Tower göyədələni layihəsinə gəlincə isə, onun yüzlərlə milyon dollar qiyməti vardı, həm də biz seçkidə qalib gələcəyimizi gözləmirdik...2016-cı ilin yanvarı ilə iyunu arasında o məndən dəfələrlə soruşurdu ki, “Rusiyada işlər necə gedir?”. Yəni Moskva göydələni ilə maraqlanırdı. Qısa desəm, cənab Trump bütün kampaniya dövrü ərzində Moskva danışıqlarının getdiyini bilirdi, bu danışıqlara rəhbərlik edirdi və bu barədə yalan danışırdı”.

Cohen deyib ki, Trump-ın vəkilləri Cohen-in verəcəyi bəyanatın mətnini “yoxlamış və redaktə etmişdilər”. Bu bəyanatda Cohen yalan olaraq Moskvada Trump göydələninin tikintisinə dair danışıqların yanvar ayınadək başa çatdığını demişdi.

Cohen sonradan bildirib ki, bu danışıqlar yanvarda bitməyib və aylarla davam edib.

Bu danışıqlarda Trump ailəsinin başqa üzvlərinin iştirakına dair sualın cavabında Cohen deyib ki, o, Trump-ın qızı Ivankaya, oğlu Donald Trump-a Moskva layihəsi barədə dəfələrlə məruzə edib. O deyib ki, bu sayaq “tam on” məruzə olub.

"Trump haerliklə oğurlanmış email-lərdən xəbərdar idi"

Bundan başqa Trump WikiLeaks saytının Demokratik Milli Komitəyə aid email-ləri internetə buraxacağına dair 2016-cı il iyulun 22-dək, yəni əvvəlcədən heç nə bilmədiyini demişdi. Bu email-lər Clinton və onun Demokratik Partiyadan olan rəqibi, senator Bernie Sanders arasında ixtilaf yaratmalı və xanım Clinton-un seçki şanslarına zərbə vurmalı idi.

Cohen deyib ki, o, 2016-cı ilin iyulunda siyasi müşaviri Roger Stone Trump-a zəng edəndə onun yanında olub.

Cohen-in dediyinə görə Stone Trump-a deyib ki, elə indicə WikiLeaks-in təsisçisi Julian Assange ilə telefonla danışıb və Assange deyib ki, bir neçə günə Clinton kampaniyasına ziyan vuracaq çox sayda elektron məktublar açıqlanacaq.

Cohen bildirib ki, Trump Roger Stone-un Julian Assange-la email-lərin internetə buraxılacağı barədədanışmasından xəbərdar idi:

"Məndən çox adamlar soruşublar ki, cənab Trump hakerliklə oğurlanmış email-lərin açıqlanacağı barədə əvvəlcədən bilibmi? Mən “bəli” cavabını vemişəm”.

Trump Vyetnamda yazdığı tvitdə Cohen-in iddialarını rədd edib:

"Michael Cohen (təəssüf ki) məni təmsil edən çoxsaylı vəkillərdən biridir. Onun başqa müştəriləri də olub…O Trump-a aidiyyəti olmayan pis işlər görüb. O özünün həbsxana müddətini azaltmaq üçün yalan danışır”.

Cohen əvvəlki etiraflarına görə üç il müddətinə azadlıqdan məhrum edilib və may ayından cəzasını çəkməyə başlamalıdır.

Fevralın 26-da verdiyi bəyanatda Ağ Evin sözçüsü Sarah Sanders də Cohen-i yalançı olmaqda ittiham edib. O deyib ki, “kiminsə Cohen kimi məhkum edilmiş yalançının dediklərinə inanması gülünc olardı”.

Peskov dolayısı ilə Trump-a dəstək verir

ABŞ qanunlarına görə Trump-ın onunla intim münasibətlərdə olduqlarını iddia edən qadınlara “susmaq pulu” ödənməsi üçün göstəriş verməsi seçki kampaniyasına töhfə kimi qiymətləndirilə bilər və bunun açıqlanmaması cinayət əməli sayılır.

Cohen-in bu ifadəsi onun bu həftə Konqresdə verəcəyi üç ifadədən yalnız biridir. Qalan iki dinləmə ictimaiyyət üçün qapalı olacaq.

Rusiya və Trump arasında bağlar Konqresin Kəşfiyyat Komitəsində fevralın 28-də keçiriləcək dinləmənin əsas müzakirə mövzusu olacaq. Bu barədə Senatın fevralın 26-da keçirilmiş dinləməsi də qapalı idi.

Moskvada Trump göydələninin tikintisi layihəsi barədə danışan Kreml sözçüsü Peskov da fevralın 27-də Trump-a dolayısı ilə dəstək verib.

O deyib ki, Cohen-in 2016-cı il yanvarın 26-da göndərdiyi email-də Trump-ın bu məsələ ilə maraqlandığına toxunulmayıb:

“Əksinə bu email layihənin irəli getməməsi barədə idi”.

Putinin administrasiyası bundan əvvəl Cohen-dən email aldığını və bu email-də Cohen-in dalana dirənmiş layihənin irəlilədilməsi üçün kömək istədiyini” təsdiq etmişdi. Lakin Kreml bildirirdi ki, bu məsələ Putinlə müzakirə edilməyib və email-ə cavab yazılmayıb.

***

Bundan əvvəl ABŞ Prezidenti Donald Trump Twitter-də yazmışdı ki, keçmiş şəxsi vəkili Michael Cohen “həbs müddətini azaltmaq üçün yalan danışır”.

Trump indiyədək həmin emaillərin yayılmasından qabaqcadan xəbərdar olmadığını deyirdi.

WikiLeaks saytının 2016-cı il iyulun 22-də yazışmaları yayması Hillary Clinton-un tərəfdarları və onun demokratlardan rəqibi Senator Bernie Sanders arasında ədavət yaradıb, onun seçkidə qalib gəlmək şansları zəiflədib.

Cohen-in ifadəsində deyilir ki, o, 2016-cı ilin iyulunda Trump-ın ofisində olarkən ovaxtkı namizəd Trump özünün siyasi müşaviri Roger Stone-dan telefon zəngi alıb. Guya Stone Trump-a deyib ki, təzəlikcə WikiLeaks-in təsisçisi Julian Assange ilə danışıb və Assange ona bir neçə günə Clinton-un kampaniyasına zərbə vuracaq kütləvi emaillər yayılacaq.

Roger Stone
Roger Stone

“Çox adam məndən soruşur ki, cənab Trump-ın demokratların emaillərin yayılacağından xəbəri olubmu. Cavab ‘bəli’dir”, – Cohen deyir.

***

Cohen Trump-ı ittiham etməyə hazırlaşır

ABŞ Prezidenti Donald Trump-ın keçmiş şəxsi vəkili və “düzənləyicisi” sayılan Michael Cohen fevralın 27-də Konqresdə ifadə verəcək. Mediada yayılan məlumatlara görə, o, Trump-ın 2016-cı il prezident seçkisi zamanı rəqibi Hillary Clinton-a zərbə vuracaq elektron yazışmaların yayılacağından öncədən xəbərdar olduğunu deyəcək.

Bir neçə media orqanı ifadənin hazır mətnini əldə edib. Mətnə görə, Cohen Nümayəndələr Palatasındakı komitədə ifadəsi zamanı onu da deyəcək ki, Trump seçki kampaniyası zamanı Moskvada daşınmaz əmlak layihəsi üzrə danışıqlara rəhbərlik edib. Axı, prezident Rusiyada biznes maraqları olmadığını deyirdi.

Cohen Palatanın Nəzarət və İslahat Komitəsində ifadə verməlidir. O, Trump-ı “irqçi”, “fırıldaqçı”, “yalançı” adlandıracaq və prezidentlə bağlı iddialarını əsaslandıracaq sənədlər təqdim edəcək, media yazır.

Donald Trump hazırda Vyetnamdadır
Donald Trump hazırda Vyetnamdadır

Cohen vaxtilə prezidentə sadiq olduğunu, ondan ötrü “güllə qabağına da keçəcəyini” deyirdi. O, seçki kampaniyası zamanı bir sıra maliyyə pozuntularıyla bağlı təqsirini boynuna alıb. Pozuntulara Trump-la əlaqə yaşadığını deyən iki qadına susmaq üçün pul verilməsi də daxildir.

Keçmiş vəkil başqa bir iş üzrə də Konqresə yalan danışdığını etiraf edib. O, Trump-ın təşkilatı ilə rusiyalı developerlərin Moskvada göydələn tikməkdən ötrü daha geniş danışıqlar aparıldığını açıb danışıb.

Fevralın 26-da verdiyi bəyanatında Ağ evin sözçüsü Sarah Sanders Cohen-i bir daha yalançı adlandırıb. Onun sözlərinə görə, “kiminsə Cohen kimi məhkum olunmuş yalançının sözlərinə inanacağı gülməli, ona yalanlarını yaymaq üçün daha bir fürsət veriləcəyini görmək acınacaqlıdır”.

Cohen öncəki etiraflarından sonra aldığı üçillik həbs cəzasını mayda çəkməyə başlayacaq.

Xüsusi prokuror Robert Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisindəki rolu, Prezident Donald Trump-ın seçki kampaniyasının Moskvayla mümkün əlbirliyi, Trump-ın sözügedən təhqiqatı əngəlləməyə çalışması iddialarını araşdıraraq xüsusi hesabat hazırlayır.

Trump və Rusiya iddiaları təkzib edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG